EN

7 iyundan sonra... - Ermənistan hökumətsiz qala bilər

Ermənistanda keçirilən rəy sorğularının nəticələrinə əsasən, Nikol Paşinyanın "Mülki Müqavilə" partiyası: 24,3%,, Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası, 13,4%, Qagik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyası: 7,9%, Robert Köçəryanın "Ermənistan" bloku 5,5% reytinq sahibidir.

Məlumatda həmçinin qeyd olunur ki, sorğuda iştirak edənlərin 51,9%-i seçkilərə qatılacağını qəti şəkildə bildirib, 8,6%-i isə iştirakını ehtimal olunan hesab edir.

Seçkiyə iki ay qalmış keçirilən sorğunun bu cür nəticələnməsi Nikol Paşinyanın partiyasının təkbaşına hökumət qura biləcəyi imkanlarının olmadığı ehtimalını yaradır.

Seçki ekspertləri hesab edir ki, Ermənistanda açıqlanan bu sorğu nəticələri ilk baxışda hakim Mülki Müqavilə Partiyasının liderliyini qoruduğunu göstərsə də, daha dərin analiz fərqli siyasi mənzərəni ortaya qoyur. 24,3% göstərici hakim partiyanın birinci yerdə olduğunu təsdiqləyir. Lakin bu rəqəm kritik həddən – parlamentdə təkbaşına çoxluq (50%+1 mandat) üçün kifayət deyil. Bu isə o deməkdir ki, Nikol Paşinyanın komandası seçkidə qalib gəlsə belə, koalisiya zərurəti yüksək ehtimallıdır.

Bu nəticələr də göstərir ki, müxalifət pərakəndə haldadır və vahid siyasi mərkəz formalaşdıra bilmir, nəticədə səslər parçalanıb. Bu isə hakim partiyanın nisbi aşağı reytinqlə belə birinci qalmasına imkan yaradır.

Sorğuda yalnız 51,9% seçicinin qəti iştirak edəcəyini deməsi mühüm siqnal sayılmalıdır. Bu o deməkdir ki, seçkinin nəticəsini mobilizasiya qabiliyyəti müəyyən edəcək. Paşinyan seçki kampaniyası dövründə reytinqini artırsa, qərarsız seçiciləri cəlb edə bilsə parlamentdə nisbi çoxluq əldə edə bilər. Lakin bu halda belə, təkbaşına hökumət üçün əlavə mandatlar tələb oluna bilər. Hakimiyyət inzibati resurs və təşkilatlanma baxımından üstün mövqedədir. Amma eyni zamanda, aşağı iştirak səviyyəsi legitimlik və sabitlik riskləri yarada bilər.

Hakim “Mülki Müqavilə” Partiyası seçkidə hər bir halda birinci olacaq, lakin koalisiya hökuməti qurmağa məcbur qalacağı riski yüksəkdir.

Eyni zamanda ekspetlərin qənaətincə, müxalifət seçkiyə yaxın konsolidasiya olarsa, vahid namizədin üzərində dayanarlarsa hakim partiya birinci olsa belə, hökumət formalaşdırmaq çətinləşə və Ermənistanda hökumətsizlik meydana gələ bilər.

Etibar Seyidağa,
Musavat.com

Chosen
19
musavat.com

1Sources