EN

Vaxtından əvvəl ölüm riskini 12% artıran faktor nədir?

Yuxusuzluq vaxtından əvvəl ölüm riskini 12% artırır.

Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə somnoloq Aleksandr Kazaçenko danışıb.

“Uzunmüddətli yuxusuzluq həyat üçün ən çox qiymətləndirilməyən risk faktorlarından biridir. Bir sıra araşdırmalara görə, gündə 7 saatdan az yatan insanlarda istənilən səbəbdən ölüm ehtimalı orta hesabla 12 faiz artır”, - deyə Kazaçenko bildirib.

O vurğulayıb ki, hətta bir dəfəlik yuxusuzluq belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Əgər gecə yuxusu çatışmazlığı xroniki hala çevrilərsə, əsəbilik və ya apatiya, emosional tükənmişlik və depressiya yaranır. Üstəlik, depressiya da yuxunun keyfiyyətini pisləşdirir və vəziyyəti daha da ağırlaşdırır.

Həkimin sözlərinə görə, xroniki yuxusuzluqla ürək-damar və digər xəstəliklərin riski arasında açıq əlaqə var. Yuxu çatışmazlığı orqanizmin tam bərpasına mane olur, nəticədə hətta adi gəzinti belə daha çox enerji tələb edir. Bu isə adrenalinin artmasına, ürək döyüntüsünün sürətlənməsinə və təzyiqin yüksəlməsinə səbəb olur.

Kazaçenko əlavə edib ki, insan enerjisini qorumaq üçün fiziki aktivliyi şüurlu şəkildə azaldarsa, bu, çəki artımına, hərəkətsizliyə və nəticədə həyati təhlükəli ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxara bilər.

Həmidə İbrahimova

Chosen
22
1
olke.az

2Sources