Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026". (QS Higher Education Summit China) sammitində iştirak edir.
AzEdu.az xəbər verir ki, 8-9 aprel tarixlərində keçirilən beynəlxalq sammitdə ADNSU-nun rektoru, dosent Rüfət
Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə iştirak ediblər.
Sammit çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə “Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur” mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.
Müzakirələrdə rektor, dosent Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) Tədqiqatlar üzrə prorektoru Prof. Dr. Norfilza Mohd Mokhtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin Qlobal işlər üzrə prorektoru Prof. Geoffrey Qiping Shen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru Prof. Ken Neil iştirak ediblər. Müzakirələr zamanı rektor, dosent Rüfət Əzizov və digər beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Xüsusilə, fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universiteti arasında ikitərəfli görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və BİNUS Universitetinin rektoru Dr. Nelly S. Kom. ilə aparılan müzakirələr zamanı tərəflər arasında elmi tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Xüsusən də doktorantların qısamüddətli elmi tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib.
Görüşdə həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 20–30 ölkədən 150–200-ə yaxın universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edib.
Qeyd edək ki, ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir.
Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual
mövzular müzakirə olunur.
