EN

Abidələrdə əbədiləşən milli dəyərlər

Müsahibimiz Xalq rəssamı Natiq Əliyevdir

Emalatxanada hökm sürən sükut beynimdə dolaşan sualları min yerə haçaladı. Əslində, tamamlanmamış işlər, yonulmaqdan yorulmuş daşlar, hələ adını tapmamış fikirlər bu səssizlikdə dil açıb çox şeydən danışırdı. Daşın sərtliyində, metalın soyuqluğunda gizlənən ideyalar heykəltaraşın daxili aləmindən, sənət dünyasından xəbər verirdi.

Biz də bu dünyanın qonağı olduq. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevlə onun yaradıcılıq yolu, rəhbərlik etdiyi ali təhsil müəssisəsində tədris prosesində həyata keçirilən yeniliklər, estetik düşüncə modelinin formalaşdırılması və müasir çağırışlar barədə danışdıq.

– Natiq müəllim, söhbətimizə sənətə gəlişinizdən başlayaq. Sonu görünməyən ümmana bənzəyən sənət dünyasında özünüzü necə tapdınız?

– Bəzən narahat, düşüncəli, bəzən də susqun və ümidli. Bu sehirli aləm məni özünə doğru elə astaca çəkdi ki, sözün açığı, heç hiss etmədim. Fərqinə varanda anladım ki, bu ümmana hər kəs öz sahilindən baxır və fərqli dərinlik görür. Bu dərin qatlara enmək, sərt dalğaların hücumuna tab gətirmək isə sənin istedadından, bacarığından asılıdır.

Hələ uşaq ikən atam məndə bu sənətə həvəs oyatmışdı. O, evimizdəki keramik fiqurlara baxıb plastilindən nəsə düzəldir, biz də qardaşımla ona qoşulurduq. Bir müddət sonra müstəqil şəkildə kiçik fiqurlar hazırlamağa başladım. Valideynlərim bu sənətə həvəsimi görüb məni Bakı Şəhər Pionerlər Sarayında heykəltaraşlıq dərnəyinə yazdırdılar. Orada Anna İvanovna adlı müəllimdən dərs alırdım.

8-ci sinfi bitirəndən sonra sənədlərimi Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verdim. Amma imtahanlardan keçmədim. Bu, mənim üçün əlbəttə, gözlənilməz zərbə oldu və eyni zamanda, başa düşdüm ki, nəyəsə nail olmaq üçün ciddi çalışmaq lazımdır. Heykəltaraş olmaq istəyim o qədər güclü idi ki, ilk addım uğursuz olsa da, ruhdan düşmədim. Növbəti il əla qiymətlərlə qəbul olundum, hətta imtahanlarda yüksək nəticə göstərdiyimə görə məni televiziya verilişinə də dəvət etmişdilər. Oxuduğum 4 ildə seçdiyim sənətin sirlərinə yiyələndim. Qrupumuzun rəhbəri Xalq rəssamı Arif Qazıyevdən bu sahənin dərinliklərini öyrəndim.

1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin aparıcı ali rəssamlıq məktəblərinə göndərilməsi məqsədilə xüsusi proqram həyata keçirilirdi. Proqram çərçivəsində Sankt-Peterburqda yerləşən Vera Muxina adına Ali Rəssamlıq Məktəbinə qəbul olundum. Qeyd edim ki, bu təhsil ocağı hazırda Baron Ştiqlitz adına Ali Rəssamlıq Akademiyası kimi fəaliyyət göstərir.

– Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Sankt-Peterburq Akademiyasında təhsil sənət yolunuza necə işıq saldı?

– Vera Muxina adına Ali Rəssamlıq Məktəbində oxumaq asan deyildi. Buna baxmayaraq, təhsil aldığım illər yüksək göstəricilərlə yadda qaldı. SSRİ-də yaradıcı tələbələr üçün nəzərdə tutulmuş ən yüksək mükafata – “Lenin təqaüdü”nə layiq görülmüşdüm. Bu təqaüd yalnız üçüncü kursu bütün fənlər üzrə əla qiymətlərlə tamamlayan və ictimai fəaliyyətilə fərqlənən tələbələrə verilirdi. Həmin dövrdə bir neçə namizəd vardı, lakin mənim seçilməyimdə əsas rol oynayan amillərdən biri böyük məsuliyyət tələb edən abidə üzərində çalışmağım idi.

