EN

Müharibələr fonunda seçilən Azərbaycan nümunəsi - 44 günə əldə olunan nəticə

Hazırda dünyanın bir sıra bölgələrində qaynar münaqişələr yaşanır və bu minlərlə insanların ölümünə səbəb olub. O cümlədən həmin münaqişələr səbəbindən yüz minlərlə insan öz ölkəsini tərk edərək köçkün həyatı yaşayır. Belə münaqişəyə xüsusən Rusiya-Ukrayna müharibəsini misal göstərmək olar. Rəsmi açıqlanan rəqəmlərə görə, 2022-ci ilin fevral ayından bəri Rusiya-Ukrayna arasında davam edən münaqişədə hər tərəfdən 1 milyondan çox insan itkisi qeydə alınıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Digər tərəfdən isə bu müharibənin nə zaman bitəcəyi hələ də sual altındadır və tərəflərdən heç biri ciddi güzəştlərə getmək də maraqlı deyil. Hər nə qədər də ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirməyə can atsa da hələ ki, onun diplomatik addımları nəticə vermir. Görünən odur ki, bu münaqişə bu il də davam edəcək. Avropa qitəsində davam edən münaqişə azmış kimi, bəşəriyyət digər ABŞ-İsrail və İran müharibəsinin ağrılarını da yaşayır. Çünki tərəflər arasında fevralın sonunda baş verən münaqişədə hər üç ölkənin iqtisadi itkiləri 30 milyard dollardan çox qiymətləndirilir ki, bu da çox fantastik bir göstəricidir. Bundan əlavə İranın Hörmüz boğazına nəzarət etməsi səbəbindən dünyada neft və qazın qiymətləri durmadan qalxır və bu da dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. Baxmayaraq ki, ötən gün ABŞ və İran atəşkəs razılaşması əldə etsələr də, çox ehtimal ki, tərəflər arasında heç bir uzlaşma baş verməyəcək və Yaxın Şərqdəki münaqişə yenidən alovlanacaq. Çünki ötən il tərəflər arasında 12 günlük müharibədən sonra atəşkəs şərti qəbul olunsa da, ABŞ və İsrail fevralın sonunda İrana yenidən hücum etdi. 

Belə bir qeyri-sabit dövrdə Azərbaycanın 44 gün ərzində Ermənistan üzərində qazandığı parlaq qələbə yaddaşlardan silinmir. Azərbaycan Ordusu bu münaqişədə yüksək peşəkarlıq və qətiyyət göstərərək qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirdi.

Münaqişə zamanı Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn tələblərinə riayət edərək mülki əhalinin təhlükəsizliyini daim prioritet saxladı və onların həyatına təhlükə yarada biləcək addımlardan çəkinirdi. Bu amil sözügedən münaqişəni digər bölgələrdə yaşanan silahlı qarşıdurmalardan aydın şəkildə fərqləndirir.Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi xüsusi qeyd olunmalıdır. Mənfur düşmənin Gəncə, Tərtər və Tovuz şəhərlərində mülki insanların həlak olması ilə nəticələnən raket hücumlarına baxmayaraq, dövlət başçısı emosional addımlardan uzaq duraraq heç bir təxribat xarakterli qərara yol vermədi.Prezident dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan erməni əsilli mülki şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməklə ölkənin digər vətəndaşları ilə bərabər hüquqlara malik olaraq təhlükəsiz və rahat şəraitdə yaşaya bilərlər.Həmçinin, antiterror tədbirlərindən sonra verilən tapşırıqlar əsasında bölgədə yaşayan erməni mülki əhalinin könüllü şəkildə ərazini tərk etməsi üçün bütün zəruri şərait yaradıldı və onların təhlükəsiz şəkildə çıxışı təmin olundu.

Beləliklə, müasir dünyada davam edən qanlı münaqişələr fonunda Azərbaycanın nümayiş etdirdiyi yanaşma həm hərbi, həm də humanitar baxımdan fərqli model kimi diqqət çəkir. Bu təcrübə bir daha göstərir ki, güc yalnız döyüş meydanında deyil, eyni zamanda ədalətli və məsuliyyətli qərarlarla ölçülür. Azərbaycanın atdığı addımlar isə regionda uzunmüddətli sülh və sabitliyin mümkünlüyünü ortaya qoyan mühüm nümunə kimi qiymətləndirilə bilər.Daşqın HəsənovMissiya.Az

Chosen
32
missiya.az

1Sources