EN

Bir vəkil Vəkillər Kollegiyasından xaric edilib, birinə cərimə tətbiq olunub

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

VK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, daimi dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Həmçinin iclasda bəzi vəkillərin vəkil kabineti yaratmaları, vəkil kabinetinin fəaliyyət göstərdiyi ünvanının dəyişilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən daxil olan müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul olunmuş qərarlara əsasən yol verilmiş intizam pozuntularına görə 1 vəkil kollegiyadan xaric edilib və 1 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə edilib və zəruri qərarlar qəbul olunub.

Chosen
2
21
azertag.az

10Sources