EN

Deputatdan sərt reaksiya: “Azərbaycana qarşı məqsədyönlü kampaniya aparılır”

ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabatı kəskin etirazlara səbəb olub. Hesabatda Azərbaycanda dini azadlıqların pozulması və dini icmalara təzyiq göstərilməsi ilə bağlı səsləndirilən iddialar obyektiv əsaslara söykənmir və daha çox bəzi qrupların qərəzli lobbiçilik yanaşmasının nəticəsi kimi görünür. Bu cür yanaşmalar ölkədəki faktiki vəziyyəti düzgün əks etdirmir, əksinə, Azərbaycanın həm milli, həm də beynəlxalq müstəvidə dini tolerantlığın inkişafı istiqamətində atdığı əhəmiyyətli addımları diqqətdən kənarda qoymağa cəhd kimi dəyərləndirilir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azay Quliyev Musavat.com-a şərhində bildirib ki, sözügedən hesabatın hazırlanma üslubu və məzmunu onun obyektivlikdən uzaq, siyasi motivlər əsasında yazıldığını deməyə əsas verir.

AZAY.jpg

Deputat qeyd edib ki, sənəddə irəli sürülən iddialarda müəyyən maraq qruplarının, o cümlədən erməni lobbisinin izi açıq şəkildə hiss olunur:

“Belə ki, hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Qarabağda heç bir fərq qoymadan dini abidələri bərpa etməsi ilə bağlı təşəbbüsləri bilərəkdən təhrif olunur. Bu da təsadüfi deyil, çünki Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən, separatizmə və xəstə “miatsum” ideologiyasına son qoyduqdan sonra ABŞ-nin aqressiv erməni diasporunun keçmiş münaqişə ilə bağlı fəaliyyətinə yer qalmadı. Lakin erməni diasporu və onların ələ aldığı ABŞ siyasətçiləri bu kimi köhnə və ikrah hissi doğuran narrativləri bu cür hesabatlara daxil etməklə öz varlıqlarını və regiona təsir imkanlarını qorumağa çalışırlar. Lakin bu çox köhnəlmiş və primitiv bir metod kimi artıq işləmir. Bütün obyektiv ekspertlər və siyasətçilər çox gözəl bilir ki, Azərbaycan uzun illərdir multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qalan bir dövlətdir. Ölkəmizdə müxtəlif dinlərə və etnik mənsubiyyətlərə malik insanlar azad və təhlükəsiz şəraitdə yaşayır, onların hüquq və azadlıqları tam təmin olunur, hər hansı ayrıseçkilik hallarına yol verilmir. Bu reallıq beynəlxalq səviyyədə dəfələrlə təsdiqini tapıb”.

Deputat vurğulayıb ki, hesabatda yer alan məlumatların qərəzli olması onun etibarlılığına ciddi şübhələr yaradır:

“Təəssüf doğuran hal ondan ibarətdir ki, bu cür sənədlər bəzən müəyyən siyasi dairələrin təsiri altında hazırlanaraq regionda formalaşmış yeni reallıqları və Azərbaycanın əldə etdiyi nailiyyətləri zədələmək istəyindən irəli gəlir. Aydın görünür ki, bu hesabat Azərbaycana qarşı aparılan məqsədyönlü informasiya kampaniyasının tərkib hissəsidir və xüsusilə ölkəmizin əldə etdiyi uğurları və qələbəni həzm edə bilməyən qüvvələrin təsiri altında formalaşıb. Sənəddəki iddiaların səthi və əsaslandırılmamış xarakter daşıması isə onun peşəkar yanaşmadan uzaq olduğunu göstərir. Ümid edirik ki, hesabatı hazırlayanlar, o cümlədən ABŞ-nin Dövlət Departamenti məsələyə yenidən baxacaq, obyektiv və balanslı yanaşma nümayiş etdirərək Azərbaycanla bağlı gedən yanlış məlumatları düzəldəcək və beynəlxalq ictimaiyyətə düzgün hesabat təqdim edəcəklər”.

Nigar Həsənli
Musavat.com

Chosen
19
musavat.com

1Sources