EN

Lukaşenko Paşinyanın “KTMT addımlarından” qorxdu...



Ramil Hüseynli: “Ermənistan KTMT-dən çıxsa, bu, damino effekti verə bilər”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla qarşılıqlı əlaqələrdə korrekt yanaşmaya riayət etməlidir. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Talatbek Masadikovla görüşündə bildirib.

Onun sözlərinə görə, KTMT-nin əsas problemli məsələlərindən biri iştirakçı ölkələrin Ermənistanla qarşılıqlı münasibətləridir: “Ermənistanla işdə daha korrekt və diqqətli olmalıyıq. Bilirsiniz ki, Ermənistan sanki KTMT-dəki işi dəstəkləmir, lakin eyni zamanda təşkilatda qalır. Çox korrekt olmaq lazımdır. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusən də seçki dövründə (yayda parlament seçkiləri keçirilməlidir). Heç də asan vəziyyət deyil. Buna görə də biz Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq”.

Belarus Prezidenti KTMT-nin Baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşün təşkil edilməsinin zəruriliyini qeyd edərək, həmçinin Ermənistan tərəfinin mövqeyini dinləməyə çağırıb.

Maraqlıdır, Lukaşenko niyə bu qədər qorxur?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynli hesab edir ki, Lukaşenkonun narahatlığına səbəb olan bir sıra amillər var: “Nəzərə almaq lazımdır ki, Lukaşenko KTMT məsələsində daha çox Putinin danışan dili rolunda çıxış edir. Onlar narahatdır ki, Ermənistan KTMT-ni bu gedişlə tərk edəcək. Bu isə təşkilatı daxildən sarsıdacaq. Onsuz da KTMT-ni yaradan Rusiyadır və məqsəd üzv ölkələri Moskvanın orbitində saxlamaqdır. Ermənistan hərbi baxımdan KTMT üçün xüsusi önəmə malik deyil. Ancaq siyasi baxımdan Ermənistanın orda olması Rusiyaya lazımdır. O mənada ki, Rusiya bu minvalla orada təsir dairəsini qoruyur. Digər tərəfdən Ermənistan KTMT-dən çıxsa, bu, damino effekti verə bilər. Yəni ən azından Qırğızıstan da qurumu tərk edə bilər. Qırğızıstan buna getsə, Tacikistan da analoji addım ata bilər. Nəzərə almaq lazımdır ki, hər iki Mərkəzi Asiya ölkəsi Rusiya ilə quru sərhədinə malik deyil. Üstəlik, baxmayaraq ki, bu ölkələr KTMT və Avrasiya İqtisadi İttifaqındadır, amma Rusiyada bu ölkədən olan miqrantlar sıxışdırılır, döyülür, təzyiqlərə məruz qalır və s. Bu da həmin ölkələrdə narazılıqla qarşılanır. Bununla belə, Çinin Orta Asiyada təsiri əhəmiyyətli dərəcədə artmaqdadır. Bütün bunların fərqində olan Lukaşenko belə narahatdır. Ancaq bu, daha çox Putinin fikirlərini bəyan etmək deməkdir. Yəni Putin bir sıra mesajlarını Lukaşenko vasitəsi ilə Ermənistana ötürür. Putinin deyə bilmədiyini Lukaşenko deyir. Bir neçə il əvvəl KTMT-nin keçirilən toplantısına Paşinyan onlayn formada qoşulduğu üçün Lukaşenko publik formada ona irad bildirdi və bu da tərəflər arasında müəyyən gərginliyə səbəb oldu”.

Vidadi ORDAHALLI

Chosen
18
8
baki-xeber.com

9Sources