Söhbət 1985-ci ildə açılışı reallaşan, İkinci Dünya müharibəsi illərində həlak olmuş müəllim, həkim və tələbələrə həsr edilən memorial kompozisiyadan gedir. Abidənin memarlıq hissəsinin müəllifi həmin ali məktəbin rektoru, Rusiya Federasiyasının Əməkdar memarı Yakov Nikolayeviç Lukin, heykəltaraşı isə mən idim. Qeyd edim ki, orada peşəkar heykəltaraşlığın əsaslarını daha mükəmməl öyrənməyim mənim inkişafıma, öz yolumu seçməyimə böyük təkan verdi.

– Deyirlər, heykəl daşdan və ya tuncdan yox, ideyadan yaranır. Bir abidəni yaradarkən sizi daha çox nə düşündürür?

– Təbii ki, əsər yaranmamışdan əvvəl müəyyən ideya ortaya çıxır. Çünki ideya, forma haqqında düşüncələr olmadan mükəmməl əsər yaratmaq olmaz. Bir şəxsiyyətin obrazını yaradarkən, ilk növbədə, onun cəmiyyətdəki yeri, rolu, nailiyyətləri haqqında geniş məlumata malik olmalısan ki, bütün bunları heykəlin dili ilə ifadə edə biləsən. Axı, bu, tablo deyil ki, orada təbiəti, rəngləri göstərəsən. Heykəlin dili məhdud olsa belə, imkanlar genişdir: daxili aləmin açılması, zahiri görünüşün verilməsi və s.

Yaratdığın obraz yalnız zahirən deyil, daxilən də insanın özünü əks etdirməlidir. Bu mənada, mütləq insanın daxili aləmini heykəlin dili ilə ifadə etməyi bacarmalısan. Əgər bunu edə bilməsən, detalları oxşatsan belə, şəxsiyyətin obrazını yüksək səviyyədə yaratmaq mümkün deyil. Əlbəttə, bunun üçün zaman, təcrübə və peşəkarlıq tələb olunur.

– Bəs daxili səs formaya çevrilə bilirmi?

– Bəli, əslində, bütün yaradıcılıq bunun üzərində qurulub. İnsanın hiss və düşüncələri, tərəddüdləri, intuisiyası əvvəlcə səssiz yaranır. İnsan bu hissləri ifadə etməyə başladığı an daxili səs ədəbiyyatda sözə, rəssamlıqda rəngə və xəttə, musiqidə səsə, heykəltaraşlıqda isə daşda formaya çevrilir. Hətta demək olar ki, bütün sənət, ədəbiyyat və yaradıcılıq məhz bu görünməz səsin görünən formaya keçidindən yaranır. İnsanın daxilindəki səs, sadəcə, düşüncə deyil, hisslərin, xatirələrin, təcrübələrin, qorxuların və arzuların ifadəsidir. İnsan onu, ilk növbədə, özü “eşidir” və elə bu məqamda daxili səs formaya can atır.

Maraqlıdır ki, daxili səsin formaya çevrilməsi yalnız sənət sahəsinə aid deyil. Gündəlik həyatda da insan fikrini ifadə edərkən, qərar verərkən, hətta susarkən belə, bu prosesi yaşayır. Sadəcə, sənətdə bu proses daha şüurlu və daha dərin olur. Çünki sənətkar daxili səsini mümkün qədər dəqiq və təsirli şəkildə formaya salmağa çalışır. Amma daxili səs heç vaxt tam şəkildə ifadə olunmur, bir hissəsi deyilməmiş qalır. Bəlkə də yaradıcılığın davamlılığını təmin edən də məhz budur – insan daim içində qalanı ifadə etməyə, ifadə etdiyini isə yenidən dərk etməyə çalışır. İnsan daxilində eşitdiyini təqdim edərkən yalnız göstərmir, eyni zamanda ona həyat verir.

