EN

Ağdaban faciəsi azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi - ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan tarixinin qanlı səhifələrindən biri də Ağdaban faciəsidir. Bu gün Ağdaban faciəsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Həmçinin 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb. Ağdabanlılar bu faciədən sonra belə öz doğma yurdlarını tərk etmədilər. Bununla belə kənd o zamankı AXC-Müsavat hakimiyyətinin günahı ucbatından ikinci dəfə eyni təcavüzə məruz qaldı və işğal edildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, 1993-cü il mart ayının 27-də ermənilərin Kəlbəcərə hücumu Ağdabandan başlamışdı. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viran qoymuşdular. Kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırımı törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olundu.

“Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, 200 ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub”,- deyə S.Vəliyev deyib.

Deputatın sözlərinə görə, Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

“Ağdaban faciəsinin qurbanlarının da qisası qiyamətə qalmadı. 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alınıb. Bu gün Kəlbəcər rayonu, o cümlədən Ağdaban kəndi azaddır. Hazırda azad olunmuş torpaqlarımızda möhtəşəm quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış prosesi uğurla davam edir, bu baxımdan Ağdaban sakinləri də öz yurdlarına qovuşacaqlar”, - deyə o vurğulayıb.

Chosen
4
1
azertag.az

2Sources