EN

ABŞ-ın atəşkəsi yenidən qəfil pozması təhlükəsi hələ qalır...



Akif Nağı: “...Müharibənin yenidən alovlanması ehtimalı çoxdur”

İran və ABŞ arasında davam edən müharibənin dayandırılması üçün iki həftəlik atəşkəs elan olundu. Bəzi ekspertlər hesab edirlər ki, atəşkəsin pozulması ehtimalı az deyil. Bəzilərinə görə, ABŞ prezidenti Donald Tramp gözlənilmədən atəşkəsi poza bilər, bəzi ekspertlərin fikrincə isə atəşkəsin İsrail tərəfindən pozulmaq ehtimalı daha yüksəkdir, bu halda isə ABŞ İsraili müdafiə məqsədilə məcbur qalıb İrana növbəti dəfə hücum edə bilər. Təbii ki, bunlar ehtimallardır.

Ola bilərmi ki, Tramp razılaşmanı bir neçə gün sonra yenə pozsun və İrana qəfil zərbələr vursun?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, İranla ABŞ arasında bu atəşkəsin davam edib etməyəcəyi hər kəsi düşündürür: “Bu gün hər kəsi düşündürür ki, bu atəşkəsin doğrudanmı, yeni bir prosesin başlanğıcının əsasını qoyacaq, münasibətləri nizama salacaq, sülh müqaviləsi imzalanacaq, həqiqətmi bu proses bu şəkildə gedəcək, yoxsa hərbi münaqişə başlayacaq?Bu hər kəsi düşündürür. Atəşkəsin əldə olunmasını müsbət qarşılamaq lazımdır ki, müharibəni dayandırdılar. Çünki bu proses yüksələn xəttlə gedirdi və böyük fəlakətlər baş verərdi. Danışıqlar gedir, məsələnin taleyi ortaq məxrəcə gəlinməsindən aslıdır. Amerikanın mövqeyi ondan ibarətdir ki, indiki mərhələdə Hörmüz boğazı açılsın. Amma İran hələlik bu mövqe ilə hesablaşmır. Belə görünür ki, müzakirələrə ilkin razılışıb. Çünki Pakistan vasitəçi olaraq hər iki tərəfə mövqe təklif etdi. ABŞ-a təklif etdi ki, atəşi dayandırsın, İrana datəklif olundu iki, Hörmüz boğazını açsın. Yəni hər iki tərəf buna razılaşdı. Danışıqlar bu müstəvidə gedəcək. Bu yöndə nəticə əldə olunacaq, yoxsa yox? Müharibə ilkin olaraq başlayanda da Amerikanın planları vardı, əsas məqsəd o idi ki, İranda nüvə tədqiqatları dayandırsın, İran silahlı proksi qüvvələrə dəstəkdən imtina etsin, eyni zamanda İranın daxilində kütləvi hərəkatlara qarşı ölümlə müşaiət olunan böyük represiyalara son qoyulsun. ABŞ-ın təklifləri bundan ibarət idi. İranın da məqsədi maksimum müdafiə olunmaq və özü gücünü göstərmək, Amerika və İsrail qarşısından geri çəkilmədiyini nümayiş etdirsin. İsrailin də öz məqsədləri vardı. Amma bu məsələlərin heç biri həll olunmayıb. Baxmayaraq ki, bütün tərəflər özünü qalib elan edir, amma nəticə yoxdur, heç kəs öz məqsədinə, hədəfinə çatmayıb. İran Amerikanın təhlükəsini aradan qaldırmayıb, ABŞ qüvvələri birbaşa İranın yaxınlığında yerləşir, Körfəz ölkələrinin əksəriyyəti İrana qarşı müharibəyə qoşulmağa hazırdır”.

A.Nağı hesab edir ki, atəşkəs elan olunsa da İran təhlükəni özündən uzaqlaşdıra bilməyib, eyni zamanda ABŞ da istədiyi nəticələrə nail olmayıb. “Nə qədər gizlətsə də Amerikanın hədəflərindən biri o idi ki, İranda siyasi rejimi dəyişsin və buna da nail ola bilmədi. Yəni qarşılarına qoyduqları hədəflərə nail ola bilmədiklərinə görə müharibənin yenidən alovlanması ehtimalı çoxdur. Ancaq ümid edək ki, hər iki tərəf məsələyə düşünərək, məntiqlə yaxınlaşacaq və sülhün həm onların özləri, həm də bütün dünya üçün vacib olduğunu başa düşəcəklər”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA

Chosen
20
baki-xeber.com

1Sources