EN

Türkiyə İsrail konsulluğunu qorudu Bəs İran Azərbaycan səfirliyini niyə qorumadı?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Bu gün İsrail, ona rəhbərlik edənlərin hərbi cinayətlərinə, törətdikləri qətliam və işğallara görə, müsəlman ölkələrində yumşaq desək, etiraz və qəzəblə qarşılanır. Özü də bu haqlı münasibət təkcə müsəlman ölkələrində deyil, bütün dünyada, hətta Avropada da nəzərə çarpır. Buna baxmayaraq, heç bir dünya ölkəsi öz ərazisində yəhudilərə, onların təşkilatlarına, xüsusilə də səfirliklərinə qarşı hər hansı təzyiqlərə, təhdidlərə, qeyri-qanuni hərəkətlərə, hücumlara imkan vermir.

Ötən gün Türkiyədə baş verən hadisə də bunu növbəti dəfə göstərdi. İstanbuldakı İsrail konsulluğuna terror hücumunun qarşısı alındı. Türkiyə polisi öz həyatını təhlükəyə ataraq, israilli diplomatların qətlinə imkan vermədi. 2 polis yaralandı. Hücum edənlərdən 2-si öldürüldü, 1-i isə yaralı vəziyyətdə ələ keçirildi. Türkiyədəki bütün siyasi qüvvələr, o cümlədən şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan hücumu qətiyyətlə pislədi. İsrail də rəsmən Türkiyə tərəfinə öz minnətdarlığını bildirdi. Türkiyə göstərdi ki, əsl dövlət, dövlət ərkanı, mədəniyyəti, təhlükəsizlik sistemi və s. necə olmalıdır.

Bu hadisə istər-istəməz 2023-cü ildə Tehrandakı Azərbaycan səfirliyinə qarşı xain terror hücumunu xatırlatdı. O zaman İran hakimiyyəti tamamilə fərqli, heç bir özünə hörmət edən dövlətə yaraşmayan formada davrandı. İran xüsusi xidmət orqanları ilə əlaqəsi heç bir şübhə doğurmayan terrorçu əl-qolunu sallayaraq, İran mühafizə polisinin gözü qarşısında, asanlıqla səfirliyimizin binasına daxil oldu, diplomatik nümayəndəliyimizin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovu qətlə yetirdi, iki səfirlik əməkdaşını yaraladı. Yalnız digər bir əməkdaşın qəhrəmanlığı sayəsində tərksilah edildi, yoxsa qətliam daha böyük olacaqdı.

Həmin hadisənin baş verdiyi bir neçə saat ərzində bircə İran polisi, xüsusi xidmət, mühafizə əməkdaşı köməyə gəlmədi, öz vəzifəsini yerinə yetirmədi, səfirliyimizin həndəvərinə belə dolaşmadı ki, hücum edən terrorçu öz tapşırığını sona çatdırsın. İran hakimiyyəti isə bu açıq terror aktını məişət zəminində baş verən hadisə kimi təqdim etməyə, hücum edən terrorçuya haqq qazandırmağa çalışdı. Yalnız Azərbaycan tərəfinin uzun sürən təkidlərindən, haqlı inadından, ölkəmizin cinayətkar cəzlandırılmayana qədər öz diplomatik korpusunun fəaliyyətini bərpa etməkdən imtina etməsindən sonra terrorçu layiq olduğu cəzaya çatdırıldı.

İsrailin bəzi müsəlman ölkələrinə qarşı etdiklərini Azərbaycan heç kimə qarşı etməyib, əksinə, çətin gündə hər kəsin köməyinə çatıb. Bəs necə olur ki, Türkiyə kimi müsəlman ölkəsi İsrail konsulluğunu fədakarlıqla qoruyur, öz polisini təhlükəyə atır, təxribatın qarşısını alır, İran isə öz qonşu müsəlman ölkəsi olan Azərbaycanın səfirliyini qorumur, əksinə, onun xüsusi xidmət orqanları səfirliyimizə alçaq hücum təşkil edir və imkan verir ki, terrorçu əl-qolunu sallayıb istədiyini edə bilsin?

Eyni terror hadisəsi, məsələn, İrandakı Ermənistan səfirliyinə qarşı edilə bilərdimi? Əlbəttə ki, yox. Çünki ermənilərin bizdən fərqli olaraq, İran rejiminin “gözü üstə yeri var”, onların səfirliyi “göz bəbəyi kimi” qorunur, onlar “İslam təəssübkeşi” İranın qardaşıdır, “qırmızı cizgisi”dir və sair. Biz isə bu rejim üçün yalnız işğal, təxribat və təhdid obyekti ola bilərik...

Əlbəttə, İran ölkə olaraq bu gün haqsız, beynəlxalq hüquqa zidd hücuma, təcavüzə məruz qalıb. Buna dinindən, məzhəbindən, irqindən, millətindən asılı olmayaraq hər kəsin qarşı çıxması təbiidir. Əsasən də dinc əhaliyə ziyan vurulması qətiyyən qəbuledilməzdir.

Lakin xüsusilə də Azərbaycan kimi İran hakim rejimindən işğalçı Ermənistana sonsuz dəstək, bizə qarşı isə ancaq təhdid, təxribat, satqınlıq, qatı məzhəbçilik və ayrıseçkilik siyasəti görən toplum ilk növbədə İran xalqına, oradakı həmvətənlərimizə dəstək olmalıdır, onları müdafiə etməlidir, hakim rejimi, ayətullahları, əmmaməli zalımları yox. Xameneilər üçün “ağam” deyib yaxa cıranda, İran hakimiyyətinin işğalçıya, Qarabağdakı keçmiş separatçı quruma hər cür hərbi, siyasi, iqtisadi dəstəyini, silah, yanacaq ötürməsini, Azərbaycan sərhədlərində hərbi təlimlər keçirib ölkəmizi “şirin quyruğu” ilə hədələməsini, parlament, hökumət üzvlərinin, “din xadimləri”nin, güc strukturlarının, hətta diplomatlarının ölkəmizə qarşı hədə-qorxularını, səfirliyimizə edilən terror hücumunu, nəhayət, Naxçıvan aeroportuna endirilən zərbəni və digər alçaq təxribatları unutmasınlar...

Cəlal Məmmədli

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
azpolitika.info

1Sources