EN

Rza Pəhləvi İsveç parlamentində – sürgündən siyasətə dönüş?

İsveç parlamentində diqqət çəkən siyasi hadisə baş vermək üzrədir.

Musavat.com xəbər verir ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvi bazar ertəsi günü İsveç parlamentinə dəvət olunub və onun burada çıxış edəcəyi gözlənilir.

Məlumata görə, dəvət İsveç Demokratları və Xristian Demokratlar tərəfindən təşkil olunub. Görüşün detalları tam açıqlanmasa da, səfərin fevral ayından etibarən hazırlandığı bildirilir. Xristian Demokratların xarici siyasət sözçüsü Maqnus Berntsson bu addımı diaspor üçün “vacib və simvolik hadisə” kimi qiymətləndirib.

Onun sözlərinə görə, bir çox iranlı Pəhləvini ölkədə mümkün demokratik dəyişikliklərin birləşdirici fiquru hesab edir. Lakin bu yanaşma hamı tərəfindən qəbul edilmir. Diasporun bir hissəsi şah dövrünün sərt idarəçiliyini xatırladaraq Pəhləviyə skeptik yanaşır və onun İran daxilində real dəstəyinin zəif olduğunu düşünür.

İsveç siyasətçiləri isə İran rejimini regionda sabitsizlik yaratmaqda ittiham edir və bu məsələni Avropanın təhlükəsizliyi ilə əlaqələndirirlər. Qeyd olunur ki, İsveç təhlükəsizlik qurumları da rəsmi Tehranın ölkə daxilində müəyyən şəbəkələrdən istifadə etdiyinə dair xəbərdarlıqlar edib.

Xristian Demokratların lideri Ebba Buş də daha əvvəl İran rejiminə qarşı keçirilən aksiyalarda iştirak edib və Pəhləviyə dəstəyini açıq şəkildə ifadə edib. İsveç tərəfi hesab edir ki, demokratik İran perspektivi onların milli təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.

Musavat.com

Chosen
26
musavat.com

1Sources