İncəsənətdə yaradıcılıq prosesinə müxtəlif yanaşmalar mövcuddur. Bəzən rəssama konkret mövzu verilir və o, bu mövzuya uyğun forma axtarır. Xüsusilə monumental heykəltaraşlıqdan söhbət gedirsə, seçilən forma mütləq şəkildə əsərin ucaldılacağı məkanla uzlaşmalıdır. Burada material seçimi, məzmun və ölçü vəhdət təşkil etməli, heykəl ətraf mühitlə tam bir harmoniya yaratmalıdır.

“Dəzgah heykəltaraşlığı” adlandırdığımız sərbəst işlərdə isə yanaşma tamamilə fərqlidir. Müasir heykəltaraşlıqda, xüsusən də abstrakt sənətdə mövzu artıq öz önəmini itirir, forma ön plana çıxır. Lakin formanı tapmaq üçün insanın düşüncə tərzində, baxış bucağında ciddi təkamül baş verməlidir. Sənətkar çox oxumalı, çox görməli və daim düşünməlidir ki, fikirlərini məhz forma vasitəsilə ifadə edə bilsin. Bu, hazır mövzu üzərində işləməkdən qat-qat çətindir.

İndiki dövrdə kreativ yanaşma xüsusi səy tələb edir. İnternet əsri bizə dünyanın istənilən nöqtəsindəki sənət proseslərini izləmək imkanı verir; rəssamların etdikləri yenilikləri görürük. Bu rəqabətli və zəngin mühitdə öz sözünü demək üçün təkcə əllə deyil, həm də zehinlə çalışmaq, düşüncədə və yanaşma tərzində köklü dəyişikliklər etmək vacibdir. Əsl sənət elə beynimizdəki o fəlsəfəni tapmaqdan başlayır.

– Ulu öndər Heydər Əliyevin ilk ayaqüstü heykəlini siz yaratmısınız. Bu, şəxsi istəyiniz idi, yoxsa dövlət sifarişi?

– Ümummilli lider Heydər Əliyev dünyasını dəyişdikdən sonra onun Kiyev şəhərində abidəsinin ucaldılması mənə tapşırıldı. Bu məqsədlə Kiyev şəhərinə yollandım. Həmin vaxt nə eskiz vardı, nə də hazır layihə. Yalnız abidənin qoyulacağı yer göstərildi və işləməyə başladım. Eskizlər hazırlandı, layihə formalaşdı. Memarlıq hissəsini ukraynalı memar Vladimir Skulski, heykəltaraşlıq hissəsini isə mən yerinə yetirdim.

Təbii ki, hər monumental işin ilk mərhələsi bədii şurada müzakirə olunur, heç bir abidə eskiz təsdiq olunmadan birbaşa ucaldılmır. Əvvəl gil materialda işlənir, çünki gildə düzəliş etmək, forma üzərində çalışmaq daha asandır. Mənim hazırladığım abidə 11 nəfərdən ibarət bədii şuraya təqdim olundu. Şuranın tərkibində olan memar və heykəltaraşlar işi yüksək qiymətləndirdilər və qeyd etdilər ki, uzun müddətdir belə bir fundamental iş təqdim olunmayıb.

Abidə bürüncə keçirildikdən sonra quraşdırılma mərhələsinə başladıq. Açılışda Prezident İlham Əliyevin də iştirak edəcəyi bildirilmişdi. Səfir mənə “əgər iş bəyənilsə, sizi Prezidentə təqdim edəcəyik” dedi. Onun bu sözü məsuliyyətimi və həyəcanımı daha da artırdı, çünki həmin vaxta qədər Ulu öndərin ayaqüstü abidəsi işlənməmişdi. Sağlığında Naxçıvanda 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə büstü qoyulmuşdu. Fəxri Xiyabanda isə abidə hələ ucaldılmamışdı.

