EN

Cənubi Koreya xam neft tədarükü üçün yeni mənbələr axtarır

Pekin, 7 aprel, AZƏRTAC

Cənubi Koreya Prezident Li Ce Myunun aparat rəhbəri Kanq Hun Şik yeni xam neft tədarükü mənblərini tapmaq üçün ölkənin enerji şirkətlərinin nümayəndələri ilə birlikdə Qazaxıstan, Oman və Səudiyyə Ərəbistanına səfər edəcək.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, səfər hökumətin Yaxın Şərqdəki hərbi toqquşmalar səbəbindən Hörmüz boğazından gəmilərin keçidinin faktiki olaraq bağlanması fonunda xam neftin təhlükəsizliyini təmin etməyə çalışdığı bir vaxta təsadüf edir.

Kanq Hun Şik jurnalistlərə bildirib ki, hökumətin ən təcili prioriteti zəruri məhsulların sabit təchizatını təmin etməkdir. O, Cənubi Koreyanın Yaxın Şərqdən idxal edilən neft və neft-kimya sahəsində geniş istifadə olunan əsas xammal kimi nafta təchizatından çox asılı qaldığını qeyd edib.

Prezidentin köməkçisi, həmçinin Yaxın Şərq böhranı tam həll olunana qədər alternativ mənbələrin təmin edilməsinin vacibliyini vurğulayaraq, Yaxın Şərq ölkələri ilə yüksəksəviyyəli məsləhətləşmələrin real nəticələrə gətirib çıxarmasının təmin olunması üçün şirkətlərlə sıx əməkdaşlıq ediləcəyini deyib.

Hazırda Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən 26 gəminin qaldığını bildirən Kanq Hun Şik əlavə edib ki, hökumət hazırda onların təhlükəsiz keçidini təmin etmək üçün tədbirlər görür.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Chosen
18
1
azertag.az

2Sources