ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasında çalışan vətəndaşlarını ölkəsinə təxliyə edib. Bu addım bölgədə təhlükəsizlik risklərinin artdığını göstərir. Bəs bu təxliyə ABŞ/İsrailin Buşehr Atom Elektrik Stansiyasına yenidən zərbə endirilməsi ehtimalının artdığının göstəricisidirmi?
Digər tərəfdən, belə bir obyektin hədəfə alınması halında radiasiya sızması riski nə qədər realdır və bunun region üçün mümkün nəticələri nələr ola bilər?
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən hərbi ekspert Səxavət Məmməd bildirdi ki, ABŞ/İsrail-İran müharibəsi başlayandan Rusiya tərəfi bir neçə dəfə xəbərdarlıq etdi ki, oradakı, xüsusən Buşehrdəki atom elektrik stansiyasına zərbələr endirilməsin:
"Çünki orada rusiyalı mütəxəssislər var, çoxlu sayda mütəxəssis işləyir. Amma məlum oldu ki, Amerika və İsrail tərəfi Buşehrdəki Atom Elektrik Stansiyasına zərbələr endirdi. Rusiya tərəfi məcbur oldu ki, artıq oradan alimlərinin bir hissəsini çıxartsın, lakin orada hələ də əməkdaşlarının qalması ilə bağlı məlumat var idi. Rusiya tərəfi ümumilikdə digər əməkdaşlarını da oradan çıxarır. Çünki həmin əməkdaşları yetişdirmək, ümumiyyətlə atom sahəsində mütəxəssis formalaşdırmaq o qədər də asan məsələ deyil. Ona görə də, birincisi, Rusiya onların təhlükəsizliyini təmin etməlidir. İkinci məsələ ondan ibarətdir ki, müharibə kontroldan çıxıb, yəni elə bir həddə çatıb ki, hər an istənilən obyekt vurula bilər. Amerika tərəfi istədiyinə nail olmadıqca aqressiyasını daha da artırır və bu aqressiya artdıqca müxtəlif istiqamətlərə yönəlir. Artıq Donald Tramp da qeyd edir ki, körpülərdən tutmuş elektrik stansiyalarına qədər bütün infrastruktura zərbələr endirilə bilər. Bu səbəbdən indiki mərhələdə hesab edirəm ki, Rusiya tərəfi öz mütəxəssislərini qorumaq üçün onları oradan təxliyə edir. Hesab edirəm ki, müharibə daha da şiddətlənəcək və vəziyyət ağırlaşacaq. Buşəhrlə yanaşı digər atom elektrik stansiyalarının da vurulma ehtimalı son dərəcə yüksəkdir".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.