EN

Tramp NATO ilə münasibətləri qırılma həddinə gətirir

Vaşinqtonla Avropa arasında gərginlik sürətlə artır.

Musavat.com xəbər verir ki, “Politico”nun analitik yazısında (müəlliflər: Eli Stokols və Viktor Cek) NATO-nun baş katibi Mark Ruttenin Ağ Evə səfərinin alyans üçün ən çətin sınaqlardan birinə çevrildiyi qeyd olunur.

Məqalədə bildirilir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı münaqişədə aydın nəticə əldə etmək istəyərkən Avropa müttəfiqlərinə qarşı getdikcə daha sərt mövqe sərgiləyir. Bu isə transatlantik münasibətlərdə ciddi çatlar yaradır.

Qeyd olunur ki, Tramp NATO-nun İran məsələsində ona dəstək verməməsindən narazıdır və qapalı görüşlərdə bu narazılığını açıq şəkildə ifadə edir. Hətta o, ABŞ-ın alyansdakı roluna yenidən baxdığını bildirib.

Müəlliflərin fikrincə, Tramp formal olaraq NATO-dan çıxmaq üçün Konqresin razılığına ehtiyac duysa da, alternativ yollarla ABŞ-ın öhdəliklərini azalda bilər. Bunlara maliyyənin kəsilməsi, Avropadakı hərbi mövcudluğun azaldılması və Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasının məhdudlaşdırılması daxildir.

Eyni zamanda Avropada da ABŞ-a qarşı narazılıq artır. Bir sıra ölkələr Vaşinqtonun İran siyasətinə qoşulmaqdan imtina edib, bəziləri isə ABŞ-ın hərbi əməliyyatları üçün öz ərazilərindən istifadə olunmasına icazə verməyib.

Avropa rəsmiləri bildirir ki, Trampın siyasəti alyans daxilində etimadı zəiflədir. Fransa prezidenti Emmanuel Makron ABŞ-ın öhdəlikləri ilə bağlı şübhələr alyansı zəiflətdiyini bildirib.

Avropa Parlamentinin müdafiə komitəsinin üzvü Natali Luazo isə bildirib ki, NATO müttəfiqləri ABŞ-ın hücuma məruz qalacağı halda dəstək verməyə hazırdır, lakin səbəbsiz müharibələrdə iştirak etməməlidir.

Məqalədə NATO daxilində də İran məsələsində vahid mövqe olmadığı vurğulanır və bunun vəziyyəti daha da mürəkkəbləşdirdiyi qeyd olunur. Bəzi ekspertlər hesab edir ki, Tramp hazırkı vəziyyətdə NATO-nu İran müharibəsinin uğursuzluqları üçün “günah keçisi” kimi göstərməyə çalışır.

“Politico”nun təhlilinə görə, Rutte-nin səfəri alyansı qorumaq baxımından mühüm əhəmiyyət daşısa da, Trampın mövqeyi dəyişməzsə, NATO ilə ABŞ arasında münasibətlərdə daha dərin və bəlkə də geri dönməz çatlar yarana bilər.

Musavat.com

Chosen
13
musavat.com

1Sources