ABŞ Prezidenti Donald Trampın zərbə endirmək təhdidlərindən sonra İran sakinləri körpülərin və elektrik stansiyalarının ətrafına toplaşırlar.
"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" İran KİV-inə istinadən məlumat yayıb.
Yayımlanan foto və videokadrlar insanların ABŞ və İsrailin zərbə hədəfləri ola biləcək əsas infrastruktur obyektlərinin ətrafında necə canlı qalxan yaratdıqlarını göstərir.
Daha əvvəl İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi vətəndaşları aprelin 7-də bütün ölkə boyu elektrik stansiyalarının qarşısında keçiriləcək kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyi təmin etməkdən imtina edərsə, Birləşmiş Ştatlar İslam Respublikasının ərazisindəki bütün elektrik stansiyalarına və körpülərə zərbələr endirəcək.
İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi vətəndaşları 7 apreldə bütün ölkəboyu elektrik stansiyaları qarşısında keçiriləcək kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.
"Far.Az"un məlumatına görə, o, bu barədə dövlət televiziyasında yayımlanan videomüraciətdə bildirib.
Rəhiminin sözlərinə görə, gənclər, idmançılar, artistlər, tələbələr və universitet müəllimləri etiraz aksiyalarına qoşula bilərlər. O qeyd edib ki, etirazların məqsədi beynəlxalq ictimaiyyətə mülki infrastruktura hücumların qəbuledilməzliyini çatdırmaqdır. Nazir müavininin sözlərinə görə, bu, müharibə cinayətidir.
Əli Rza Rəhimi həmçinin mövcud vəziyyətdə siyasi baxışlarından asılı olmayaraq iranlılar arasında ictimai həmrəyliyin vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. İran da öz növbəsində ABŞ və İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edərək hücumlara başlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.