EN

Qalyamovdan iddia: Ən təhlükəli mərhələ indi başlayır – İranda çevriliş riski artır

Rusiyalı politoloq Abbas Qalyamov atəşkəsdən sonra İranda daxili qarşıdurmanın güclənə biləcəyini iddia edib.

Musavat.com xəbər verir ki, rusiyalı politoloq Abbas Qalyamov ABŞ və İran arasında əldə olunan atəşkəsdən sonra ölkə daxilində siyasi proseslərin yeni mərhələyə keçdiyini bildirib.

Onun sözlərinə görə, bu atəşkəs qələbə deyil, daha çox taktiki addımdır və ABŞ prezidenti Donald Tramp üçün həm neft qiymətləri, həm də ictimai rəy baxımından təzyiqləri azaltmağa xidmət edir.

Qallamov qeyd edir ki, müharibə dövründə İran hakimiyyəti səfərbərlik hesabına daha da möhkəmlənib və real güc əsasən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əlində cəmləşib. Bu isə ölkə daxilində ciddi ziddiyyətlər yaradıb.

Ekspertin fikrincə, prezident Məsud Pezeşkian və bəzi dini dairələr icra hakimiyyətinin geri qaytarılmasını istəyir, lakin SEPAH buna müqavimət göstərir.

O vurğulayır ki, atəşkəsdən sonra siyasi “demobilizasiya” başlayır və bu, hakimiyyət daxilində balansın dəyişməsi üçün şərait yaradır:
“Əgər mötədil qüvvələr güclü koalisiya qura bilsə, müharibə zamanı mümkün olmayan dəyişikliklər indi reallaşa bilər”.

Qalyamov xüsusilə diqqət çəkən məqamı da qeyd edir:
“Siyasi elm göstərir ki, çevriliş üçün ən riskli dövr müharibə zamanı deyil, məhz ondan sonrakı mərhələdir. Statistikaya görə, çevrilişlər adətən müharibədən sonra bir il ərzində baş verir”.

Onun fikrincə, hazırda İranda hakimiyyət daxilində parçalanma əlamətləri görünür və müxtəlif qruplar ABŞ-la danışıqları kimin aparmalı olduğu məsələsində belə razılığa gələ bilmir.

Politoloq hesab edir ki, hazırda ölkədə faktiki olaraq ikihakimiyyətlilik riski yaranır və bu, gələcək siyasi dəyişikliklər üçün zəmin formalaşdırır.

Beləliklə, Qalyamovun təhlilinə görə, atəşkəs münaqişəni dayandırsa da, İran daxilində daha mürəkkəb və potensial təhlükəli siyasi proseslərin başlanğıcını qoyur.

Musavat.com

 

Chosen
26
musavat.com

1Sources