Prezident və birinci xanım mərasimə təşrif buyurduqdan sonra tədbir daha rəsmi, daha təntənəli məzmun aldı. Ukrayna tərəfi də yüksək səviyyədə təmsil olunurdu. Mən isə bütün bu proses boyu daxilən həyəcan yaşayırdım. Gözləyirdim ki, məni təqdim edəcəklər, müəllifi kimi Prezidentin qarşısına çıxacağam. Bu, mənim üçün böyük imtahan idi. Nəhayət, mənə Prezident İlham Əliyevlə görüşmək qismət oldu. Dövlət başçısı çox dəyərli sözlər söylədi. Bu qiymət mənim üçün həm böyük şərəf, həm də yaradıcılıq məsuliyyətini bir daha dərk etmək idi. Çünki hamının tanıdığı, hörmət bəslədiyi, rəğbət duyduğu şəxsiyyətin heykəlini yaratmaq, onun daxili aləmini, xarakterini, əzəmətini və qüdrətini abidədə əks etdirmək böyük məsuliyyət tələb edir.

Üstəlik, bu abidəyə çox insan baxacaq, hər kəs öz düşüncəsinə, öz hissinə uyğun olaraq onda nəsə axtaracaq. Mən bütün bunların fərqində idim. Şükürlər olsun ki, hər şey uğurlu alındı və abidə öz bədii təsir gücü ilə layiqincə qarşılandı. Kiyev layihəsindən sonra Tbilisidə Ulu öndərin büstünü hazırladım. Ardınca Belqradda, Taşmaydan parkında abidəsini işlədim və digər layihələr meydana gəldi.

– Ümumiyyətlə, heykəl yaratmaq sizin üçün daxili rahatlıqdır, yoxsa gərgin zəhmət?

– Əgər sevdiyin işlə məşğul olursansa, heç vaxt narahat, həmişə də rahat ola bilməzsən. Sən hər ikisinin arasındasan, yəni əgər gördüyün iş ürəyincə alınırsa, mənəvi rahatlıq tapır, zövq alırsan. Alınmayanda isə əksinə. Çox qəribədir ki, emalatxanaya getməyəndə narahat oluram, sanki nəsə etməli, hansısa işin üzərində çalışmalıyam. Bu, artıq həyat tərzimə çevrilib.

– Bəs, sənətlə həyat arasında sərhəd haradan başlayır?

– Əsl sənət elə həyatın özüdür. Hər bir əsər, ilk növbədə, həyatla bağlı olmalıdır. Çünki əsərin mövzusu da, ruhu da məhz həyatın özündən, təbiətdən süzülüb gəlir. Sənətkarın əsas axtarışı sənətlə həyat arasındakı incə əlaqəni tapmaq, onu vəhdət halına gətirmək, sərhədləri aradan qaldırmaqdır. Bu vəhdət o zaman daha dolğun alınır ki, sənətkar təbiəti olduğu kimi, mexaniki şəkildə təkrar etməsin.

Əsas məsələ təbiətin gizli fəlsəfəsini duymaq və onu əsərə köçürməkdir. Bu, daha həyati və təsirli olur. Məhz bu nöqtədə sənətlə həyat fəlsəfi müstəvidə bir-birinə qovuşur. Əlbəttə, hər kəsin öz fərdi yaradıcılıq dünyagörüşü var. Lakin bir həqiqət dəyişməz qalır: düşünən insan hər zaman təbiətdən və həyatdan ilham alaraq öz fəlsəfi dünyasını qurur.

– Azərbaycan heykəltaraşlığı dünya sənətinə hansı dildə təqdim olunmalıdır: milli, yoxsa bəşəri?

– Sözsüz ki, heykəldə millilik olmalıdır, yəni klassik ənənələri qorumaq, saxlamaq şərtilə milliliyi də göstərməliyik. Əslində, milli üslubdan istifadə edərək heykəltaraşlığı daha maraqlı istiqamətdə inkişaf etdirmək olar. Azərbaycan heykəltaraşlarının sənət əsərlərində həm millilik var, həm də ümumdünya heykəltaraşlıq məktəbinin ənənələri qorunub saxlanılır.

