EN

Dünya ÇALXALANIR - Nüvə təhlükəsi sovuşub, yoxsa... - ŞOK DETALLAR

ABŞ ilə İran arasında əldə olunan 14 günlük atəşkəs razılaşması dünya gündəmini dəyişən əsas hadisəyə çevrilib. Uzun müddətdir artan gərginlik, qarşılıqlı təhdidlər və hərbi ritorika fonunda bu addım ilk baxışda böyük eskalasiyanın qarşısını alan mühüm dönüş nöqtəsi kimi görünür. Xüsusilə, əldə olunan bu razılıq mümkün nüvə qarşıdurması riskinin müəyyən qədər arxa plana keçməsi kimi təsir bağışlayır.

Bu atəşkəs həqiqətən də nüvə müharibəsi təhlükəsini tam aradan qaldırırmı, yoxsa sadəcə müvəqqəti sakitlikdir? Razılaşma davamlı sülhə aparan yolun başlanğıcıdır, yoxsa daha böyük qarşıdurma öncəsi strateji fasilədir?

badam.jpeg

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında yeni müharibə təhlükəsinin hələ də qaldığını söyləyib:

“ABŞ prezidenti Donald Tramp hər dəfə vaxtı uzadanda İrandan təkliflər aldığını və müqavilə yolu ilə məsələlərin həll olunacağını deyirdi. Amma İran tərəfi Trampın bəyantlarından sonra dərhal təkzib verirdi və ABŞ ilə hər hansı razılaşmanın olmadığını bildirərək öz şərtlərini irəli sürürdü. Dünən axşam isə Donald Tramp İrana verdiyi vaxtın bitdiyini və qədim bir sivilizasiyanın məhv olacağını, bunu istəmədiyini açıqladı. Bu bəyanat İrana danışıqlarla bağlı çağırış idi. Vaxtın bitməsinə bir saat qalmış Pakistan baş naziri Şahbaz Şərif Trampla danışaraq İranın atəşkəsə razı olduğunu və iki həftə atəşkəs istədiyini bildirdi. Tramp dərhal reaksiya verərək iki həftə atəşkəsi qəbul etdiyini açıqlayaraq hərbi əməliyyatların dayandırılmasına göstəriş verdi.

Görünən odur ki, ABŞ-nin bütün siyasi və hərbi təzyiqləri nəticəsiz qalmışdı və bu dövrdə İrandan hər hansı bir cavab almağını gözləyirdi ki, müharibənin gedişatını dəyişsin. Yəni son məqamda nüvə silahının işlədiləcəyi ehtimalları meydana gəlmişdi. İranın atəşkəsə razılaşması da nüvə silahı ilə bağlı çağırışların meydana gəlməsi ilə əlaqədar olduğunu hesab edirəm. İndi tərəflər iki həftəlik atəşkəsə razılaşıblar. Maraqlısı isə danışıqların hansı şərtlər və təkliflər əsasında davam edəcəyi ilə bağlıdır. Yəni bu gün ABŞ-nin şərtləri və ya İranın təqdim etdiyi sülh planı ilə müharibənin başa çatacağı dünyanın gözlədiyi ən əsas xəbərdir. Burada görünən odur ki, ABŞ İranın şərtlərini qəbul edib müharibəni dayandırmağa qərar versə, bu Amerikanın dünyadakı nüfuzuna böyük zərbə olacaq və dollar beynəlxalq valyuta statusunu itirəcək. İranın isə bu dövrdə sözünün üstündə dayandığı kimi, danışıqlar prosesində də öz mövqeyini dəyişməyəcəyi görünür. Nəticədə tərəflərin qarşlıqlı şəkildə güzəştə gedəcəyini hesab edirəm. Əks halda hərbi əməliyyatların yenidən davam etdirilməsi ehtimalı reallığa çevrilə bilər. Hərbi əməliyyatların yenidən başlaması isə heç bir tərəfə üstünlük qazandırmayacaq.

Müvəqqəti atəşkəs müharibənin başa çatması deyil və hər zaman yenidən hərbi əməliyyatların eskalasiya ehtimalları böyük olaraq qalır”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
17
musavat.com

1Sources