EN

Lavrovdan Ukrayna etirafı – "ABŞ-la gizli və qeyri-rəsmi təmaslarımız davam edir"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün — 9 aprel 2026-cı il tarixində jurnalistlərə verdiyi açıqlamada Ukrayna mövzusunda Moskva və Vaşinqton arasında qeyri-rəsmi və konfidensial kanalların hələ də aktiv olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Lavrov bu təmasların Kreml sözçüsü Dmitri Peskovun da dəfələrlə qeyd etdiyi "arxa qapı" diplomatiyası çərçivəsində davam etdiyini vurğulayıb.

Lavrov bildirib ki, hazırda Ukrayna istiqamətində müəyyən bir durğunluq yaranıb. Bunun səbəbi isə amerikalı vasitəçilərin (Tramp administrasiyasının heyəti) bütün diqqətini İranla bağlı böhrana və Hörmüz boğazındakı vəziyyətə yönəltməsidir.

Nazirin sözlərinə görə, ABŞ-ın xarici siyasətində bütün mühüm istiqamətlər üzrə eyni vasitəçi qrupu (Vens, Rubio, Kuşner heyəti nəzərdə tutulur) işləyir. İrana görə yaranan gərginlik səbəbindən Ukrayna mövzusunda "müəyyən pauza" yaranıb.

Lavrov uzun müddətdir ki, rəsmi dialoqun bərpası üçün xüsusi bir perspektiv görmədiklərini, lakin məlumat mübadiləsinin dayandırılmadığını qeyd edib. O, Rusiyanın "xüsusi hərbi əməliyyat"ın diplomatik müşayiətini təmin etmək üçün öz vəzifələri üzərində işləməyə davam etdiyini bildirib.

 Qeyd edək ki, bu ilin əvvəlində Əbu-Dabi və Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə üç raund sülh danışıqları keçirilsə də, mart ayında İran-İsrail qarşıdurmasının kəskinləşməsi bu prosesi dondurub.

Lavrovun bu açıqlaması Qərbdə "Ukrayna unudulurmu?" suallarını yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, Vaşinqtonun Yaxın Şərqə fokuslanması Moskva üçün Ukrayna cəbhəsində diplomatik manevr imkanlarını genişləndirir. Hazırda tərəflər aprelin 10-da İslamabadda keçiriləcək İran-ABŞ görüşündən sonra Ukrayna mövzusunun yenidən masaya qayıdıb-qayıtmayacağını gözləyirlər.

Musavat.com

Chosen
35
musavat.com

1Sources