EN

Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır -MÜSAHİBƏ

Mart ayının sonundan başlayan güclü yağışlar bölgələrdə də fəsadlara səbəb olub. Yağıntılar nəticəsində əkin sahələrini su basıb, əkinlərə və meyvə bağlarına ciddi ziyan dəyib.

Əvvəlki illərdən fərqli olaraq, hazırda belə hadisələr zamanı təsərrüfatlara və fermerlərə dəyən zərərlər dövlət aqrar sığorta mexanizmi hesabına qarşılanır. Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan sığorta mexanizmi çoxsaylı digər risklərlə yanaşı, əkin sahələrini sel-subasmadan da sığorta edir.

Yağış nəticəsində əkin sahələrinə dəymiş zərərlər və zərər ödənişləri ilə bağlı həyata keçirilən tədbirlər barədə sualları Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova cavablandırıb.

- Ləman xanım, zəhmət olmasa, ilk növbədə sel-subasma anlayışına aydınlıq gətirək. Hansı halda baş verən hadisəyə sel-subasma deyilir və ümumiyyətlə, bu, sadəcə yağışın çox güclü şəkildə yağmasıdırmı, yoxsa başqa hansısa təbiət hadisəsi baş verməlidir ki, o, sel-subasma hesab olunsun və fermerə sığorta ödənilsin?

Sel-subasma anlayışı haqqında qısa məlumat versək, qanunvericiliyə əsasən, sel-subasma - yağışların davamlı yağması və ya qar əriməsi nəticəsində su kütləsinin ani artmasının təsiri ilə çay, göl, dərə, kanal – bu kimi su hövzələrində suyun miqdarının artması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın altına suyun yığılması və yaxud torpağın su keçirmə qabiliyyətinin zəif olması səbəbindən suyun torpağın üst qatında toplanması sel-subasma hadisəsi hesab olunur. Bu hallar baş verərsə, fermerlərə sığorta ödənişi həyata keçirilir.

- Bu günə qədər olan müraciətləri dəyərləndirsək, nə qədər müraciət daxil olub, nə qədər sığorta ödənişindən söhbət gedir?

- Sel-subasma hadisəsi nəticəsində təkcə bayram günlərində, martın 20-dən bu günə qədər 3 min hektara yaxın əkin ərazisinə zərər dəyməsi ilə bağlı bizə müraciət daxil olmuşdur. Sığorta müqaviləsi üzrə müraciətlərin sayı təxminən 300-ə yaxındır. Müraciətlərin böyük hissəsi sel-subasma hadisələri ilə əlaqədardır. Bu onu göstərir ki, bu il bizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma riskindən olacaqdır.

- Aqrar Sığorta Fonduna ən çox hansı bölgələrdən müraciətlər daxil olur və ən çox zərər hansı məhsullar üzrə qeydə alınıb?

- Son günlər bizə olan müraciətlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabit hava şəraiti, təbii ki, kənd təsərrüfatından yan keçməyib və ciddi ziyanlar vurub.

Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi regionlarından daha çox müraciətlər daxil olub. Belə hadisələrin ən çox baş verdiyi ərazi kimi, xüsusilə Şabran və Xaçmaz rayonlarını qeyd edə bilərik. Subasma hadisələri təkcə əkin sahələrinə, yəni arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da - gilas, heyva, armud, badam və sair bağlara da zərər vurub, bununla bağlı fermerlərdən bizə müraciət daxil olmuşdur. Hətta fermerlərin verdiyi məlumata görə, bəzi ərazilərdə əkin sahəsində suyun hündürlüyü 60 santimetrə qədər çatmışdır.

- Bəs bu hadisələr üzrə fermerlərə dəyən zərərə görə ödəniş nə vaxt həyata keçiriləcək?

- İlk olaraq sığortalı fermerlərimizə səslənmək istəyirəm ki, hadisə baş verdikdən dərhal sonra – 10 gündən gec olmayaraq həm Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə, həm də aidiyyəti dövlət qurumlarına müraciət etsinlər. İkinci bir məqam, ödənişlə bağlı bildirmək istəyirik ki, əgər 100% məhvolma hadisəsi baş verməyibsə, sığorta ödənişləri bir qayda olaraq, qanunvericiliyin tələblərinə əsasən, yığım-biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunla əlaqədardır ki, bu dövrdə təbiət hadisələri yenidən baş verə, yəni fermerə dəyən zərər dəyişə bilər. Buna görə də ədalətli olsun deyə sığorta ödənişlərinin yığım-biçim dövründə ödənilməsi daha məqsədəuyğun hesab olunur. Amma əgər hadisə nəticəsində məhsulda tam məhvolma qeydə alınıbsa, sığorta ödənişi daha tez həyata keçirilir.

