EN

Onlar burada özlərini evlərindəki kimi hiss edirlər Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bir gün

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 aprel, AZƏRTAC

Bakının mərkəzindəki səs-küydən uzaqda, Xəzər dənizinin sahilində, yaşıl əraziləri və sakitliyi ilə seçilən Bilgəh qəsəbəsində bir məkan var. Bu ünvanda xatirələri və taleləri ilə bəzən insanı düşündürən, bəzən ibrət götürməyə vadar edən, bəzən də qarışıq hislər yaşamaq məcburiyyətində qoyan ahıl insanlar yaşayırlar. Bura Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir.

1964-cü ildən fəaliyyət göstərən müəssisə 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi kimi işini davam etdirir. Burada müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib.

AZƏRTAC-ın əməkdaşları müəssisəyə gedərək, burada yaşayan ahıllarla söhbət ediblər. Onlardan biri aktyorluq istedadını və tütəkdə ifa etməsini, digəri dama oyunundakı bacarığını, başqa biri isə şahmat oyunundakı məharətini nümayiş etdirdi, eyni zamanda, həyat hekayələrini danışdılar. Ahıl yaşda olmalarına baxmayaraq, bacarıqları və pozitiv olmaları ilə bizi heyrətləndirdilər.

Evdə özümü yaxşı hiss etmədim, müəssisəyə gəldim

Müəssisədə yaşayan 84 yaşlı Ziyafər Vəliyeva deyir ki, əslən Kəlbəcər rayonunun Nadirxanlı kəndindəndir. Orada tibb bacısı ixtisası üzrə təhsil alıb. Tibb bacısı işləyib, sonra tikiş fabrikində fəaliyyət göstərib. 1973-cü ildə Bakıya köçüblər. 1991-ci ildə həyat yoldaşı 60 yaşında vəfat edib.

Ziyafər Vəliyevanın həyatı ağır itkilərlə yadda qalıb. O, ailə üzvlərini yol qəzasında itirib. Bu səbəbdən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə müraciət edib: “27 və 37 yaşlarında iki oğlum, 50 yaşlı qardaşım və 10-cu sinifdə oxuyan nəvəm Sabunçu dairəsində baş verən qəzada həlak olublar. O vaxt başıma çox döydüm, indi başımdan sanki çay axır, eşidə bilmirəm. Bu hadisədən bir müddət sonra evdə özümü yaxşı hiss etmədim, buraya gəldim. Üç ildir müəssisədəyəm”.

Buraya öyrəşmək çətin olmadı

79 yaşlı Xanlar Camiyev İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Həyatının böyük hissəsini zəhmətlə keçirib. Gənc yaşlarında Bakıya gələrək sürücü kimi fəaliyyətə başlayıb, ağır texnikaları idarə edib. O, həmçinin 20 Yanvar hadisələri zamanı Təcili Tibbi Yardım xidmətində sürücü kimi fəaliyyət göstərib. Həyat yoldaşını itirdikdən sonra Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gəlmək qərarını verən Camiyev artıq 8 ildir burada yaşayır: “Övladlarımın hərəsinin öz həyatı var, onlara yük olmaq istəmədim. Buraya öyrəşmək çətin olmadı. Hər şey insanın özündən asılıdır. Bizə çox yaxşı baxırlar, tez-tez konsertlərə aparırlar, qonaqlarımız olur. Xalq artistlərimiz tez-tez bizi ziyarət etməyə gəlirlər. Tibb işçilərimiz, təmizlik heyəti - hamısı öz işini yaxşı görür və burada yaşayan insanlara qayğı ilə yanaşırlar. Pensiyamı istədiyim kimi xərcləyirəm. Nəvəmə də pul göndərirəm”.

Xanlar Camiyev deyir ki, onun aktyorluq istedadı da var. Müxtəlif tədbirlərdə “Ulduz" filmindəki Məhəmməd obrazını canlandırıb, bundan əlavə, tütəkdə də ifa edə bilir.

Müəssisədə rahatlıq tapmışam

Rüxsarə Qasımovanın 78 yaşı var. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, ixtisasca pianoçudur. Bakıdakı orta məktəblərin birində 38 il direktor müavini işləyib.

O, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindəki həyatından razı olduğunu deyir. “Burada rahatlıq tapmışam. Gəzintiyə çıxıram, krossvord həll edirəm, dama oyunu oynayıram, şəhərə gedib-gəlirəm. İl yarımdır ki, burada yaşayıram. Həyatdır, hər şey olur. İndiki zamanda hər kəs ayrı yaşamaq istəyir. Hərənin öz həyatı var. Həyat yoldaşım sağ olanda yaxşı yaşamışam, hər yeri gəzmişəm.

