EN

Bitki örtüyü və kənd təsərrüfatı yağışlı hava şəraitindən necə təsirlənir? - EKOLOQ DANIŞDI

"Müasir dövrdə iqlim dəyişiklikləri fonunda atmosfer yağıntılarının miqdarı və paylanması daha dəyişkən xarakter almışdır. Bu dəyişikliklər xüsusilə bitki örtüyünün inkişafına və kənd təsərrüfatı fəaliyyətinə birbaşa təsir göstərir. Yağışlı hava şəraiti həm təbii ekosistemlər, həm də aqrar sahə üçün əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, yağıntıların normaya uyğun olması ilə normadan artıq olması arasında təsir baxımından ciddi fərqlər mövcuddur: "Normal səviyyədə yağıntılar torpağın rütubət balansını qoruyur və bitkilərin vegetasiya dövründə sağlam inkişafına şərait yaradır. Torpağın kifayət qədər nəmlənməsi bitki köklərinin dərin qatlara doğru inkişafını sürətləndirir, qida maddələrinin mənimsənilməsini artırır və məhsuldarlığın yüksəlməsinə səbəb olur. Eyni zamanda yağışlar çəmənliklərin və otlaq sahələrinin bərpasına müsbət təsir göstərərək heyvandarlığın yem bazasının möhkəmlənməsinə kömək edir. Yerüstü və yeraltı su ehtiyatlarının artması da kənd təsərrüfatının su təminatında mühüm rol oynayır.

Bununla yanaşı, uzunmüddətli və normadan artıq yağıntılar kənd təsərrüfatı üçün müəyyən risklər yaradır. Belə hallarda torpağın üst münbit qatı yuyularaq eroziya prosesləri güclənir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə bu proses torpaq məhsuldarlığının azalmasına səbəb olur. Artıq rütubət bitkilərdə göbələk mənşəli xəstəliklərin yayılmasını sürətləndirir, toxumların cücərmə qabiliyyətini zəiflədir və kök sisteminin zədələnməsinə gətirib çıxarır. Nəticədə məhsul itkisi riski artır.

Həddindən artıq yağışlar həmçinin əkin sahələrinin su altında qalmasına səbəb ola bilər. Bu isə torpaqda hava mübadiləsini pozur və bitkilərin normal inkişafını ləngidir. Belə şəraitdə kənd təsərrüfatı texnikasının sahələrə daxil olması çətinləşir, aqrotexniki tədbirlərin vaxtında aparılması mümkün olmur. Bu amillər ümumilikdə məhsuldarlığın azalmasına təsir göstərir.

Azərbaycanın təbii-coğrafi şəraiti baxımından yağıntıların təsiri regionlar üzrə fərqlənir. Dağlıq ərazilərdə intensiv yağıntılar torpaq eroziyası və sürüşmə riskini artırır. Aran rayonlarında isə uzunmüddətli yağışlar su basma və torpaqların şoranlaşması təhlükəsini yarada bilər. Bununla belə, yaz aylarında müşahidə olunan normal yağıntılar taxılçılıq, bağçılıq və tərəvəzçilik sahələrinin inkişafı üçün əlverişli hesab olunur.

Yağışlı hava şəraiti bitki örtüyünün inkişafında və kənd təsərrüfatının davamlılığında mühüm rol oynayır. Lakin yağıntıların optimal səviyyədə olması vacib şərtdir. Bu səbəbdən iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarının düzgün idarə olunması, torpaqların mühafizəsi və müasir aqrotexniki üsulların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva
Chosen
7
1
sia.az

2Sources