ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
İran növbəti dəfə “sülh planı” irəli sürdü - bu dəfə 10 maddəlik
Yaxın Şərqdə müharibənin yekunlaşması üçün danışıqlar prosesi davam etməkdədir. Yayılan xəbərlərə görə, Pakistan, Türkiyə və Misir vasitəsilə dolayısı ilə aparılan prosesdə tərəflər fərqli “sülh şərtləri” irəli sürürlər. Son olaraq aprelin 6-da Pakistanın tərəflərə təqdim etdiyi sülh şərtləri də qəbul edilməyib. Daha doğrusu, İran bu dəfə müharibəyə son qoymaq məqsədilə hazırladığı 10 bənddən ibarət planı Pakistan vasitəçiləri ilə ABŞ-yə təqdim edib. “The New York Times” ın məlumatına görə, rəsmi Tehran hücum edilməməsi barədə zəmanət, sanksiyaların tamamilə ləğvini və regiondakı müttəfiq qruplaşmalara qarşı zərbələrin dayandırılmasını tələb edir. Şərtlər arasında dağıdılmış infrastrukturun bərpası üçün təzminat ödənilməsi də yer alıb. Bunun müqabilində İran Hörmüz boğazını gəmilərin keçidi üçün açmağa hazır olduğunu bildirib. Lakin təklifdə hər bir gəminin keçidi üçün təxminən 2 milyon dollar rüsum ödənilməsi qeyd olunub. İddia edilir ki, toplanan vəsaitin bir hissəsinin infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.
İslamabad şərti qəbul edilmədi...
Məlumatda o da bildirilir ki, İran 45 günlük atəşkəsin də tərəfdarı deyil - Tehran daha çox uzunmüddətli sülh sazişinin vacibliyində israr edir. Xarici media Tehranın bu davranışını güvənsizliklə əlaqələndirirlər - onlar iddia edirlər ki, zəmanətin olmaması müvəqqəti atəşkəsin pozulması halında Tehran üçün kritik vəziyyət yarada bilər. Halbuki Pakistanın təklif etdiyi “İslamabad şərtləri”ndə tərəflərə daha geniş bir razılaşma barədə razılığa gəlmək üçün 15-20 gün vaxt verilməsi nəzərdə tutulurdu. Çərçivə razılaşması rolunu oynayacaq olan sənəd iki mərhələli yanaşmanı nəzərdə tuturdu və ikinci mərhələdə hərtərəfli razılaşmanın əldə edilməsini təklif edirdi.
İranın yeni iddiası - “Hizbullah”...
Yeni təklif olunan planda İranın “Hizbullah” kimi müttəfiq qruplarına qarşı hücumların dayandırılması da yer alır. Qeyd edək ki, hələ ilin əvvəlində Omanda və Cenevrdə keçirilən görüşlərdə ABŞ-ın İran qarşısına qoyduğu şərtlərdən biri “proksi” qüvvələrin maliyyələşdirilməsinin dayandırılması idi. Tehran isə bu şərti də qəbul etməmişdi - siyasi təhlilçilər İranın bu addımını bölgədə siyasi nüfuzunu qoruması üçün atdığını bildirirlər. Uzun on illiklər ərzində İranın ətrfaında formalaşdırdığı “hilal” təxminən bir neçə ildir ki, yox olmaq təhlükəsi yaşayır. İraqda İrana yaxın qüvvələrin siyasi səhnədən kənarlaşması, Suriyada Əsəd rejiminin devrilməsi (bu rejim uzun illər Yaxın Şərqdə İranın ən yaxın müttəifqi olub), HƏMAS-ın çökdürülməsi, paralel olaraq “Hizbullaha” qarşı müqavimətin şiddətləndirilməsi Tehranın ətrafında yaratdığ təhlükəsizlik xəttinin yarılması ilə nəticələnib. Siyasi analitiklər bildirirlər ki, indiki halda İranın əlindəki əsas rıçaqlar məhz Hörmüz boğazı, “proksi qüvvələr” və onu dəstəkləyən güclərə arxalanmasıdır. İrəli sürülən 10 maddəlik yeni plana nəzər saldıqda da bu bəlli olur - Tehran qarşı tərəfin əsas tələbləri olan nüvənin zənginləşdirilməsinin yolverilməzliyi və ya raket sistemləri ilə bağlı heç bir məsələni müzakirəyə çıxarmaq istəmir. Bildirilir ki, İran ilk mərəhələdə sülhü imzalayıb, sonradan məhz bərabərhüquqlu tərəflər kimi masa arxasında sözügedən bəndləri müzakirə etmək fikrindədir. Tehran üçün indiki halda nüvə, “proksi qüvvə” və ya raket sistemləri kimi məsələləri müzakirə etmək “məğlub” durumun göstəricisi sayılır.
Hörmüzdə “Panama” nümunəsi...
O ki qaldı, Hörmüz boğazı ilə bağlı ortaya çıxan yeni situasiyaya, bunun da səbəbləri fərqli istiqamətlərdə izah olunur. Qeyd edək ki, İran 28 fevralda başlayan müharibənin ilk günlərindən bəri Hörmüz boğazını bağlayıb. Lakin İran xəbər agentliyi “Tasnim”in məlumatına görə, aprelin 4-dən etibarən ölkə hakimiyyəti humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib. İran martın 25-də bəzi ölkələrin - Rusiya, Çin, Pakistan, Hindistan və İraqdan olan gəmilərin boğazdan keçməsinə icazə vermişdi. Xatırladaq ki, sülh dövründə dünya dəniz neft ticarətinin təxminən 25 faizi Hörmüz boğazından keçirdi.
İranın Hörmüzdən keçəcək gəmilərdən rüsum tələbi isə ortaya bəzi suallar çıxarıb. Qərb politoloqları Tehranın “Panama nümunəsi”nə istinad etdiyini deyirlər. Xatırladaq ki, bir müddət öncə Panama kanalında ABŞ ilə adıçəkilən logistik dəhlizin məxsus olduğu dövlət arasında narazılıqlar yaranmışdı. Donald Tramp Panama kanalından keçmək üçün “gülməli dərəcədə yüksək tariflərdən” şikayət etmişdi və onu ABŞ-ın nəzarətinə qaytarmaqla hədələmişdi. Panama prezidenti Xose Raul Mulino Amerika prezidentinin təhdidlərinə cavab olaraq bildirib ki, kanalın hər metri Panamaya məxsusdur. Nəticədə əldə olunan razılaşmaya görə, ABŞ gəmiləri Panama kanalından heç bir ödəniş etmədən keçə bilir və bu da ABŞ hökuməti üçün ildə milyonlarla dollar qənaət deməkdir. İranın da məhz bu situasiyaya yaxın bir vəziyyət yaratması ehtimalı iddia edilir - təklif olunan rüsum ABŞ-a aid olmaya da bilər. Başqa sözlə, bir müddət öncə də xarici mediada bildirildiyi kimi, ABŞ ilə İran Hörmüz üzərindən ortaq maraqlara əsaslanan iqtisadi “ortaqlıq” belə qura bilərlər. Nəzərə alsaq ki, ABŞ-ın əsas iddiası qlobal enerji təminatına təsir etmək imkanlarını əldə etmək kimi xarakterizə olunur - belə halda, dünya neftinin dörddə birini nəzarət altında saxlamaq ciddi təsir bağışlaya bilər. Hətta İran bu yolla milyardlar qazansa belə.
ABŞ razı deyil...
Beləliklə, danışıqlar prosesinin yeni mərhələdə belə uğur qazanması ehtimalı aşağı qiymətləndirilir. ABŞ-ın irəli sürülən təkliflərə “hə” deyəcəyi inandırıcı görünmür - hətta ABŞ prezidentinin bu “şərt mübadiləsini” mənfi qarşıladığı da ilk baxışdan bəlli olur. Təsadüfi deyil ki, hələ ilk mübadilə dövründə ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək bildirmişdi ki, əgər rəsmi Tehran razılığa gəlməsə və ya Hörmüz boğazını açmasa, 48 saatdan sonra ölkəni “həqiqi cəhənnəm” gözləyir. Tramp bu barədə özünə məxsus “Truth Social” şəbəkəsində paylaşım etmiş, Tehran administrasiyasına qarşı kəskin ifadələr işlətmişdi: “İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınızmı? Vaxt daralır - onların üzərinə həqiqi cəhənnəm çökməsinə cəmi 48 saat qalıb”.
Bu dəfə də münasibət fərqli olmayıb. Donald Tramp yeni şərtlər haqqında danışıb - o bildirib ki, Tehran Vaşinqtona münaqişənin həlli üçün “əhəmiyyətli təklif” təqdim edib, lakin ABŞ bunu qeyri-kafi hesab edir. Onun sözlərinə görə, İran tərəfi həqiqətən də Vaşinqtonun əhəmiyyətli addım hesab etdiyi bir təşəbbüs irəli sürüb. Lakin siyasətçi dərhal bu təklifin Amerika tərəfini tam qane etmədiyini vurğulayıb.
P.İSMAYILOV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.