EN

Azərbaycan və Gürcüstan münasibətləri: sabitlik, inkişaf və ortaq gələcək

Azərbaycan Respublikasının strateji tərəfdaşları və əməkdaşlıq etdiyi ölkələr arasında əsrlər boyu qonşuluq münasibətlərinə malik olduğumuz, dostluq və qardaşlıq prinsipləri əsasında sıx əlaqələr qurduğumuz Gürcüstan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və gürcü xalqları arasında formalaşmış dostluq münasibətlərinin kökləri qədim dövrlərə dayanır və bu ənənə öz səmimiyyətini qoruyaraq və  strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək davam etməkdədir.

 Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlıq bütün sferalarda, o cümlədən təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. 

Bununla belə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət etməklə yanaşı, qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında mühüm rol oynamaqdadır. Məlum olduğu kimi, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi əhəmiyyətli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir və dövlətlərimiz BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqlarını hər zaman dəstəkləyir.

İkitərəfli  münasibətlərin inkişafında ali səviyyədə qarşılıqlı səfərlər mühüm rol oynayır.

Prezident  İlham Əliyev cari ilin 6 aprel tarixində Gürcüstana dövlət səfəri etdi. Səfər çərçivəsində dövlət başçımız Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə isə təkbətək və geniş tərkibdə olmaqla görüşlər keçirdi.

Daha sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatla çıxış etdilər.

Dövlət başçımızın mətbuata verdiyi bəyanat, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi.

Cənab Prezidentin çıxışında vurğulanan əsas məqamlardan biri Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləridir. Bu tarixi irs bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Müasir dövrdə bu münasibətlər artıq sadəcə mehriban qonşuluq çərçivəsini aşaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu model region üçün nümunəvi əməkdaşlıq formatıdır.

Gürcüstanda mövcud olan müsbət sərmayə iqlimindən bəhs edən dövlət başçımız, məhz buna görə Azərbaycan investorlarının  bu ölkəyə böyük maraq göstərdiyini vurğuladı.

Cənab Prezident ötən il dövlətlərimiz arasındakı ticarət dövriyyəsinin 800 milyon dollardan çox olduğunu və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksək olduğunu bəyan etdi. Ticarət dövriyyəsinin artım tempi və yeni investisiya layihələri ilə bağlı müzakirələr göstərir ki, tərəflər yalnız mövcud əməkdaşlıqla kifayətlənmir, həm də gələcəkdə üçüncü ölkələrdə birgə iqtisadi fəaliyyət imkanlarını nəzərdən keçirirlər.Bu isə əməkdaşlığın coğrafiyasının genişlənməsinə işarədir.

Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi dövlətlərimizin siyasi həmrəyliyinin əsas göstəricilərindəndir. Bu qarşılıqlı dəstək modeli regional təhlükəsizlik sisteminin mühüm elementlərindəndir və dövlətlərimizin beynəlxalq münasibətlərdə koordinasiyalı fəaliyyətini gücləndirir.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də Cənubi Qafqazda formalaşan yeni vəziyyətlə bağlıdır. Dövlət başçımız regionun münaqişə zonasından əməkdaşlıq məkanına transformasiyası istiqamətində atılan addımların əhəmiyyətini vurğuladı.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iqtisadi əməkdaşlıq, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi sülhün möhkəmləndirilməsi üçün praktiki alət kimi qiymətləndirilir. Gürcüstanın bu prosesdə oynadığı rol regional inteqrasiyanın real mexanizmlərlə dəstəkləndiyini göstərir.

Azərbaycan və Gürcüstan əməkdaşlığının ən mühüm istiqamətlərindən biri də enerji və nəqliyyat sahəsidir. Xəzər dənizi hövzəsindən çıxarılan enerji resurslarının dünya bazarlarına çatdırılmasında Gürcüstanın tranzit rolu əvəzsizdir. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.

Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi Avrasiya məkanında yeni logistik xəritənin formalaşmasına xidmət edir. Bu layihələr Azərbaycan və Gürcüstanı qlobal enerji və nəqliyyat şəbəkələrinin əsas qovşaqlarından birinə çevirir.

Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuat bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız mövcud uğurlarla məhdudlaşmır, həm də gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. İkitərəfli əməkdaşlığın geniş gündəliyi, yeni təşəbbüslər və regional proseslərdə fəal iştirak bu tərəfdaşlığın davamlı və çoxşaxəli inkişafını təmin edir.

Bu model qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında qurulmuş uğurlu regional əməkdaşlıq nümunəsi kimi Cənubi Qafqazda sabitlik və inkişafın əsas dayaqlarından biri olaraq qalmaqdadır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

Chosen
8
ikisahil.az

1Sources