EN

Baş həkim: Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti bərpaedici əməliyyatlardır

Bakı, 8 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov deyib.

Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalardan sonra alınan xəsarətlərlə bağlı aparılır: “Alınan travmalar nəticəsində üz, əl və ya bədənin başqa hissəsində deformasiya yaranarsa, biz həmin nahiyəni yenidən formalaşdırırıq. Yanıq hallarından sonra dəri büzüşür, hərəkət məhdudlaşa bilər. Bu zaman xüsusi əməliyyatlarla həm görünüş, həm də hərəkət funksiyası bərpa olunur. Onkoloji əməliyyatlardan sonra məsələn, süd vəzi xərçəngi səbəbilə döş götürüldükdən sonra yenidən formalaşdırılması (rekonstruksiya) aparılır ki, pasiyent həm fiziki, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etsin. Anadangəlmə qüsurlar, o cümlədən dodaq-damaq yarığı kimi problemlər əməliyyatla düzəldilir, uşaq normal danışıq və qidalanma funksiyasına qovuşur”.

Baş həkim qeyd edib ki, bu əməliyyatlar yalnız görünüş deyil, insanın normal yaşaması üçün vacibdir. “Bununla yanaşı, klinikamızda estetik əməliyyatlar da geniş şəkildə həyata keçirilir. Bu əməliyyatlar daha çox insanın öz görünüşündən razı qalması və özünəinamının artması üçün edilir. Klinikada ən çox estetik, burun (rinoplastika), göz qapağı, qarın (abdominoplastika) piylərin götürülməsi (liposaksiya) süd vəzi əməliyyatları aparılır. Həmçinin minimal prosedurlar olan iynə vasitəsilə edilən botoks və dolğularla qırışlar azaldılır və üzə daha təravətli görünüş verilir. Biz estetik əməliyyatlarda da çalışırıq ki, nəticə təbii görünsün və insanın özünə uyğun olsun, yəni süni dəyişikliklərdən uzaq dururuq. Hədəf pasiyent auditoriyamız genişdir – həm sağlamlığını bərpa etmək istəyən pasiyentlər, həm də görünüşünü yaxşılaşdırmaq istəyən şəxslər bizə müraciət edə bilərlər. Amma bizim üçün tibbi zərurəti olan rekonstruktiv əməliyyatlar hər zaman daha ön plandadır. İcbari tibbi sığorta isə əsasən məhz bu cür zəruri rekonstruktiv əməliyyatları əhatə edir. Estetik məqsədli əməliyyatlar isə hazırda bu paketə daxil deyil”, - deyə o vurğulayıb.

Dilqəm Məmmədov vurğulayıb ki, Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün də belə bir klinikanın açılması çox ciddi mərhələdir. Ən böyük dəyişiklik ondan ibarətdir ki, tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinik mühitdə öyrənəcəklər: “Tibbdə ən vacib məsələlərdən biri də praktikadır. Tələbələr universitet dövründə klinik təcrübə keçsələr də, müasir və yaxşı təşkil olunmuş klinika onların bu imkanlarını daha da genişləndirir. Həmçinin klinikada tələbələr xəstələrin müayinəsində iştirak edir, həkimlərin qərarvermə prosesini canlı izləyir, müasir tibbi avadanlıqlarla və komanda şəklində işləməyi mənimsəyirlər. Bu isə onların gələcəkdə daha hazırlıqlı həkim kimi formalaşmasına ciddi təsir edir”.

 

Chosen
10
3
azertag.az

5Sources