EN

Orban və Putinin bu addımı şok yaratdı – Sensasion məqam

Macarıstanın xarici işlər naziri Siyarto və Rusiya xarici işlər naziri Lavrovun telefon danışığının audioyazısı və stenoqramı Avropa media resurslarında dərc olunmuşdu.

Avropa Birliyinin mətbuata qapalı toplantısından dərhal sonra baş tutan telefon danışığında Lavrov macar həmkarından rusiyalı oliqarx Alişer Usmanovun bacısına qarşı sanksiyaların ləğvi haqda verdiyi vədin nəticəsini soruşur. Sonradan həqiqətən Macarıstan və Slovakiyanın səyləri ilə Gülbahor Usmanova üzərindən sanksiya götürülür. “The Washington Post” qəzeti isə Orban hökumətinin uzun illər ərzində Avropa Birliyinin qapalı iclasları və Avropa liderlərinin görüşləri haqqında Moskvaya müntəzəm məlumat ötürdüyü haqda yazı dərc edib.

Bu gün “Bloomberg” agentliyi Viktor Orban və Vladimir Putinin 2025‐ci il 17 oktyabr tarixli telefon söhbətinin audioyazısı əsasında material dərc edib. Onlar Budapeştdə Tramp və Putinin görüşünün təşkilini müzakirə edirlər. Orban Putinə deyir: “…Bizim dostluğumuz elə yüksək səviyyəyə çatıb ki, mən sizə bacardığım qədər kömək etməyə hazıram. İstənilən məsələdə, harada sizə köməyim dəyə bilərsə, xidmətinizdəyəm…”

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Orban və Putin telefon danışığında Trampın ünvanına mədhiyyələr də söyləyirlər:

“Putin Trampın “tank kimi irəliləməsindən” heyranlığını ifadə edərkən Orban ABŞ prezidentini fırtınaya bənzədir. Bu hadisə Macarıstandakı seçkinin qlobal avtoritar‐konservativ koalisiya, Putin, Tramp, Netanyahu və digərləri ilə liberal demokrat qütb, yəni Qərbi Avropa, Britaniya, ABŞ dövlətinin demokrat qanadı və sair arasında mübarizəyə çevrildiyini bir daha göstərir. Birincilər Orbanın mövqelərini möhkəmləndirməyə çalışarkən, ikincilər tam əksinə, onun Putinin marionetkası olduğu haqda rəyi gücləndirəcək sübutları ictimailəşdirərək Orbanı daha da nüfuzdan salmağı hədəfləyir”, – deyə ekspert vurğulayıb.

Tunar,
NOCOMMENT.az

Chosen
38
nocomment.az

1Sources