EN

Torpaq sahələrinin bahalaşmasının əsas səbəbləri nədir? - AÇIQLAMA

Son illərdə daşınmaz əmlak sektorunda müşahidə olunan qiymət artımları torpaq sahələrinin də satış qiymətlərinə təsir göstərib. Xüsusilə çıxarışlı torpaqlarda qiymət artımı daha qabarıq hiss olunur. Belə ki, son dəyişikliklərə əsasən, 2023-cü ilin oktyabr ayından etibarən çıxarışı olmayan torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilmir. Həmçinin bu ərazilərdə inşa edilən evlərin kommunikasiya xətləri ilə təmin olunması da mümkün olmur.

Bu barədə əmlak eksperti Elnur Fərzəliyev Missiya.Az-a danışıb.

"Son illərdə, xüsusilə də son üç il ərzində torpaq bazarında qiymət artımı daha çox çıxarışlı və çıxarışda təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilən ərazilərdə müşahidə olunur. Bu tip torpaqların sayının məhdud olması da qiymətlərin yüksəlməsini şərtləndirən əsas amillərdəndir",-eksper bildirib.

Elnur Fərzəliyevin sözlərinə görə, digər tərəfdən, paytaxt ərazisində yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalması mövcud torpaqların satış qiymətlərinin artmasına səbəb olur. Tikinti şirkətləri də yeni çoxmənzilli binalar inşa edərkən çox vaxt köhnə yaşayış massivlərini sökərək həmin ərazilərdə tikinti aparmağa məcbur qalırlar."Bu proses xüsusilə mərkəzi ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin qiymətinin kəskin artmasına gətirib çıxarır. Hər hansı mövcud tikilini söküb yenidən inşa etmək mümkün olsa da, yeni torpaq sahələrinin əldə edilməsi praktiki olaraq qeyri-mümkün olduğundan torpaqlar tükəndikcə onların satış qiymətlərində davamlı artım müşahidə olunur",-E.Fərzəliyev əlavə edib.

İlahə QənbərliMissiya.Az

Chosen
27
missiya.az

1Sources