Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edərək, İranla ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib.
Əlbəttə, İranda müharibənin bitməsi və ümumiyyətlə, olmaması bir qonşu ölkə kimi Azərbaycanın maraqlarına tam uyğundur. Ölkəmiz hər zaman regionda sülh, əminamanlıq, beynəlxalq hüquqa riayət olunması, ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq və tərəfdar olub. Lakin təəssüf ki, İran və Rusiya, eləcə də onların dəstəklədiyi Ermənistan da daxil olmaqla öz qonşularından eyni münasibəti görməyib. Bundan sonra da İranın faktiki dəyişən rəhbərliyinin qonşularına, xüsusilə Azərbaycana münasibətinin nə dərəcədə dəyişəcəyi, necə olacağı bəlli deyil. Eləcə də İranda real hakimiyyətin kimlərin, yaxud kimin əlində olduğu da tam bəlli deyil və bu şəxsin Pezeşkian olmadığı açıq-aydın görünür…
Digər yandan, qəribə, eyni zamanda da gözlənilən odur ki, əldə edilən atəşkəs razılaşmasından sonra İranın bu savaşda qalib kimi təqdim olunmasına ən çox sevinənlərdən biri Ermənistan, xüsusilə də onun qatı millətçi, eləcə də ruspərəst siyasi qüvvələridir.

Məsələn, Ermənistandakı tanınan politoloqlardan və hərbi ekspertlərdən biri olan Armen Ayvazyan erməni mətbuatına açıqlamasında deyib ki, İran rejimi ABŞ və İsraillə müharibədə “bütün regionda öz qüdrətini effektiv şəkildə nümayiş etdirdi”. O iddia edib ki, “Ermənistanın düşmənləri olaraq qalan” Türkiyə və Azərbaycan guya İranın zəifləyəcəyini və parçalanacağını gözləyirdilər: “Bu, onlara sözdə "Tramp Yolu"nun köməyi ilə bütün regionu ələ keçirməyə imkan verəcəkdi. İndi, heç olmasa Azərbaycan Ermənistana hücum etmək və Sünik(Zəngəzur) bölgəsini ələ keçirmək riskinə getməyəcək. Onlar çox yaxşı başa düşürlər ki, İran bir dəfə raketləri ilə zərbə endirərsə, bütün məsələlər dərhal öz-özünə həll olunacaq”. Erməni politoloq hətta İranın bundan sonra çəkinmədən Bakı-Tbilisi-Ceyhan boru kəmərini belə hədəf ala biləcəyinə işarə vurub. Onun sözlərinə görə, guya Bakı və Ankara Cənubi Azərbaycanın Azərbaycan Respublikası ilə birləşməsini arzulasa da, İran rejimi artıq gücləndiyindən heç vaxt buna imkan verməyəcək. Türkiyə isə İsrailə qarşı aqressiv ritorika ilə çıxış etsə də, faktiki olaraq, İsraillə ortaq iqtisadi və hərbi-strateji maraqlara malikdir…
Bu cür erməni politoloqların öz millətinə xas həmişəki təxribat və ara qarışdırmağa yönələn çirkin xislətindən irəli gələn şərhləri bu günlərdə xeyli çoxalıb. Bu, ilk növbədə onların İrandakı teokratik, irticaçı və ermənipərəst rejimin özünü “qalib” elan etməsindən ruhlandıqlarını göstərir. Hansı ki, əgər gerçək sülhə nail olunarsa, əsl qalib, əlbəttə, dəyanət göstərən İran xalqıdır, ona uzun illərdir zülm verən hakim rejim yox…
Bir sözlə, erməni revanşistləri İrandakı rejimin “qələbəsinə” sevinir və bunu Azərbaycana, Türkiyəyə proyeksiya etməyə çalışırlar. Baxmayaraq ki, həm Azərbaycan, həm də Türkiyə bu hərbi əməliyyatın ilk günlərindən təcavüzü pisləmiş, İran xalqına hər cür yardım göstərməyə çalışmışdı. Məsələn, kürd qruplaşmalarının İrana qarşı quru əməliyyatına başlamasının da qarşısını böyük ölçüdə Türkiyə və şəxsən Rəcəb Tayyib Ərdoğan alıb. Bunu Qərb mətbuatı kəşfiyyat mənbələrinə istinadla yazıb.
Müharibə birmənalı olaraq bitdimi? Çətin sualdır. Bu müharibənin tamamilə haqsız, ədalətsiz, beynəlxalq hüquqa zidd olduğunu unutmaq olmaz. Ancaq istənilən halda, böyük müharibələrdə qələbə zəka və iradə tələb edir. Tramp kimi psixi problemli, siyasi intellektsiz, isterik birisi gerçək qələbəyə qadir və layiq deyil. Tramp milyardlarla dollar xərclədi, dünya iqtisadiyyatını dərin böhranın astanasına gətirdi. Ən böyük “uğuru” da o oldu ki, özünün başlatdığı qəddar müharibə nəticəsində bağlanan Hörmüz boğazını bu dəfə bütün istehsalçı və istehlakçı ölkələr üçün daha ağır şərtlərlə açmağa nail oldu. Bundan da qazanan yenə İran rejimi olacaq. Həmçinin, sanksiyaların aradan qaldırılması müzakirə olunur. Bu da rejimin xeyrinədir və bütün bunlardan gələn qazancların İran hakimiyyətinin əhalinin sosial vəziyyətinə deyil, yenidən silahlanmaya xərcləyəcəyi heç bir şübhə doğurmur…

Nəticədə Tramp İrandan heç nə almadı. Lakin İran artıq Hörmüz boğazını rəsmi olaraq “özəlləşdirib”, oradan keçid üçün rüsum alacaq və Çinin, Rusiyanın köməyi ilə tez bir zamanda özünü bərpa etməyə çalışacaq. Üstəlik, İran rejimi qlobal iqtisadiyyatın ondan nə qədər asılı, onun “boğazından tutmağın” nə qədər asan olduğunu anladı. İran hakimiyyəti indi qlobal reketlə məşğul ola, istədiyini tələb edə bilər - əks halda boğazı bağlayacağıq.
O həmçinin, nüvə proqramını kəskin şəkildə sürətləndirməyə həvəslənəcək. Yalnız öz nüvə silahı proqramının sürətli inkişafı rejimə yeni Amerika-İsrail hücumlarına qarşı təminat verə bilər. Putin Rusiyası isə ona buna nail olmağa kömək etməkdə maraqlıdır.
İsrail də heç nəyə nail olmadı. Netanyahunun “sağ qalmaq” yolu yalnız İranda baş verənləri “qələbə” kimi təqdim edib, eyni zamanda Livanda və ya Fələstində müharibəni davam etdirməkdir. Onun və uzun hakimiyyəti boyu radikallaşdırdığı, qəddarlaşdırdığı İsrail toplumunun böyük hissəsinin başqa cür yaşamaq şansı və yolu yoxdur…
Görünən odur ki, İran rejimi üçün Ermənistan yenə “qırmızı cizgi” olaraq qalacaq, hətta onun “qırmızısı” daha da tündləşəcək. Azərbaycan üçünsə vacib olanı sülhün bərqərar olması, nə İrandan, nə də başqa bir aqressiv qonşusundan təhlükə görməmək, kiminsə Zəngəzur dəhlizi də daxil olmaqla, ölkəmiz üçün əhəmiyyət daşıyan layihələrə, eləcə də onun daxili və xarici siyasətinə “burun soxmamasıdır”…
Cəlal Məmmədli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.