EN

Şəhid polkovnik Füzuli Cavadovun həyat və döyüş yolu

QHT.az bildirir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabında şəhid polkovnik Füzuli Cavadovun həyat və döyüş yolundan bəhs edərək onun Azərbaycan hərb tarixində xüsusi yer tutduğunu bildirib.

Əkrəm Bəydəmirli qeyd edib ki, Füzuli Cavadov yalnız peşəkar hərbçi və tanınmış pilot kimi deyil, həm də yüksək mənəviyyata malik ziyalı şəxsiyyət kimi yadda qalıb. Onun sözlərinə görə, şəhid polkovnik həm hərb sənətində, həm də milli-mənəvi dəyərlərin qorunmasında örnək bir insan olub.

Sədr vurğulayıb ki, Füzuli Cavadovun ailə üzvləri ilə Zirə qəsəbəsində keçirilən görüş zamanı onun həyat yolu ilə bağlı mühüm məqamlar bir daha yada salınıb. Şəhidin qızı Nərmin Cavadovanın xatirələrinə istinad edən Ə.Bəydəmirli bildirib ki, Füzuli Cavadov ailəsinə bağlı, vətənə sonsuz sevgi ilə xidmət edən nümunəvi ata idi.

Ə.Bəydəmirlinin sözlərinə görə, şəhid polkovnik Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib, həmçinin uzun illər ərzində aviasiya sahəsində peşəkar kadrların hazırlanmasına böyük töhfələr verib.

“O, sanki vətən üçün doğulmuşdu və ömrünü də vətən yolunda başa vurdu” – deyə Əkrəm Bəydəmirli bildirib.

Sədr əlavə edib ki, Füzuli Cavadov Azərbaycanda dörd növ helikopteri idarə etmək səlahiyyəti olan nadir pilotlardan biri idi. Onun bu peşəkarlığı həm döyüş meydanında, həm də gənc pilotların yetişdirilməsində mühüm rol oynayıb.

Əkrəm Bəydəmirli bildirib ki, Füzuli Cavadovun şəxsiyyətini fərqləndirən əsas cəhətlərdən biri onun intellektual zənginliyi olub. Onun sözlərinə görə, şəhid polkovnik Azərbaycan ədəbiyyatını, tarixini və muğam sənətini dərindən sevib, evində mütəmadi olaraq ədəbi-bədii məclislər təşkil edib.

“Füzuli müəllim hərbçi olmaqla yanaşı, milli dəyərlərimizin, klassik ədəbiyyatın və sənətin əsl təbliğatçısı idi” – deyə sədr vurğulayıb.

Ə.Bəydəmirli qeyd edib ki, həmin məclislərdə tanınmış ziyalılar, ruhani şəxslər və ədəbiyyat həvəskarları iştirak edərək klassik poeziya və milli-mənəvi dəyərlər ətrafında müzakirələr aparıblar.

Sədrin sözlərinə görə, ehtiyatda olan polkovnik-leytenant Bayram Axundov da Füzuli Cavadovu gənc pilotların hazırlanmasında xüsusi xidmətləri olan vətənpərvər zabit kimi xatırlayıb.

Əkrəm Bəydəmirli xatırladıb ki, Füzuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub və 55 yaşında helikopter qəzası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sədr sonda vurğulayıb ki, şəhid polkovnik Füzuli Cavadovun həyat yolu gələcək nəsillər üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.

Fatimə Nəbiyeva

Chosen
16
qht.az

1Sources