EN

Tramp: İranla atəşkəs razılaşması ətrafında yayılan məlumatlar saxta və manipulyativdir...

ABŞ Prezidenti yalnız rəsmi şərtlərin etibarlı olduğunu bildirir, qeyri-rəsmi mənbələri “fırıldaqçı” adlandırır…

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşması ətrafında yaranmış ziddiyyətli məlumatlara münasibət bildirib. O, qeyd edib ki, son günlər müxtəlif “sazişlər”, “siyahılar” və “məktublar” adı altında yayılan informasiyaların əksəriyyəti danışıqlarla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən dövriyyəyə buraxılır.

Trampın sözlərinə görə, bu məlumatları yayan şəxslər arasında “açıq-aşkar fırıldaqçılar, şarlatanlar və daha pisləri” mövcuddur. ABŞ lideri vurğulayıb ki, hazırda federal səviyyədə aparılan araşdırmalar tamamlandıqdan sonra bu şəxslərin kimliyi tezliklə ifşa olunacaq.

ABŞ Prezidentinin açıqlamasına əsasən, Vaşinqton üçün qəbul edilə bilən yalnız bir konkret şərtlər paketi mövcuddur və məhz həmin “maddələr” qapalı danışıqlar çərçivəsində müzakirə olunur. Tramp bildirib ki, bu şərtlər artıq əldə olunmuş atəşkəs razılaşmasının da əsasını təşkil edir və “rasional, işlək və həyata keçirilməsi asan” prinsiplərə söykənir.

O, əlavə edib ki, mediada yayılan çoxsaylı versiyalar reallığı əks etdirmir və ictimaiyyəti çaşdırmağa xidmət edir. Tramp xüsusilə CNN telekanalını tənqid edərək bildirib ki, son yayımlarda “səlahiyyəti olmayan və belə məktublar yazmaq hüququ olmayan” bir mənbəyə istinad olunub, lakin bu şəxs əsassız şəkildə etibarlı mənbə kimi təqdim edilib.

ABŞ Prezidentinin bu sərt açıqlaması İranla danışıqlar prosesinin ətrafında informasiya müharibəsinin də paralel şəkildə getdiyini göstərir. Analitiklər hesab edir ki, bu cür ziddiyyətli məlumatlar həm diplomatik prosesi çətinləşdirir, həm də tərəflər arasında etimadın formalaşmasına mənfi təsir göstərir.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources