BAKI, 8 aprel. TELEQRAF
Qızılın qiyməti mart ayında 12% azalaraq bir unsiya üçün 4 608 ABŞ dollarına enib və bu, 2013-cü ilin iyunundan bəri ən zəif aylıq göstərici kimi qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) aylıq araşdırmasında qeyd edilib.
Bildirilib ki, qızıl ötən ay əsas valyutaların hamısında dəyər itirsə də, ilin əvvəlindən etibarən hələ də artımını qoruyur.
Məlumata görə, mart ayında qızılın ucuzlaşması fundamental amillərlə deyil, əsasən investorların borclarını azaltmaq üçün aktivlərini satması (deleverecinq) və likvidlik dinamikaları ilə bağlı olub.
Həmçinin mərkəzi bank müdaxilələri və mümkün satışlarla bağlı spekulyasiyalar da qiymətlərə aşağı yönlü təzyiq göstərib. Belə ki, Türkiyənin Mərkəzi Bankı tərəfindən təxminən 50 ton qızılın, əsasən svop əməliyyatları vasitəsilə girov kimi istifadə olunması satışlarla bağlı şayiələri gücləndirib. Oxşar addımlar 2023-cü il zəlzələsi və COVID-19 pandemiyası dövründə də atılıb.
Araşdırma sənədində qeyd edilib ki, 2017-ci ildən etibarən qızılın əsas alıcılarından biri olan Türkiyənin bu qərarı bazar dalğalanmaları zamanı qızılın ehtiyat aktiv kimi əhəmiyyətinin dəyişməz qaldığını bir daha təsdiqləyir.
Ekspertlərin fikrincə, Yaxın Şərqin bəzi bölgələrində bazar fəaliyyətində baş verən pozuntuların mart ayında qlobal qızıl qiymətlərinə əhəmiyyətli təsir göstərməyib.
Qızılın müsbət trendinin bərpasına dair müəyyən ilkin siqnallar müşahidə olunsa da, qısamüddətli risklər – o cümlədən mərkəzi bankların aktivləşməsi və əlavə deleverecinq prosesləri qalmaqdadır.