EN

Ağdaban faciəsi xalqımızın yaddaşında daim yaşamalıdır - Nadir Azəri

1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndində baş verən faciə xalqımızın tarixində silinməz iz buraxan ən ağır müsibətlərdən biri kimi yadda qalıb. Dinc insanların vəhşicəsinə qətlə yetirilməsi, yaşlıların, qadınların və uşaqların amansızlıqla diri-diri yandırılması, bütöv bir kəndin yer üzündən silinməsi təkcə bir yaşayış məntəqəsinə qarşı deyil, insanlığa və bəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayət idi.

“Tarix boyu müxtəlif xalqlar işğalçı qüvvələrin, imperiyaların hücumlarına, qanlı qətliamlara və soyqırımlarına məruz qalıb. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan xalqı da bu baxımdan ən çox əziyyət çəkmiş xalqlardan biridir. Zaman-zaman mənfur qonşularımız xarici güclərin dəstəyindən istifadə edərək xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımları və insanlığa sığmayan cinayətlər törədiblər”. Bunu "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, şiyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür faciələrdən biri də 1992-ci ilin aprelində Kəlbəcər rayonunun Ağdaban kəndində baş verib: “Bəlli olduğu kimi həmin gecə 130 evdən ibarət kənd tamamilə yandırılaraq yer üzündən silinmiş, 779 nəfər dinc sakin ağır zərər çəkmiş, 32 nəfər amansızlıqla qətlə yetirilmişdir. Qətlə yetirilənlər arasında ahıl yaşlı insanlar, qadınlar və körpələr də olmuş, bəzi sakinlər diri-diri yandırılmışdır. Bu hadisə erməni silahlı dəstələrinin törətdiyi növbəti vəhşiliyin bariz nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, bu ermənilərin xalqımıza qarşı törətdiyi nə ilk, nə də son cinayət idi. 1905–1907-ci illərdə, 1918-ci ilin mart soyqırımı zamanı və sonrakı dövrlərdə də Azərbaycan xalqı oxşar qətliamlara məruz qalmışdır. Sovet İttifaqının dağılması ərəfəsində isə yaranmış siyasi vəziyyətdən istifadə edən erməni millətçiləri bu cinayətləri daha da genişləndirmişdir”.

N.Azəri deyib ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi: “Bu qələbə eyni zamanda xalqımıza qarşı törədilmiş cinayətlərin qisasının alındığının simvoluna çevrildi. Bu gün qarşıda duran əsas vəzifələrdən biri bu faciələrin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə çatdırılmasıdır. Dövlət bu istiqamətdə mühüm addımlar atır, cinayətkarların məsuliyyətə cəlb olunması üçün hüquqi və siyasi müstəvidə fəaliyyət göstərir. Eyni zamanda, hesab edirəm ki, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük vəzifə düşür. Azərbaycan QHT-ləri bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, faciələrin səbəblərinin və cinayəti törədənlərin arxasında duran xarici qüvvələrin ifşa olunması istiqamətində davamlı və sistemli fəaliyyət göstərməlidirlər. Özü də bu fəaliyyət təkcə faciələrin ildönümü günlərində deyil, hər gün, hər an aparılmalıdır”
“Ən əsası isə xalq olaraq biz bu qanlı hadisələri, kütləvi qətliamarı və soyqırımlarını unutmamalı, yaddaşımızda yaşatmalı və gələcək nəsilləri bu tarixi həqiqətlərlə maarifləndirməliyik. Çünki tarix göstərir ki, faciələrini unudan xalqlar gələcəkdə yenidən eyni təhlükələrlə üz-üzə qala bilər” deyə N.Azəri sonda əlavə edib.

Fatimə Nəbiyeva

Chosen
24
qht.az

1Sources