EN

Ölkəmiz İranla münasibətlərdə hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir Deputat

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.

Danışıq zamanı dövlət başçısı İranla ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın bu təbriki çox yüksək qiymətləndirilməlidir:

"Bu, ilk növbədə ölkəmizin İranla münasibətlərdə hər zaman mehriban qonşuluq siyasətinə sadiq qaldığını nümayiş etdirir. Müharibənin gedişatı zamanı Azərbaycanın İrana bir neçə dəfə humanitar yardım göstərməsi, İran rəsmilərinin – həm ölkə prezidenti, həm də xarici işlər nazirinin bu addımları təqdir edərək minnətdarlıqlarını bildirmələri bunun bariz nümunəsidir. Bu yanaşma bir daha təsdiqləyir ki, beynəlxalq münasibətlər sistemindəki mövcud turbulentlik şəraitində Azərbaycan qonşu bölgələrdə sülh və əmin-amanlığın bərqərar olmasında son dərəcə maraqlıdır. Rəsmi Bakı bütün mübahisə və narazılıqların məhz danışıqlar yolu ilə həllini dəstəkləyir. Prezidentin iki həftəlik atəşkəsin elan olunması münasibətilə ünvanladığı təbrik də məhz bu fundamental prinsipləri ehtiva edir".

Müsahibimiz əlavə etdi ki, ən pis sülh ən yaxşı müharibədən üstündür:

"Sülh şəraitində insan tələfatı, dağıntılar və faciələr yaşanmır, kritik infrastruktur hədəfə alınmır, dünyanı sarsıdan maliyyə və enerji böhranları baş vermir. Bu baxımdan, sözügedən təbrik həm də regionda təhlükəsizliyin təmin olunmasını alqışlayan mühüm bir addımdır. Burada həlledici məqam münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək dialoqa üstünlük verməsidir. Artıq aprelin 10-da İslamabadda ABŞ və İran rəsmiləri arasında danışıqların keçiriləcəyi gözlənilir. ABŞ tərəfi nümayəndə heyətinin tərkibini artıq açıqlayıb. Hesab edirəm ki, iki həftəlik atəşkəs dağılmış infrastrukturun bərpasına imkan yaratmaqla yanaşı, Hörmüz boğazı ətrafındakı gərginliyi də azaldacaqdır".

Millət vəkilinin sözlərinə görə, dünyanın enerji bazarlarındakı sabitlik birbaşa Hörmüz boğazının işlək vəziyyətdə olmasından asılıdır:

"Son həftələrdə neft və qaz bazarlarında yaşanan dalğalanmalar məhz bu strateji nöqtədəki proseslərlə bağlı idi. Gərginliyin azalması zəncirvari reaksiya verərək həm iqtisadi, həm də siyasi müstəvidə müsbət təsirini göstərəcəkdir. Beləliklə, münaqişə tərəflərinə ünvanlanan bu təbrik dünyanı mövcud böhrandan çıxarmağa xidmət edən, hələlik kövrək olsa da, sülhün təmin olunması yolunda atılan olduqca vacib bir addımdır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
redaktor.az

2Sources