Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Bir neçə gündür müşahidə olunan intensiv yağışlar nəticəsində Şabran rayonunun qaz təchizatında problem yaranıb. Həmçinin yağış və sel suları rayon infrastrukturuna ziyan vurub, rayonda yerləşən hotellərə gedən yolları sıradan çıxarıb.
Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər. Onların bildirdiyinə görə, rayon mərkəzindən keçən Dəvəçiçayın daşması nəticəsində bir sıra ev və obyektlərə ziyan dəyib. Evini sel aparan sakinlər təhlükəsiz yerlərə təxliyə olunsalar da, hələ də selin yaratdığı fəsadlar qalmaqdadır.
Problemlə bağlı Şabran Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ərazidə texnika və canlı qüvvə çalışır, yaranmış problemlər aradan qaldırılır: “27-28 mart və 4-5 aprel tarixlərində Şabran rayonuna yağan intensiv yağışlar nəticəsində rayon ərazisində bir çox fərdi yaşayış evlərinə, infrastruktura ciddi ziyan dəyib. Şabran rayonu ərazisində qaz xətlərində yaranmış qəzaların qarşısının alınması istiqamətində işlər sürətlə davam etdirilir. Belə ki, ötən gün saat 15:00-dan etibarən Şabran şəhərinə təbii qazın verilməsi təmin olunub, kəndlərdə də bu istiqamətdə işlər davam etdirilir.
Rayonun Çölquşçu inzibati ərazi dairəsinə daxil olan kəndlərdə su basmış evlər Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sulardan təmizlənir. Şabran-Əmirxanlı-Qalaaltı avtomobil yolu sel suları nəticəsində tamamilə yararsız hala düşdüyü üçün sakinlərin gediş-gəlişini təmin etmək məqsədilə hazırda alternativ yolda təmir-bərpa işləri aparılır. Şabran-Düz Bilici-Pirəbədil avtomobil yolunun üzərində salınmış körpülər və yol tamamilə dağıldığı üçün Şabran-Dağ Bilici-Zeyvə avtomobil yolundan istifadə etmələri sakinlərə tövsiyə olunub”.
Şabran RİH-dən həmçinin bildirilib ki, Rayon Fövqəladə Hallar Komissiyası rayon ərazisində əhaliyə və infrastruktura dəymiş ziyanın ölçülməsi ilə bağlı intensiv işlər aparır.
Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.