EN

Professor: Cənubi Qafqaz Avrasiyanın ən gərgin nöqtəsindən ən perspektivli əməkdaşlıq mərkəzinə çevrilə bilər

Bakı, 7 aprel, AZƏRTAC

Cənubi Qafqazda formalaşan yeni mərhələ tarixi baxımdan son dərəcə həssas, eyni zamanda, ümidverici bir mərhələdir. Uzun illər qarşıdurma, işğal, geosiyasi rəqabət və xarici müdaxilə xətti üzərində oxunan region hazırda tamamilə başqa bir siyasi məntiqin astanasındadır. Bu gün əsas məsələ yaranmış fürsətin siyasi bəyanatlar səviyyəsində qalmasına imkan verməmək, onu konkret mexanizmlər, hüquqi çərçivələr, iqtisadi layihələr və institusional əməkdaşlıq formatları ilə möhkəmləndirməkdir. Əgər region dövlətləri bu imkanı strateji uzaqgörənliklə dəyərləndirə bilsələr, Cənubi Qafqaz Avrasiyanın ən gərgin xəttindən ən perspektivli əməkdaşlıq mərkəzlərindən birinə çevrilə bilər.

Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar AZƏRTAC-a açıqlamasında bildirib.

A.Attar qeyd edib ki, ilk növbədə, sülh gündəliyi tam aydın və geri dönüşsüz siyasi iradə ilə müşayiət olunmalıdır. Regionda davamlı əməkdaşlıq üçün dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını açıq və birmənalı şəkildə qəbul etməsi əsas şərtdir.

“Burada ikili oyunlara, revizionist çağırışlara, revanşist ritorikaya və gələcək üçün təhlükəli siyasi illüziyalara yer qalmamalıdır. Sülhün ən böyük düşməni qeyri-müəyyənlikdir, əməkdaşlığın ən güclü dayağı isə hüquqi aydınlıq və siyasi məsuliyyətdir. İkinci mühüm istiqamət kommunikasiya xətlərinin açılması və regiondaxili bağlantıların genişləndirilməsidir. Nəqliyyat dəhlizləri, enerji marşrutları, logistika platformaları, rəqəmsal bağlantılar və ticarət mexanizmləri region dövlətlərini bir-birinə bağlayan real maraq sahələri yaradır. Tarix göstərir ki, iqtisadi qarşılıqlı asılılıq artdıqca münaqişə ehtimalı zəifləyir, sabitlik marağı isə güclənir. Bu səbəbdən Cənubi Qafqazda avtomobil yollarının, dəmir yollarının, enerji xətlərinin və tranzit imkanlarının inkişafı sülh memarlığının mühüm sütunu kimi dəyərləndirilməlidir.

Üçüncü istiqamət regional əməkdaşlıq platformalarının yaradılmasıdır. Cənubi Qafqazın gələcəyi məhz region ölkələrinin öz siyasi iradəsi və ortaq məsuliyyəti əsasında qurulmalıdır. Region dövlətləri mütəmadi siyasi dialoq mexanizmləri, təhlükəsizlik üzrə məsləhətləşmə formatları, iqtisadi əməkdaşlıq şuraları və humanitar platformalar yaratmalıdırlar. Əks halda, hər boşluq xarici güclərin rəqabət meydanına çevriləcək. Regionun taleyini ən yaxşı yenə region xalqları və dövlətləri müəyyən edə bilər. Dördüncü vacib məsələ humanitar etimadın bərpasıdır. Siyasi sənədlər və iqtisadi razılaşmalar mühüm amildir, ancaq uzunmüddətli sabitlik üçün cəmiyyətlər arasında düşmənçiliyin dərin qatlarının yumşaldılması da zəruridir. Təhsil, akademik dialoq, media məsuliyyəti, mədəni təmaslar və gənclər arasında qarşılıqlı ünsiyyət gələcəyin sülh kapitalını formalaşdırır. Burada xüsusilə nifrət dilindən uzaq dayanmaq, tarixi manipulyasiya alətinə çevirməmək, informasiya məkanını təxribat platformasından çıxarıb rasional düşüncə müstəvisinə daşımaq vacibdir”, – deyə o bildirib.

Professor vurğulayıb ki, bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan artıq bölgədə yeni geosiyasi reallığın müəllifi və əsas iqtisadi dayaqlarından biri kimi çıxış edir. Rəsmi Bakının irəli sürdüyü sülh, kommunikasiya, qarşılıqlı fayda və regional inteqrasiya yanaşması, əslində, Cənubi Qafqaz üçün praktik yol xəritəsidir. Bu yanaşmanın üstün cəhəti ondan ibarətdir ki, burada real dövlət maraqları, sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf məntiqi ön plandadır.

Sonda professor bildirib ki, nəticə etibarilə, Cənubi Qafqazın dayanıqlı əməkdaşlıq məkanına çevrilməsi üçün dörd əsas xətt üzrə sistemli addımlar atılmalıdır. Bunlar hüquqi-siyasi sülhün təsbiti, iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşdirilməsi, regional platformaların institusionallaşdırılması və humanitar etimad mühitinin qurulmasıdır. Fürsət artıq mövcuddur. İndi əsas məsələ bu fürsəti böyük dövlət məsuliyyəti, siyasi yetkinlik və strateji baxışla real nəticəyə çevirməkdir. Əgər bu baş tutarsa, Cənubi Qafqaz gələcək onilliklərdə qarşıdurma xəritəsindən çıxaraq əməkdaşlıq, təhlükəsizlik və inkişaf modeli kimi təqdim olunan nadir regionlardan birinə çevriləcək.

Müxbir- Səbinə Əlizadə

Chosen
32
1
azertag.az

2Sources