EN

İcra, bələdiyyə, tikintiyə nəzarət, kommunal xidmət tikintiyə göz yumubsa: Kimdir günahkar?

Paytaxtın bir çox ərazisində magistral içməli su və tullantı xətlərinin mühafizə zolaqlarında inşa edilən qanunsuz tikililər ciddi təhlükə mənbəyinə çevrilib. 

Son 10 ilin statistikasına görə, Bakı və Abşeronda ümumilikdə 3000-ə yaxın ev birbaşa su kollektorlarının üzərində inşa edilib. Bu tikililər həm xətlərin istismar müddətini qısaldır, həm də ağır tonnajlı konstruksiyaların təzyiqi nəticəsində qəzalara yol açır. 

Ən pisi isə odur ki, qanunsuz evlər sıradan çıxan kollektorların təmir və bərpa edilməsini qeyri-mümkün hala gətirib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, hazırda yararsız vəziyyətə düşən tullantı su kollektorlarının yerinin dəyişdirilməsi prosesinə başlanılıb. 

Bu çərçivədə Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrini əhatə edən ərazilərdə yeni magistral xətlər quraşdırılır. Qeyd edək ki, kollektorların üzərindəki qanunsuz tikinti artıq real fəsadlarını göstərməkdədir. 

2025-ci il dekabrın 16-da Tomris küçəsində kollektorun sıradan çıxması nəticəsində fərdi yaşayış evinin bünövrəsi çökmüşdü. Oxşar təhlükə Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında da qeydə alınıb. Burada diametri 1200 mm olan nəhəng kollektorun üzərində tikilmiş iki mərtəbəli evin sökülməsi barədə qərar qəbul edilib. 

Bildirilir ki, bu tikili Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasına ciddi maneə yaradaraq ərazini subasma təhlükəsi ilə üz-üzə qoyub. Mütəxəssislər xəbərdarlıq edir ki, magistral su xətlərinin üzərində ev tikmək həm sakinlər, həm də şəhər infrastrukturu üçün hər an baş verə biləcək qəza deməkdir. 

Ümumiyyətlə, əgər vətəndaş məlumatı olmadan su kollektorunun üzərində ev tikirsə, həmin ev söküldükdə ona kompensasiya verilməlidirmi və həmin evin tikintisində ancaq sakinlərmi məsuliyyət daşıyır? 

Məsələ ilə bağlı vəkil, Azərbaycan İstehlakçılar Şurasının sədri Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki, qanunvericilik baxımından magistral içməli su və tullantı xətlərinin, o cümlədən kollektorların mühafizə zolaqlarında inşa edilmiş yaşayış evləri “sadəcə sənədsiz tikili” deyil, ictimai təhlükəsizlik üçün risk yaradan özbaşına tikili kimi qiymətləndirilməlidir: 

“Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti üçün ayrılmamış torpaq sahəsində, zəruri icazələr alınmadan və ya norma və qaydalar ciddi pozulmaqla yaradılmış tikiliyə, bir qayda olaraq, mülkiyyət hüququ yaranmır. 

Üstəlik həmin tikili başqalarının hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya insanların həyatı və sağlamlığı üçün təhlükə törədirsə, ona sonradan məhkəmə qaydasında da hüquqi status verilməsi istisna olunur. 

Bu mənada “vətəndaş bilmədən tikib” arqumenti hüquqi məsuliyyəti aradan qaldırmır, çünki hüququn ümumi prinsipi ondan ibarətdir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Daha dəqiq desək, şəxsin subyektiv məlumatsızlığı, obyektiv olaraq qadağan edilmiş və təhlükəli zonada aparılmış tikintini hüquqauyğun tikinti rejiminə çevirmir. 

Eyni yanaşma Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazə və “Su təchizatı və tullantı suları haqqında” Qanunun mühafizə-sanitar rejimindən də irəli gəlir. Belə zonalarda üstün hüquqi dəyər fərdi istifadə marağı deyil, mühəndis-kommunikasiya infrastrukturunun təhlükəsizliyi, sanitariya sabitliyi və ümumi ictimai maraqdır. 

Buna görə, su kollektorunun üzərində tikilmiş ev söküldükdə kompensasiya məsələsi mülkiyyətin adi qaydada məcburi alınması kimi deyil, özbaşına və təhlükəli tikilinin hüquqi nəticələrinin aradan qaldırılması kontekstində qiymətləndirilməlidir və bu səbəbdən kompensasiya hüququ avtomatik, qeyd-şərtsiz və mütləq xarakter daşımır, amma dövlət bu cür kompensasiya da ödəyə bilər”. 

