EN

Azərbaycandan yardım, İrandan təşəkkür

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İrana göstərdiyi humanitar yardım regionda baş verən proseslər fonunda diqqət çəkən addımlardan biri kimi qiymətləndirilir. Bu təşəbbüs yalnız ehtiyacların qarşılanmasına yönəlmiş humanitar addım deyil, eyni zamanda iki qonşu ölkə arasında münasibətlərin inkişafına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm amil kimi önə çıxır.

Rəsmi Bakının bu addımı, beynəlxalq humanitar prinsiplərə sadiqliyin və balanslı xarici siyasətin davamı olmaqla yanaşı, regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. Azərbaycan siyasətçiləri bu barədə hansı düşüncədədir?

“İrana göndərilən bu yardımın xüsusi mənəvi çəkisi var”

Milli Məclisin deputatı Elnarə Akimova Hafta.az-a bildirir ki, tarixin böyük savaşlara şahidlik etdiyi bu çətin anlarda Azərbaycanın İrana növbəti humanitar yardımı nümunəvi  addımlardan biridir.

Deputat hesab edir ki, humanitar addımın arxasında güclü siyasi iradə və insani dəyərlərə sadiq lider dayanır. Onun sözlərinə görə, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə təkcə öz milli maraqlarını qoruyan dövlət deyil, həm də regionda və dünyada humanizm dəyərlərini təşviq edən nüfuzlu aktora çevrilib. Bu baş verənlər göstərir ki, əsl liderlik yalnız güc nümayiş etdirməkdən ibarət deyil, əsl liderlik çətin anlarda kiminsə əlindən tutmağı bacarmaqdır.

Deputat qeyd edir ki, İrana göndərilən bu yardımın xüsusi mənəvi çəkisi də var, çünki o torpaqlarda milyonlarla soydaşımız yaşayır:

“Onların taleyi, onların rifahı Azərbaycan üçün heç vaxt yad məsələ olmayıb. Bu yardım həm də bir mesajdır - siz tək deyilsiniz. Harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan sizin yanınızdadır. Bu, milli birliyin sərhəd tanımayan təzahürüdür”.

E.Akimova eyni zamanda vurğulayır ki, İlham Əliyev, artıq yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də söz sahibi olan, hadisələrin axarına təsir göstərən dünya miqyaslı lider kimi qəbul olunur:

“Onun apardığı siyasət nəticəsində Azərbaycan qlobal humanitar təşəbbüslərin iştirakçısına çevrilib, müxtəlif bölgələrdə ehtiyacı olan insanlara dəstək göstərən etibarlı tərəfdaş kimi tanınıb. Bu addım, həm də bir daha sübut edir ki, Azərbaycan öz gücünü yalnız iqtisadi və hərbi imkanlarında deyil, həm də mənəvi dəyərlərində görür. Yardım göndərmək - bu, sadəcə resurs paylaşmaq deyil, bu, mərhəmət və sevgi paylaşmaqdır”.

“Azərbaycanın verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilməlidir”

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov qeyd edir ki, humanitar yardım  məsələsi beynəlxalq praktikada qəbul olunmuş yanaşma kimi qiymətləndirilir. Burada yalnız siyasi mesajdan deyil, eyni zamanda, humanitar aspektdən də danışmaq lazımdır.

Onun sözlərinə görə. bəzi hallarda bu kimi addımlar sırf siyasi jest kimi təqdim edilsə də, humanitar yardım faktoru açıq şəkildə özünü göstərir:

“Xüsusilə nəzərə alsaq ki, həmin ərazilərdə yaşayan soydaşlarımız var, bu məsələ bizim üçün həm də mənəvi əhəmiyyət daşıyır.

Azərbaycan dövləti hər zaman digər ölkələrlə münasibətlərini beynəlxalq hüquq normalarına uyğun şəkildə qurur. Bu baxımdan, həm humanitar, həm də siyasi komponentlərin paralel şəkildə mövcud olması təbii haldır. Eyni zamanda, regionda zaman-zaman yaranan gərginliklərin aradan qaldırılması da bu kimi addımlarda nəzərə alınan əsas amillərdəndir. Azərbaycan region ölkəsi kimi siyasi balansın qorunmasına və təhlükəsizliyin təmin olunmasına daim töhfə verib. Bu, xüsusilə son dövrlərdə baş verən hadisələr fonunda daha aydın görünür və ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Bu isə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən mühüm amillərdən biri kimi qiymətləndirilir”.

R.Hüseynov eyni zamanda qeyd edir ki, bəzi diplomatik jestləri təşəkkür ifadələrini qiymətləndirmək üçün hələ tezdir. Bu, daha çox siyasi etiket çərçivəsində başa düşülməlidir. Ölkələr arasında mövcud olan münasibətlər incə balans üzərində qurulub və bu əlaqələrin qorunması üçün diplomatik addımların atılması vacibdir:

“Hazırda dünyada baş verən proseslər, yeni qlobal düzənin formalaşması və dövlətlərarası münasibətlərin dəyişməsi bu məsələləri daha da mürəkkəbləşdirir. Ona görə də bu kimi addımları geniş kontekstdə və strateji baxışla təhlil etmək zəruridir. Bəzi hallarda ayrı-ayrı dövlətlər öz gücünü nümayiş etdirmək məqsədilə düşünülməmiş addımlar atır. Bu cür davranışlar əksər hallarda əks effekt verir və beynəlxalq ictimaiyyət tərəfindən mənfi qarşılanır. Bu, həm də dünyada daha şəffaf, sivil və humanizm prinsiplərinə əsaslanan siyasətin tərəfdarlarının mövqeyinə mənfi təsir göstərir.

Azərbaycan isə bu prinsipləri daim nəzərə alır və öz siyasətini beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirir. Hesab edirəm ki, bundan sonra da atılan addımlar məhz bu çərçivədə davam edəcək.

R.Hüseynov vurğulayıb ki, İran prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində verilən mesajlar və atılan addımlar regionda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür diplomatik təmaslar qarşılıqlı etimadın güclənməsinə və risklərin azalmasına xidmət edir:

“Regionda mümkün təhlükələrin və gərginliklərin qarşısını almaq üçün diplomatik, təmkinli və düşünülmüş addımların atılması vacibdir. Əks halda, yaranan risklər həm ayrı-ayrı dövlətlərə, həm də ümumi regional sabitliyə mənfi təsir göstərə bilər. Əgər gələcəkdə bəzi ölkələr bu həssas məqamları nəzərə almasa, Azərbaycan öz milli maraqlarını qorumaq məqsədilə həm siyasi, həm də diplomatik müstəvidə adekvat addımlar atacaq. Bu gün Azərbaycan rəsmiləri müharibələrin qarşısının alınması, sülhün və sabitliyin təmin olunması üçün təşəbbüslərlə çıxış edirlər. Bu siyasət gələcəkdə də davam etdiriləcək və regionda balansın qorunmasına xidmət edəcək. Eyni zamanda, güclü dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın verdiyi töhfələr dünya miqyasında yüksək qiymətləndirilməlidir.

Nəticə etibarilə, bu məsələlərə yanaşarkən həm siyasi, həm də humanitar aspektlər nəzərə alınmalı, eyni zamanda qlobal və regional proseslər düzgün təhlil edilməlidir. Zaman amili də burada mühüm rol oynayır və bəzi məsələlərin qiymətləndirilməsi üçün proseslərin inkişafını gözləmək vacibdir”.

Chosen
8
hafta.az

1Sources