EN

Orta Dəhliz: “Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas sütundur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Azərbaycan və Gürcüstan üçün strateji əhəmiyyətə malik əsas nəqliyyat arteriyasıdır”.

Bu sözləri iqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a şərhində Orta Dəhlizin Azərbaycan-Gürcüstan münasibətlərində, xüsusilə Azərbaycan və Gürcüstanən iqtisadiyyatında əsas rolu barədə fikirlərini bölüşərkən bildirib. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri zamanı qonşu ölkənin yüksək rəsmiləri ilə görüşündə Orta Dəhlizin əhəmiyyətindən danışıb. Dövlət başçısı bəyan edib ki, həm Azərbaycan, həm də Gürcüstan regional nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində mühüm işlər aparır.

Ekspertin sözlərinə görə, Orta Dəhliz Şərq-Qərb istiqamətində, xüsusilə Çin ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsində alternativ və getdikcə daha çox üstünlük verilən marşrut kimi çıxış edir:

“Bu marşrutun əsas hissəsinin Azərbaycan və Gürcüstan ərazisindən keçməsi hər iki ölkənin qlobal ticarət zəncirində rolunu əhəmiyyətli dərəcədə artırır. 

Son illər ərzində həyata keçirilən iri infrastruktur layihələri, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu və regionun müasir liman infrastrukturu Orta Dəhlizin ötürücülük qabiliyyətini xeyli genişləndirmişdir.

Bu isə tranzit yüklərin həcminin artmasına, logistika xidmətlərinin inkişafına və əlavə iqtisadi dəyərin formalaşmasına şərait yaradır. Orta Dəhlizin inkişafı hər iki ölkənin iqtisadiyyatına çoxşaxəli təsir göstərir. 

Azərbaycan üçün bu, qeyri-neft sektorunun genişlənməsi, ölkənin beynəlxalq logistika mərkəzinə çevrilməsi və yeni investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Gürcüstan üçün isə tranzit gəlirlərinin artması, liman və dəmir yolu infrastrukturu üzərindən əldə olunan iqtisadi faydaların genişlənməsi ilə müşayiət olunur”.

O bildirib ki, Orta Dəhlizin regionda geosiyasi əhəmiyyəti artmaqdadır:

“Sözügedən marşrut alternativ nəqliyyat xətti kimi çıxış edərək qlobal ticarətdə etibarlı və təhlükəsiz daşımaların təmin olunmasına xidmət edir. Bu isə Azərbaycan və Gürcüstanın beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyətini daha da yüksəldir.

Qeyd edim ki, Orta Dəhliz Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas sütunlarından biri olmaqla yanaşı, hər iki ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında mühüm yer tutur.

Bu istiqamətdə əlavə səylərin göstərilməsi regionun nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək və hər iki ölkənin qlobal iqtisadi sistemdə mövqeyini gücləndirəcəkdir”.

Chosen
15
cebheinfo.az

1Sources