– Artıq 3 ildir ki, Rəssamlıq Akademiyasına rektor təyin olunmusunuz. Bu vəzifə bir sənətkar kimi sərbəst yaradıcılığınıza sədd qoyurmu?

– 1983-cü ildən Rəssamlıq Akademiyasında çalışıram. Akademiyada müəllimlikdən rektor vəzifəsinə qədər yüksəlmişəm. Düzünü deyim ki, ali təhsil müəssisəsinə rəhbərlik etmək çox çətin, məsul işdir. Mən heykəltaraşam, hər gün emalatxanaya gedir, öz sənətimlə məşğul oluram. Buna isə vaxt çatmır. Bu baxımdan deyərdim ki, bəli, haradasa yaradıcılığa mane olur.

– Gənc rəssamların problemləri barədə nə deyə bilərsiniz?

– Rəssamlıq Akademiyasının yaradılması yalnız rəssamlara deyil, bütövlükdə, Azərbaycan cəmiyyətinə böyük töhfədir. Çünki o vaxtlar Sankt-Peterburq, Moskva, Kiyev, Xarkov, Lvov, Tbilisi və Daşkənd kimi böyük şəhərlərdə rəssamlıq məktəbləri, akademiyalar fəaliyyət göstərirdi, lakin Azərbaycanda belə bir təhsil ocağı yox idi. Keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərində təhsil alırdıq. Dahi rəhbərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 2000-ci ildə Rəssamlıq Akademiyasının yaradılması ilə ölkədə incəsənət sahəsində yeni mərhələ başladı.

Bununla yanaşı, Rəssamlar İttifaqının balansında olan emalatxanalar rəssamlara tamamilə pulsuz, şəxsi mülkiyyət kimi verildi. Bütün bu addımlar Heydər Əliyevin yaradıcı insanlara, bədii irsə və incəsənətin inkişafına göstərdiyi diqqətin bariz təzahürüdür.

Bu gün Rəssamlıq Akademiyasında gənc rəssamların öz ixtisaslarını dərindən öyrənmələri üçün hər cür şərait yaradılıb, tələbənin öz üzərində işləməsi üçün geniş imkanlar mövcuddur. Müxtəlif müsabiqələr, sərgilər təşkil edilir. Gənc rəssamları xarici ölkələrdə nümayiş olunan sərgilərə göndərir, eyni zamanda, ustad dərsləri keçmək üçün xaricdən rəssamlar da dəvət edirik. Bu da gənc rəssamların gələcək istiqamətlərini, öz yollarını tapmasında çox mühüm rol oynayır. Onlar burada akademik bazalarını möhkəmləndirir və Akademiyanı bitirdikdən sonra böyük sərgilərdə, müsabiqələrdə iştirak etməyə hazır olurlar.

– Akademiyada verilən təhsil yeni nəsil istedadların yetişməsi üçün kifayət edirmi?

– Əlbəttə, biz hər il təhsil proqramını yeniləyir, dəyişikliklər edirik. Beynəlxalq əməkdaşlığa gəldikdə artıq 6 dövlətlə Rektorlar Şurası yaradılıb və iki il müddətində Şuranın sədri mən olacağam. Bu müddət ərzində tələbə-müəllim mübadiləsi, müştərək sərgilərin, müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 6 türkdilli dövlətin təsviri sənət yönümlü ali məktəbləri ilə əməkdaşlıq proqramı var.

Son illər tələbə və müəllimlərimiz müxtəlif sərgilərdə iştirak edirlər və onların arasında laureatlar da var. Müəllimlərimizin fərdi sərgiləri keçirilib. Qarabağ Dirçəliş Fondu, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tələbələr üçün müsabiqələr elan olunub. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri gedir və memarlıq abidələri bərpa olunur. Müsabiqəyə təqdim olunan eskizlərdə artıq bərpa olunmuş memarlıq abidələri öz əksini tapır və sonra onların əsasında əsərlər yaranır. Müsabiqədən sonra bu əsərlər sərgidə nümayiş olunur.

