EN

Yollarda çökmənin əsas səbəbi açıqlandı: iqlimə uyğun qurulmayıb

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlər paytaxt və ətraf ərazilərdə magistral yollarda çökmə halları ilə bağlı narahatlıqlar artmaqda davam edir. Masazır yolu, “28 May” metrostansiyasının çıxışı, eləcə də Bibiheybət istiqamətində qeydə alınan bu cür hallar yol infrastrukturunun dayanıqlılığı məsələsini yenidən gündəmə gətirir. Qeyd olunan istiqamətlər üzrə müəyyən maliyyə vəsaiti ayrılmasına baxmayaraq, problemlərin davamlı xarakter almaqla çoxalması, sakinlər və sürücülər arasında müəyyən narazılıqlara səbəb olur. Eyni vəziyyətin Ələt istiqamətində də müşahidə olunması mövcud problemlərin sistemli xarakter daşıdığını göstərir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, burada bir neçə məsələ - ilk növbədə iqlim dəyişikliyi amili mütləq nəzərə alınmalıdır. 

"Bakıda intensiv yağıntıların sayı artıb və bu hal yalnız paytaxtla məhdudlaşmır, ümumilikdə iqlim dəyişiklikləri Azərbaycanın fərqli bölgələrinə təsir göstərir. Bir tərəfdən güclü yağışlar, digər tərəfdən isə quraqlıq, torpaq sürüşməsi kimi hallar müşahidə olunur. Bu baxımdan yeni layihələndirilən yolların tikintisində iqlim dəyişikliyi ayrıca bənd kimi nəzərə alınmalı, mövcud infrastrukturla bağlı isə qabaqlayıcı tədbirlər görülməlidir.

Bakıda sürüşmə halları ilə bağlı vəziyyət də diqqət tələb edir. Müəyyən ərazilərdə, xüsusilə Bibiheybət və Bayıl istiqamətində illərdir sürüşmə halları qeydə alınıb. 2000-ci illərin əvvəllərində Bayıl ərazisində baş verən iri sürüşmələrdən sonra, sonrakı dövrlərdə Bibiheybət enişində də  oxşar proseslər müşahidə olunmaqla, müəyyən bərkitmə işləri aparılıb. Bununla belə, sürüşmələrin səbəbləri daha dərindən araşdırılmalı, xüsusilə yeraltı suların hərəkəti mütəmadi monitorinq edilməlidir".

Ekspertin fikrincə, digər ciddi məsələ yağış sularının idarə olunması sistemiylə bağlıdır:

"Bakıda yol şəbəkəsi geniş olsa da, yağış sularını effektiv şəkildə idarə edən sistem məhduddur. Mövcud kanalizasiya şəbəkəsi əsasən ötən əsrin 60-cı illərində qurulub və bu müddət ərzində lazımi səviyyədə genişləndirilməyib. Bir çox ərazilərdə yağış suları məişət kanalizasiya sisteminə qoşulur ki, bu da intensiv yağıntılar zamanı ciddi problemlər yaradır. Əgər sistem adi yağışları belə çətinliklə idarə edirdisə, normadan artıq yağıntılar zamanı daha ağır fəsadlara yol aça bilir.

Problemin həlli istiqamətində dövlət proqramı çərçivəsində müəyyən addımlar atılır. Ötən ildən etibarən yeni kollektorların tikintisinə başlanılıb. Planlara əsasən, bəzi ilkin layihələrin gələn ilin sonuna, digərlərinin isə 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur. Ümumi proqram isə 2035-ci ilədək planlaşdırılıb, ilkin nəticələri isə 2028-2030-cu illərdə görə biləcəyik". 

R.Ağamirzəyev onu da əlavə edib ki, yollarda yığılan su da infrastruktur üçün əsas risk faktorlarından biridir:

"Bu, yol örtüyünün sıradan çıxmasına səbəb olan əsas amillərdəndir. Məsələn, Bakı-Ələt və Hacıqabul istiqamətində yerləşən M2 magistralının bəzi hissələrində yolun istismar müddəti artıq başa çatıb. Birinci dərəcəli yollar üçün əsaslı təmir müddəti təxminən 16-17 il hesab olunur və bu müddət artıq bəzi istiqamətlərdə yetişib. Həmin istiqamətlərdə müəyyən işlər aparılsa da, bəzi hissələrdə əsaslı təmir hələ həyata keçirilməyib. Halbuki Lökbatandan Ələtə qədərki sahə ölkədə ən çox yüklənən yol sahələrindən biridir və alternativ marşrut yoxdur.

Son illərdə yol tikintisinin keyfiyyətində müəyyən irəliləyişlər müşahidə olunur. Xüsusilə, yük nəqliyyatına nəzarət məqsədilə elektron tərəzilərin quraşdırılması müsbət addımdır. Bununla yanaşı, mövcud yolların istismarı dövründə mütəmadi və vaxtında təmir işlərinə daha çox diqqət ayrılmalıdır".

Ekspert həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işi də gücləndirilməlidir:

"Aidiyyəti qurumlar tərəfindən riskli ərazilər - torpaq sürüşməsi zonaları, su basma ehtimalı olan sahələr xəritələşdirilərək ictimaiyyətə açıq təqdim olunmalıdır. İllər ərzində hansı ərazilərdə və hansı səviyyədə su basma hallarının baş verdiyi barədə məlumatlar əlçatan olmalıdır ki, insanlar da özləri də qabaqlayıcı tədbirlər görə bilsinlər.

Ümumilikdə, son gördüyümüz mənzərə yekun qərarı vermək üçün əsas deyil. Bu vəziyyətə gətirib çıxaran səbəblər kompleks şəkildə araşdırılmalı və həll edilməlidir. Hər hansı bir ərazidə yolun çökməsi və ya digər problemlərin yaranması ayrı-ayrılıqda deyil, sistemli kompleks yanaşma ilə aradan qaldırılmalıdır. Layihələrin icrası zamanı maraqlı tərəflər prosesə cəlb olunmalı, əlaqələndirmə gücləndirilməli, xüsusilə yol tikintisi zamanı yeraltı kommunikasiya xətlərinə cavabdeh qurumlarla sıx əməkdaşlıq təmin olunmalıdır. Bu, həm sənədləşmə, həm də yerində koordinasiya baxımından vacibdir. İstənilən inşası aparılan qurğuda iqlim dəyişikliyi nəzərə alınmalı, köhnə ötən əsrin 80-ci illərinin ənənəvi standartı ilə deyil də, iqlim dəyişikliyi nəzərə alınmaqla, tam fərqli dataya əsasən növbəti mərhələlərdə işlər aparılmalıdır", - deyə o fikrini tamamlayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
modern.az

1Sources