EN

İki həftəlik PAUZA nə verəcək? – Əsas GÖZLƏNTİ

“ABŞ və İsrailin İranla iki həftəlik atəşkəsə nail olaraq qarşıdakı danışıqlarda ortaq məqsədlərə riayət edəcəklərini elan etməsi, həm taktiki, həm də strateji baxımdan mühüm bir mesajdır”.

Bu barədə politoloq Yusif Bağırzadə ABŞ ilə İranın arasında atəşkəs əldə edilməsi və bundan sonrakı iki həftədə nəzərdə tutulan danışıqların necə nəticələnə biləcəyi barədə Musavat.com-a şərhində bildirib.

Politoloq qeyd edib ki, atəşkəs razılaşması bundan sonra da tərəflərin müəyyən razılaşmalar əsasında hərəkət edəcəyini göstərir:

“Bu, eyni zamanda, ABŞ və İsrail üçün İranın nüvə proqramı, ballistik raketlər və digər təhlükələr sahəsində maksimum nəticə əldə etməyə yönəlmiş bir strategiyanın başlanğıcıdır. İrəli sürülən tələblər həm ABŞ, həm də İsrail üçün regionda strateji üstünlük və təhlükəsizlik təmin etmək baxımından prioritetdir, lakin real olaraq Tehran üçün bu şərtlərin tam qəbul edilməsi çox çətindir və birbaşa təhlükəsizlik və suverenlik məsələlərinə toxunur.

İranın bütün nüvə materiallarını ölkədən çıxarması, uranın zənginləşdirilməsini dayandırması və ballistik raket proqramına ciddi məhdudiyyətlər qoyması, onun regional və strateji mövqeyini ciddi şəkildə zəiflədə bilər. Bu cür addımlar Tehranın hərbi və siyasi elitası üçün “qırmızı xətt” kimi qəbul edilir və daxili ictimai rəy baxımından da həssasdır. Belə bir razılaşmaya getmək İran üçün həm daxili siyasi stabilliyi risk altına qoyur, həm də regional nüfuzunu məhdudlaşdırır. Bu səbəbdən ABŞ və İsrailin gözləntilərinə uyğun tam razılıq real görünmür”.

Politoloq hesab edir ki, real ssenari çox güman ki, nüvə proqramının müəyyən səviyyədə monitorinq altında saxlanması, uranın zənginləşdirilməsində məhdudiyyətlərin qoyulması və ballistik raket proqramının bəzi texniki tələblərə tabe edilməsi formatında olacaq:

“Bu kompromis həm ABŞ-nin təhlükəsizlik məqsədlərinə cavab verə bilər, həm də İranın tamamilə geri çəkilməsini tələb etmədən danışıqlar prosesini davam etdirməyə imkan yaradır. Bununla belə, onu da qeyd etmək lazımdır ki, qısa müddətli atəşkəs, real və davamlı sülhün təminatı deyil. Uzunmüddətli sülh və stabillik üçün ABŞ və İranın həm hərbi-siyasi, həm də iqtisadi sahələrdə qarşılıqlı anlaşmaya və real kompromislərə getməsi vacibdir”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
41
50
musavat.com

10Sources