- Ləman xanım, ümumiyyətlə, bu hadisələr sığorta hadisəsi kimi tez-tez baş verirmi və bu zərərlərə görə indiyədək fermerlərə nə qədər ödəniş həyata keçirilib?

- Bəli, son 3 ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manat sığorta ödənişi edilib. Təkcə ötən 2025-ci ilin dinamikasına baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasma halları təşkil edir ki, birinci yerdə isə ödənişlərin həcminə görə, təbii ki, dolu hadisəsidir.

2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinə görə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə 7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cü ildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyon manat ödəniş edilib. Yəni subasma hadisələri kifayət qədər tez-tez baş verir və bunu son günlər də müşahidə edirik.

- Fermerlərin 10 gün ərzində müraciət etməsi çox vacibdir? Yəni fermer hadisə barədə vaxtında məlumat verməsə, hansı addımlar atılır?

- Qanunvericiliyə görə, fermerlər əkin sahəsində baş vermiş hadisə barədə ən geci 10 gün ərzində məlumat verməlidirlər. Bunun səbəbi onunla əlaqədardır ki, bildiyiniz kimi, hadisə baş verdikdən sonra həmin ərazidə müstəqil ekspertlər tərəfindən qiymətləndirmə və zərər hesablanması işləri aparılır. Əgər ekspert sahəyə gec gedərsə, zərər düzgün qiymətləndirilməyə bilər, fermerə dəyən zərəri düzgün və ədalətli, obyektiv müəyyən etməyə bilərik. Buna görə də birmənalı olaraq 10 gün müddəti aşmamalarını xahiş edirik ki, həmin müddət ərzində, hətta mümkündürsə, daha qısa müddət çərçivəsində məlumat versinlər ki, ekspertlər dəyən zərəri daha düzgün, daha ədalətli şəkildə qiymətləndirə bilsinlər.

- Ləman xanım, son günlər baş verən hadisələr, xüsusilə də güclü yağış və haqqında danışdığımız sel-subasma hadisələri aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi. Fermerləərə aqrar sığorta ilə bağlı hansı tövsiyələriniz var?

- Doğrudan da, son günlər baş verənlər də göstərir ki, təbiət hadisələri hər an baş verə bilər və onların qarşısını almaq olmaz. Yeganə yol bu hadisənin vurduğu zərəri qarşılamaqdır və aqrar sığorta olmadan bu hadisələrin vurduğu zərəri başqa formada kompensasiya etmək mümkün deyil. Ona görə də fermerlərə səslənirəm ki, dövlətin yaratdığı bu sərfəli mexanizmin üstünlüklərindən faydalansınlar. Məlumdur ki, təsərrüfat Aqrar Sığorta Fondu tərəfindən sığortalandıqda fermerin sığorta haqqının yarısı dövlət tərəfindən qarşılanır, yəni hesablanmış sığorta haqqının 50%-ni fermerin əvəzinə dövlət ödəyir.

Məsələn, elə haqqında danışdığımız, ən çox müraciət daxil olan Quba-Xaçmaz iqtisadi regionunda 1000 manatlıq məhsulu olan 1 hektarlıq buğda ərazisinin sığortası cəmi 6-7 manata, Dağlıq Şirvan regionunda isə cəmi 10-11 manata başa gəlir. Lakin həmin sahəyə hadisə nəticəsində zərər dəydikdə o zərər fond tərəfindən qarşılanır. Buna görə fermerlərdən bu fürsəti qaçırmamalarını xahiş edirəm ki, gələcəkdə belə hallarda zərərdə qalmasınlar.

- Məlumdur ki, hazırda aqrar sığorta mexanizmi 41 bitkini əhatə edir, gələcəkdə bu məhsulların siyahısının, onların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulurmu? Yəni gələcəkdə aqrar sığorta vasitəsilə əlavə hansı məhsulları sığortalamaq mümkün olacaq?

- Məlum olduğu kimi, hazırda fond tərəfindən həm bitkiçilik, həm heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması həyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki, bunun içərisinə həm taxıllar, həm çəyirdəklilər, həm texniki bitkilər, həm qərzəklilər, yəni çox geniş sayda bitkilərin sığortalanması nəzərdə tutulmuşdur. Heyvanlar üzrə isə iri və xırda buynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqla sığortalanması təmin edilir. Gələcək planların içərisində, eləcə də qanunvericilik təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıq təsərrüfatlarının sığortalanması nəzərdə tutulur, bununla bağlı artıq qanunvericilikdə də təşəbbüslə çıxış edilmişdir. Əlavə olaraq 9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir. Buraya feyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdə müvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin də sığortalanması nəzərdə tutulur.

Chosen
2
4
ikisahil.az

5Sources