EN

Normadan artıq yağıntı kənd təsərrüfatına necə təsir etdi – Məhsuldarlıq və qiymətlər necə gözlənilir?

Son günlər müşahidə olunan intensiv yağıntılar təkcə gündəlik həyatı deyil, eyni zamanda kənd təsərrüfatı sektorunu da diqqət mərkəzinə gətirib. Mövsümi balansdan kənara çıxan hava şəraiti aqrar sahədə həm məhsuldarlıq, həm də bazar qiymətləri ilə bağlı yeni suallar formalaşdırır. Xüsusilə fermerlər və istehlakçılar üçün əsas məqam ondan ibarətdir ki, bu proseslər yaxın dövrdə kənd təsərrüfatı məhsullarının istehsalına və qiymət dinamikasına necə təsir göstərəcək.
Moderator.az məsələni daha dərindən təhlil etmək və yaranmış suallara aydınlıq gətirmək üçün Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli və iqtisadçı Natiq Cəfərli ilə müzakirə etdi.

Akif Nəsirli bildirdi ki, son günlər Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar kənd təsərrüfatı üçün müəyyən risklər yaradır:

"Çox yağış torpağın suya doymasına səbəb olur. Bu da bitkilərin köklərində oksigen çatışmazlığına, çürüməyə və kök xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, su basmaları torpağı yuyaraq qida maddələrinin itirilməsinə və torpaq strukturunun pozulmasına səbəb ola bilər.

Ən çox risk altında olan əkin növləri əsasən suya həssas bitkilərdir. Məsələn, tərəvəzlər, pomidor, soğan, kartof və kök tərəvəzləri çox suya məruz qalanda çürüməyə meylli olurlar. Taxıl sahələrində isə həddindən artıq su buğda və arpanın kök sisteminə ziyan vura, məhsuldarlığı azalda bilər. Meyvə ağacları və üzüm bağları da uzun müddət suyun altında qaldıqda kök xəstəliklərinə yoluxa bilər".

Ekspert vurğuladı ki, eyni zamanda yağış hansı meyvə bağının çiçək tozlanmasi fazasına düşürsə məhsuldarlığı aşağı salır:

"Təsərrüfat sahibləri bu vəziyyətə qarşı bir sıra tədbirlər görə bilərlər. Əsas tədbir torpağın suyu yaxşı əmilən vəziyyətə gətirilməsi, lazım gələrsə, su axıdıcı kanalların açılmasıdır. Bitkilərin kök xəstəliklərinə qarşı qabaqlayıcı dərmanlama aparmaq, yüksək rütubətli sahələrdə sıx əkini azaltmaq faydalıdır. 
Meyvə və tərəvəz bağlarında isə torpağın üzərini malçla örtmək və ya yüksəldilmiş səthlərdə əkin aparmaq köklərin çürüməsinin qarşısını ala bilər. Əlavə olaraq, suyun çox toplandığı sahələrdə əkin mövsümünü və suvarma planını tənzimləmək də riskləri azaldır.
Qısacası, normadan artıq yağıntılar müəyyən dərəcədə zərər riski yaradır, amma düzgün torpaq idarəçiliyi və qabaqlayıcı tədbirlər ilə bu riskləri minimuma endirmək mümkündür".

Mövzuya iqtisadi prizmadan yanaşan Natiq Cəfərli isə qeyd etdi ki, hava şəraiti kənd təsərrüfatına ciddi təsir göstərə bilər:

"Hazırda həm çiçəklənmə dövrü, həm də əkin mövsümü tam sürətlə başlamayıb. Yağıntılar əkin olunmuş sahələrdə suyun yığılmasına və şumlama ilə bağlı problemlərin həllinə müəyyən mənada kömək edə bilər. Lakin, bəzi ərazilərdə su basqınları ziyan da verə bilər. Azərbaycanda sığorta sistemi mövcud olsa da, təəssüf ki, hələ tam oturuşmayıb. 
Fermerlərin ərazilərini sığortalamaları üçün kifayət qədər təşviq və izahat verilmir, bu da potensial ziyanı artırır. Məhsuldarlıq az olarsa, məntiqlə bazarda qiymət artımını yazın sonu, yayın əvvəllərində hiss edə bilərik".

Pərvin Şakirqızı 

Chosen
8
1
moderator.az

2Sources