EN

Rusiyanın İranakiberdəstək verdiyi ortaya çıxdı - Rubio "əhəmiyyətsiz" adlandırdı



Rusiya ABŞ və İsrailin İranla müharibəsində Tehrana gizli dəstək göstərib, ona peyk görüntüləri verib, kiberəməliyyatlarda kömək edib.

"Reuters" bunu Ukrayna kəşfiyyat məlumatına istinadla yazır.

Agentlik qeyd edir ki, Rusiya peykləri martın sonlarında Yaxın Şərqdə 11 ölkə üzrə azı 24 müşahidə aparıb, ABŞ hərbi bazaları, hava limanları və neft yataqları daxil, 46 obyektin xəritəsini çəkib. Bu müşahidələrdən bir neçə gün sonra İranın raket və dron hücumları gerçəkləşdirdiyi bildirilir. Qərbdən hərbi mənbələr "Reuters"ə bildiriblər ki, onlar da Rusiyanın peyk fəaliyyətinin artdığını, kəşfiyyat məlumatlarının paylaşılmasını müşahidə ediblər. Rusiya peyklərinin Hörmüz boğazında da aktiv müşahidə apardığı bildirilir. Dünyada neft və mayeləşdirilmiş qazın 1/5-i bu boğazdan keçir və müharibə başlayandan İran onu faktiki bağlayıb. Ukraynanın kəşfiyyat dəyərləndirməsində iddia olunur ki, Moskva və Tehran məlumat mübadiləsi üçün daimi kommunikasiya kanalı saxlayır, Tehranda fəaliyyət göstərən rusiyalı hərbi kəşfiyyatçıların da bunda iştirakı mümkündür.

Sənəddə kiberəməkdaşlığın da gücləndiyi qeyd olunur, Rusiya və İran haker qrupları regional infrastruktura hücumları koordinasiya edir. Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan Rusiya ilə İran arasında hərbi əlaqələr dərinləşib. Bu əməkdaşlığa dronlar, kəşfiyyat məlumatlarının paylaşılması daxildir. ABŞ rəsmisinin dediyinə görə, heç bir xarici dəstək ABŞ-nin əməliyyat uğuruna təsir göstərə bilməz. "Reuters" yazır ki, ötən ay G7 toplantısında Avropa liderləri ABŞ dövlət katibi Marko Rubioya bu məsələ ilə bağlı təzyiq göstərib. İki diplomatın dediyinə görə, Rubio ittihamlara cavab verməyib. Amma o, açıq bəyanatlarında Rusiyanın İrana yardımını "əhəmiyyətsiz" adlandırıb.

Tahir TAĞIYEV

Chosen
5
baki-xeber.com

1Sources