"Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də rekonstruktiv, yəni icbari sığorta zərfinə daxil olan kodlar üzrə rekonstruktiv əməliyyatlar sığorta zərfinə daxil edilən əməliyyatlardır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayım zamanı Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov dedi.
O əlavə etdi ki, göz qapağı yanıqları üzrə rekonstruksiya artıq sığortamızda nəzərdə tutulub:
"Ümumi olaraq yanaşsaq, əməliyyatları rekonstruktiv və estetik əməliyyatlar olmaqla iki qrupa ayırırıqsa, burada qeyd olunanlar rekonstruktiv əməliyyatlardır. Bunlar hansı əməliyyatlardır, izah edim: həyati və funksional vaciblik təşkil edən əməliyyatlar. Yanıqlar və yanıqdan sonra yaranan funksional çatışmazlıqları aradan qaldırmaq üçün həyata keçirilən bərpa əməliyyatlarıdır. Məsələn, göz qapaqları yanıb və xəstənin göz qapaqları bağlanmır. Bu əməliyyat aparılmadıqda, keratit adlandırdığımız gözün iltihablanmasına və xəstənin kor olmasına qədər gedib çıxır.
Birinci növbədə yanıq sonrası problemlər qeyd olunur. Həmçinin yanıqdan sonra əllərdə, barmaqlarda yaranan bitişikliklər, hərəkətli nahiyələrdə, oynaq bölgələrində, bədənin müxtəlif hissələrində, boyun nahiyəsində yaranan və sinexiya adlandırılan bitişik çapıq toxumaları ciddi şəkildə həyat fəaliyyətinə təsir edir. Məsələn, xəstələr başını çevirə bilmir, çənə sinəyə yapışır, uzana bilmir, qidalana bilmir, normal həyat şəraitini davam etdirə bilmir.
Birinci qrup yanıq sonrası problemlərdir. İkinci qrup kongenital, yəni anadangəlmə qüsurlardır. Bu anadangəlmə qüsurlara nələr daxildir, izah edim: bitişik barmaqlar (sindaktiliya adlandırılan barmaq bitişiklikləri), çoxbarmaqlılıq (polidaktiliya), makrodaktiliya adlandırılan böyük barmaqlar və ya hipertrofik ekstremitələr, barmağın anadangəlmə olmaması. Həmçinin azbarmaqlılıq (brakidaktiliya), duplikasiya adlandırılan barmaq anomaliyaları da bu qrupa daxildir və bunlar anadangəlmə üst ətraf anomaliyaları hesab olunur.
İkinci istiqamət damarsal patologiyalardır. Buraya hemangiomlar, venoz malformasiya adlandırılan toplardamar mənşəli formalaşmalar daxildir. Bunlar, məsələn, qanaxmaya səbəb olur. Göz qapağında yerləşdikdə görməyə, dodaqda yerləşdikdə qidalanmaya maneə törədir. Dil üzərində yerləşdikdə isə xəstələr qidalana bilmir. Venoz malformasiyalar zamanı həyati təhlükə yaradan qanaxmalar baş verir. Bu malformasiyalar da qeyd olunan qrupa daxildir. Bundan əlavə, dovşandodaqlıq və qurdağızlıq ən çox rast gəlinən patologiyalardandır və bu patologiyaların aradan qaldırılması mütləqdir".
NURİYYƏ