EN

Milli Kimlik və Qlobal Çağırışlar: Azərbaycan Modeli - Elşad Mirbəşiroğlu açıqladı



Müasir qlobal siyasi proseslər fonunda milli maraqların qorunması və milli identikliyin möhkəmləndirilməsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Qloballaşmanın sürətləndiyi, mədəni sərhədlərin nisbətən zəiflədiyi bir dövrdə bu məsələlər daha da aktuallaşır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi siyasət və əldə etdiyi nəticələr xüsusi diqqət çəkir.Gundelik.az xəbər portalının suallarını politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu cavablandırır.

Azərbaycanın milli maraqları və identiklik məsələsi qlobal siyasi axınlar fonunda necə formalaşır?

– Müasir dünyada milli maraqlar və milli identiklik məsələsi olduqca əhəmiyyətlidir. Qloballaşma artıq dönməz xarakter alıb və bu proses müəyyən mənada xalqlar arasında fərqliliklərin zəifləməsinə gətirib çıxarır. Belə bir şəraitdə bütün dövlətlər öz milli maraqlarını və identikliyini eyni səviyyədə qoruyub saxlaya bilmir. Milli identiklik əsrlər boyu formalaşmış mənəvi, mədəni və tarixi dəyərlərin məcmusudur. Dil, din, adət-ənənələr və ümumi mənəvi-psixoloji bağlar bu identikliyin əsasını təşkil edir. Bu dəyərləri qoruyub saxlayan xalqlar həm də güclü dövlətlər qurur və milli maraqlarını daha aydın şəkildə müəyyənləşdirə bilirlər.

Azərbaycan bu baxımdan hansı mövqedədir?

– Biz bu gün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı milli identikliyini qoruyub saxlamağı və onu daha da möhkəmləndirməyi bacaran xalqlardandır. Milli identikliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bu siyasət İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Eyni zamanda Mehriban Əliyeva da Azərbaycanın mədəni irsinin dünyada təbliği, ölkəmizin multikultural dəyərlərinin təqdim olunması baxımından mühüm rol oynayır.

Milli identikliyi səciyyələndirən əsas komponentlər hansılardır?

– Burada bir neçə əsas komponenti qeyd edə bilərik. Ən başlıcası Azərbaycan dilidir. Dil xalqı birləşdirən ən mühüm amildir və ölkəmizdə onun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bundan əlavə, dini dəyərlər də mühüm rol oynayır. Azərbaycanda dini etiqad azadlığı təmin olunur, məscidlər bərpa edilir və yeniləri inşa olunur, xüsusilə azad edilmiş ərazilərdə bu istiqamətdə geniş işlər görülür. Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən kompleks tədbirlər milli identikliyin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın milli maraqları hansı istiqamətlər üzrə müəyyənləşir?

– Milli maraqlar zamana və şəraitə uyğun olaraq dəyişə bilər. Bir müddət əvvəl Azərbaycanın əsas milli marağı ərazi bütövlüyünün təmin olunması idi və bu məsələ uğurla həll edildi. Xüsusilə İkinci Qarabağ müharibəsi bu baxımdan həlledici rol oynadı.

Hazırda isə əsas prioritetlər sırasında suverenliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması və müdafiə qabiliyyətinin artırılması dayanır. Ordunun gücləndirilməsi, yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması bu istiqamətdə atılan mühüm addımlardır.

İqtisadi və beynəlxalq əməkdaşlıq milli maraqlara necə təsir edir?

– Azərbaycanın milli maraqlarının mühüm komponentlərindən biri də davamlı iqtisadi inkişafdır. Bu gün dünyada həm siyasi, həm də iqtisadi böhranlar müşahidə olunsa da, Azərbaycan sabit inkişaf tempini qoruyub saxlaya bilir.

Ölkəmiz müxtəlif dövlətlərlə uğurlu əməkdaşlıq qurub, iqtisadiyyatını şaxələndirir və yeni inkişaf istiqamətləri müəyyənləşdirir. Əhalinin sosial rifahının yüksəldilməsi də milli maraqların əsas elementlərindən biridir. Bununla yanaşı, beynəlxalq münasibətlərdə konstruktiv və balanslı siyasət yürüdülməsi Azərbaycanın mövqelərini daha da gücləndirir.

Gələcək nəsillər üçün Azərbaycanın rolunu necə qiymətləndirmək olar?

– Azərbaycan gələcək nəsillər üçün həm milli identikliyini qoruyan, həm də qlobal sistemə uğurla inteqrasiya olunan bir dövlət modeli kimi çıxış edir. Bu model milli-mənəvi dəyərlərin qorunması ilə müasir inkişafın uzlaşdırılmasına əsaslanır. Azərbaycan həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq baxımından mühüm aktor kimi öz mövqeyini möhkəmləndirir.

Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan bu gün həm milli maraqlarını, həm də milli identikliyini effektiv şəkildə qorumaq və inkişaf etdirmək gücünə malik olan nadir dövlətlərdən biridir.



Chosen
41
aia.az

1Sources