– Müasir sənət ictimai düşüncə yaratmalıdır, yoxsa öz estetik zövqə xidmət etməlidir?

– Ümumiyyətlə, bu barədə hər kəsin öz düşüncəsi var. Mənim fikrimcə, sənətkar hansısa bir romanın, filmin, tamaşanın əsasında illüstrasiya yaratmamalıdır. Çünki dramı, şeiri yazan, filmi çəkən, musiqini bəstələyən artıq öz fikrini poeziya, musiqi vasitəsilə deyib. Rəssam da fəlsəfi fikirlərini yaratdığı əsərlə ictimaiyyətə çatdırmalıdır. Heykəl sükutda olsa belə, onun öz imkanları var və sənətkar bundan istifadə edərək fəlsəfi fikirlərini, düşüncəsini, mesajlarını həmin heykəl vasitəsilə verməlidir.

– Sizcə, əsl sənətkar özünü nə vaxt kəşf edir?

– Kim hansı sahədə çalışırsa, yəqin ki, bu, öz gücünü hiss etmək deməkdir. Rəssam, heykəltaraş da öz üzərində çalışdıqca, əsərlərinin keyfiyyəti artdıqca, müəyyən nailiyyətlər əldə etdikcə, artıq öz gücünə inanır və özünü kəşf edir.

– Əgər yaşadığımız dövrü bir heykəllə ifadə etməli olsaydınız, mövzu və obraz nə olardı?

– Çox mürəkkəb bir dövrdə yaşayırıq. Müstəqil Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib, suveren dövlətdir. Bu, böyük xoşbəxtlikdir. Bu qürurlu günləri yaşamaq hər xalqa qismət olmur. Biz şanlı Zəfərimizi bir heykəllə yox, böyük bir komplekslə ifadə etməliyik. Çünki burada deyilməli, qeyd olunmalı, yaradılmalı çox mövzu var.

– Bu il Prezident İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” ili elan olunub. Bu kontekstdə hansı layihələrin keçirilməsini vacib hesab edirsiniz?

– Ümumiyyətlə, şəhəri heykəllər bəzəyir. Maraqlı, düşündürən, dekorativ heykəllər nə qədər çox olarsa, əlbəttə, şəhər bir o qədər də gözəlləşər. Siz hər hansı bir şəhəri gəzəndə diqqətinizi ilk cəlb edən nə olur? Yəqin ki, şəhərin memarlığı. Təbii ki, parkları, meydanları bəzəyən heykəllər sizdə xoş təəssürat yaradır.

Memarlıq abidələri hər bir xalqın daşlaşmış yaddaşıdır. Təəssüf ki, bu yaddaşa qarşı bəzən çox amansız davranırıq. Xalqımızın tarixini özündə yaşadan, şəhərimizin simvoluna çevrilən və maddi-mənəvi dəyəri çox böyük olan bu abidələr üzərində bəzən kimlərsə “özünü ifadə etmək üçün sənət əsəri” yaradırlar. Təkcə aidiyyəti qurumlar deyil, yaşından, mövqeyindən asılı olmayaraq hər kəs belə laqeyd davranışlara qarşı mübariz olmalıdır.

Əlbəttə, bir abidə üzərində işləyəndə çalışırsan ki, ilk növbədə, cəmiyyət tərəfindən qəbul olunsun, eyni zamanda, həmkarların da sənin işini yüksək qiymətləndirsinlər. Bilirsiniz, heykəl, abidə sərgi deyil ki, 5 gün, 10 gün, bir həftə nümayiş olunsun, sonra yığışdırılsın. Abidələr qərinələrə, əsrlərə şahidlik edir və müəllif o abidəyə görə məsuliyyət daşıyır.

– Sizə milli rəssamlığımızın inkişafı yolunda yeni uğurlar arzulayırıq.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Chosen
6
1
xalqqazeti.az

2Sources