EN

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə ABCC 2026 finalı keçirilib -Fotolar



Azərbaycan Biznes Keys Müsabiqəsi (ABCC) 2026-nın final mərhələsi uğurla baş tutub. Müsabiqənin əsas məqsədi gənclər arasında analitik düşüncənin, strateji yanaşmanın və real biznes problemlərinin həlli bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ABCC 2026 müsabiqəsinin platinum sponsorlarından biridir və bu təşəbbüs vasitəsilə ölkədə insan kapitalının inkişafına, gənc istedadların dəstəklənməsinə töhfə verməkdədir.

Bu il müsabiqəyə ümumilikdə 93 komanda qatılıb onlardan yalnız 26 komanda müsabiqədə iştirak hüququ qazanıb. 4 komanda isə final mərhələsinə yüksəlib. Finalda iştirak edən komandalar Harvard Business Review materialları əsasında hazırlanmış, qlobal texnologiya şirkəti olan Nvidia və onun süni intellekt strategiyasına dair maraqlı biznes keysi üzərində işləyərək öz həll yollarını təqdim ediblər.

Final mərhələsində Veysəloğlu Şirkətlər Qrupunu Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova təmsil edib. O, çıxışı zamanı bu kimi müsabiqələrin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu platformalar yeni dövrün tələblərinə uyğun olaraq tələbələrin real biznes keyslərini müstəqil təhlil etməsi, strateji baxış və qərarvermə bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm rol oynayır.

S. Nəzərova bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu məhz bu səbəbdən dəstəklədiyi layihələrdə təhsil tərəfdaşlarına xüsusi diqqət ayırır və özəl sektorda real çağırışlara cavab verə bilən, strateji düşünən gənc kadrların hazırlanmasına önəm verir.

Müsabiqənin nəticələrinə əsasən, 1-ci yerin qalibi ADA Universitetinin komandası, 2-ci və 3-cü yerlərin qalibləri isə UNEC komandaları olub. 3-cü yerin qalib komandasına mükafat Veysəloğlu Şirkətlər Qrupunun nümayəndəsi Sənubər Nəzərova tərəfindən təqdim edilib.

Final mərhələsinin qiymətləndirilməsi BP, Kapital Bank, PwC, Azercell və digər aparıcı şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib və müsabiqənin şəffaf, obyektiv və yüksək standartlara uyğun keçirilməsi təmin olunub.



Chosen
13
aia.az

1Sources