Vəkilin sözlərinə görə, bununla yanaşı, vətəndaşın hüquqi mövqeyinin zəif olması dövlət orqanlarının məsuliyyətini tam istisna etmir: 

“Əgər aidiyyəti icra, bələdiyyə, tikintiyə nəzarət və kommunal təsərrüfat subyektləri uzun illər ərzində açıq görünən qanunsuz tikintiyə faktiki olaraq müdaxilə etməmiş, tikintinin qarşısını almamış, həmin obyektə su, qaz, işıq və digər kommunal xidmətlərin qoşulmasına şərait yaratmış, yaxud faktiki istifadəni davamlı qaydada qəbul etmişlərsə, bu hal tikilinin hüquqi cəhətdən “qanuniləşdiyi” mənasına gəlməsə də, dövlətin passiv inzibati davranışı və ya nəzarət vəzifəsinin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilə bilər. Hüquqi baxımdan dövlətin susması və illərlə faktiki dözümlülük göstərməsi normativ icazəni əvəz etmir; yəni “susmaqla razılıq” burada mülkiyyət hüququ yaradan hüquqi fakt deyil. 

Çünki daşınmaz əmlak üzərində hüquqlar qanunla müəyyən olunmuş əsaslarla yaranır və dövlət qeydiyyatı rejimi ilə təsbit olunur, kommunal xidmətə qoşulma, ünvan verilməsi, vergi və ya abonent ödənişlərinin qəbul edilməsi öz-özlüyündə nə tikintiyə icazəni, nə də tam hüquqlu əşya hüququnu əvəz edir”. 

R. Qaraşovun fikrincə, eyni faktlar başqa bir hüquqi nəticə doğura bilər: 

“Əgər vətəndaş dövlətin uzunmüddətli davranışı nəticəsində həmin tikilinin gələcəkdə rəsmiləşdirilə bilən obyekt olduğuna əsaslı inam formalaşdırıbsa, sonra isə qəfil söküntü ilə üzləşibsə, bu halda dövlət orqanlarının hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsi, yaxud köçürülmə və sosial dəstək tədbirlərinin irəli sürülməsi üçün ayrıca hüquqi mübahisə yaranması mümkündür. 

Başqa sözlə, dövlətin illərlə göz yumması tikilini leqallaşdırmır, amma dövlətin özünün də inzibati məsuliyyət, delikt məsuliyyəti və legitim gözlənti müstəvisində tam kənarda qalmasına imkan vermir. 

Müqayisəli və beynəlxalq hüquqi təcrübə də eyni nəticəyə aparır: qanunsuz və ya qeyri-formal tikili üzərində klassik mülkiyyət kompensasiyası həmişə tanınmasa da, söküntü və çıxarma tədbiri qanunilik, legitim məqsəd, zərurət və proporsionallıq testindən keçməlidir. 

Avropa İnsan Hüquqları Məhkəməsi “Yordanova and Others v. Bulgaria” və “Ivanova and Cherkezov v. Bulgaria” işlərində göstərib ki, hətta qanunsuz tikili və ya hüquqi əsası zəif olan yaşayış sahəsi üzrə fərdiləşdirilmiş qiymətləndirməyə üstünlük verməlidir. 

Xüsusən orada uzunmüddətli dözümlülük, ailə və yaşayış mərkəzi kimi istifadə, alternativ tədbirlərin mövcudluğu və müdaxilənin şəxslərə təsirinin ağırlığı nəzərə alınmalıdır. Azərbaycanla bağlı “Ahmadova v. Azerbaijan” və “Alif Ahmadov and Others v. Azerbaijan” işlərində də məhkəmə yaşayış yerindən çıxarma zamanı yetərli məhkəmə nəzarətinin və proporsionallıq təhlilinin vacibliyini vurğulayıb. 

Bu baxımdan, mənim hüquqi qənaətim belədir ki, su kollektorunun üzərində tikilmiş evin sökülməsi halında vətəndaşın kompensasiya hüququ birbaşa və avtomatik qaydada yaranmır. Çünki belə tikili adətən hüquqi müdafiənin tam həcmini qazanmır. 

Lakin dövlət orqanlarının uzunmüddətli susqunluğu, faktiki dözümlülüyü, kommunikasiyaların qoşulması, ünvanlaşdırma və digər inzibati davranışları varsa, həmin şəxs ən azı fərdi proporsionallıq qiymətləndirilməsi, köçürülmə üçün münasib müddət, sosial təminat, yerdəyişmə dəstəyi və zəruri hallarda dövlətin hərəkətsizliyi nəticəsində vurulmuş zərərin ödənilməsi barədə iddia irəli sürə bilər. 

Deməli, burada düzgün hüquqi formula budur. Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir, dövlətin susması tikilini qanuniləşdirmir, lakin dövlətin uzunmüddətli dözümlülüyü və faktiki legitimləşdirici davranışı kompensasiya yox, ən azı prosedural ədalət, sosial müdafiə və mümkün zərər əvəzi ilə bağlı əlavə hüquqi öhdəliklər yarada bilər”. 

Chosen
18
1
cebheinfo.az

2Sources