Məktəbdə direktor müavini olmaq çətindir, yoruldum. Ona görə burada artıq istirahət edirəm. Səhərlər oyanıram, üç dəfə ərazini gəzirəm. Sonra səhər yeməyi yeyirəm, bir az televizora baxıram. Ardınca krossvord yazıram ki, yaddaşım pisləşməsin. Lazım olanda pensiyamla istədiyimi alıb yeyirəm, bişirirəm. Burada məni çox yaxşı qarşıladılar. Müəssisədə bizə qarşı çox səbirli davranırlar, işçilərdən çox razıyıq. Yanıma gəlirlər. Lazım olanda məni qonaq çağırırlar, aparıb gəzdirirlər. Həftədə bir dəfə məşqçi gəlib gimnastika dərsi keçir. Qrupumuzda 10 nəfər var. Biz ötən il 80-dən çox ölkə arasında keçirilən gimnastika yarışında birinci yer tutduq. Bu il də gimnastika üzrə yarışa gedəcəyik”, - deyə Rüxsarə nənə bildirir.

Darıxmağa vaxt qalmır

74 yaşlı Valeh Əbilov Bakı şəhərində anadan olub və uzun illər ingilis dili tərcüməçisi işləyib. Onun sözlərinə görə, əvvəlcə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşamağın çətin olacağını düşünsə də, zamanla fikri dəyişib: “Artıq üç ilə yaxındır buradayam. Müəssisədə ahıllara böyük qayğı göstərilir. Günlərimiz maraqlı keçir – şahmat oynayırıq, idman edirik, müxtəlif tədbirlərə qatılırıq. Həftədə bir dəfə gimnastika müəllimi gəlir və bizimlə məşğul olur. Buraya gəlmək qərarım ailə vəziyyətimlə bağlı oldu. İki qızım var. Əvvəl elə düşünürdüm ki, burada yaşamaq çətin olacaq. Amma zaman keçdikcə gördüm ki, əksinə, bura çox rahat yerdir. Burada ahıllara böyük diqqət və qayğı göstərilir. Bu da dövlətimizin bizə olan münasibətinin göstəricisidir”.

Valeh Əbilov qeyd edir ki, müəssisədə günləri çox maraqlı və səmərəli keçir: “Müxtəlif tədbirlər təşkil olunur, bizi konsertlərə və başqa məkanlara aparırlar. Darıxmağa demək olar ki, vaxt qalmır. Tez-tez qonaqlarımız da olur”.

Ahılların vaxtlarını səmərəli keçirmələri üçün çalışırıq

Müəssisənin direktor müavini Fərhad Osmanov bildirir ki, burada 225 ahıl yaşayır. Bunlardan 124-ü kişi, 101-i qadındır. Ən yaşlı sakin isə 94 yaşlı kişidir.

“Ahılların müəssisədə vaxtlarını səmərəli keçirmələri üçün çalışırıq. İlk növbədə, onların məskunlaşdıqları otaqlar bütün məişət avadanlıqları ilə təmin olunub. Onlara gündəlik qida rejimi, tibbi, sosial, psixoloji və digər məişət xidmətləri kompleks şəkildə göstərilir. Onlar ailə üzvləri, övladları və yaxınları ilə görüşürlər. Bunun üçün xüsusi “Görüş otaqları”mız var və burada heç bir məhdudiyyət yoxdur. Onlar həftənin istənilən günündə yaxınları ilə görüşə bilərlər. Ümumiyyətlə, burada ahılların sosial ünsiyyətinin səmərəli inkişafı əsas prioritetdir. Sosial-mədəni tədbirlər, bayramlar və xüsusi günlər üçün ardıcıl tədbirlər təşkil olunur və onlar bu tədbirlərdə aktiv iştirak edirlər. Onlar burada özlərini sanki şəxsi evlərindəki kimi hiss edirlər”, - deyə direktor müavini əlavə edir.

Fərhad Osmanov müəssisəyə qəbul qaydaları barədə də danışıb. Bildirib ki, müəssisəyə şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi ilə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllar qəbul edilir. Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə ərizə daxil olduğu gündən 10 iş günü müddətində şəxslərin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbat sosial işçi tərəfindən qiymətləndirilir və hesabat hazırlanaraq Sosial Xidmətlər Agentliyinə göndərilir. Beş iş günü müddətində agentlik tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunur.

Müxbir - Günel Türksoy

Fotoqraf- Səfiyar Məcnun

Videooperator- Namiq Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources