EN

Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini "Report"un fəaliyyəti ilə tanış olub

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 9-da "Report" İnformasiya Agentliyində olub.

Nümayəndə heyətinin tərkibinə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev və Qazaxıstanın Bakıdakı səfirliyinin attaşesi Temirlan Baxıtjan daxil olub.

"Report"un direktoru Fuad Hüseynəliyev görüşdə informasiya agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxil olan "Report" öz işində məlumatın dəqiq çatdırılması prinsipini rəhbər tutur və bunun sayəsində bu gün Azərbaycanda ən çox istinad edilən media qurumudur. Agentliyin direktoru, həmçinin holdinqin strukturuna daxil olan şirkətlər barədə də danışıb.

Bu kontekstdə F.Hüseynəliyev vurğulayıb ki, "Global Media Group"un strukturuna daxil olan "Report" və "Baku TV" telekanalı ötən ilin payızında Qazaxıstanın ən böyük media resurslarından biri - "Xabar" Agentliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Nazir müavini Rüstəm Əli isə öz növbəsində Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən, Bakıda keçirilən görüşlərdən bəhs edib, ölkələr arasında media sahəsində fəal əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, ölkələrimizin bu sahədə qarşılıqlı əlaqələri genişləndirmək üçün potensialı var.

"Təşəbbüslərə gəldikdə isə bu il kütləvi informasiya sahəsində fəal işlə yanaşı, rəqəmsallaşma üzrə də xeyli sayda layihə həyata keçirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu istiqamətə, o cümlədən süni intellekt texnologiyalarının bütün sahələrdə tətbiqinə xüsusi diqqət yetirir. Bununla əlaqədar olaraq, biz də əməkdaşlığın inkişafında və müvafiq təşəbbüslərin təşviqində maraqlıyıq. Hesab edirik ki, bu istiqamətdə yol xəritəsinin işlənib hazırlanması zəruridir", - o bildirib.

Rüstəm Əli vurğulayıb ki, Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə 2026-cı il Qazaxıstanda "Rəqəmsallaşma və süni intellekt ili" elan edilib. Nazir müavininin sözlərinə görə, Prezident K.Tokayev Qazaxıstan xalqına müraciətində qeyd edib ki, ölkə qarşısında üç il ərzində tam rəqəmsal ölkəyə çevrilmək vəzifəsi qoyulub. Süni intellektin tətbiqi əmək məhsuldarlığının artmasına, ixracyönümlü sektorların formalaşmasına və Qazaxıstanın rəqəmsal iqtisadiyyatın qlobal zəncirlərinə inteqrasiyasına töhfə verərək iqtisadi inkişafın əsas halqasına çevrilməlidir.

O, həmçinin qeyd edib ki, Qazaxıstanda süni intellekt sahəsində layihələr həyata keçirən uğurlu şirkətlər mövcuddur. Əlavə edib ki, bu şirkətlər Türk Dövlətləri Təşkilatı ölkələrində də fəaliyyət göstərir.

Qazaxıstan XİN-in nümayəndəsi Erlan Jetibayev isə öz növbəsində vurğulayıb ki, xarici siyasət idarəsi ölkədə akkreditə olunmuş xarici müxbirlərlə işə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, XİN və Qazaxıstanın digər dövlət orqanları xarici ölkələrdən olan jurnalistlərin sorğularına operativ cavab verməyə çalışır ki, bu da ölkə haqqında obyektiv informasiyanın yayılmasına şərait yaradır.

Görüşdə "Report"un baş redaktoru Namiq Mayılov süni intellektdən xəbər istehsalı aləti kimi deyil, jurnalistlərin işini dəstəkləməyə və asanlaşdırmağa xidmət edən köməkçi vasitə kimi istifadə olunmasının zəruriliyini vurğulayıb.

Müzakirələr zamanı, həmçinin ölkələr arasında mədəniyyətlərarası qarşılıqlı əlaqənin əhəmiyyəti mövzusuna toxunulub, Azərbaycan və Qazaxıstandakı gənclərin ölkələrin mədəniyyətinə və tarixi irsinə qarşılıqlı marağı vurğulanıb.

Baş redaktorun müavini Anar Əzizov xatırladıb ki, Bakının mərkəzində, Dənizkənarı Bulvarda 2026-cı ilin mart ayında Qazaxıstan səfirliyi tərəfindən Novruz bayramına həsr olunan, sakinlərin və şəhər qonaqlarının böyük marağına, eləcə də fəal iştirakına səbəb olan kütləvi mədəni tədbir təşkil edilib.

Bundan əlavə, tərəflər iki ölkə arasında formalaşmış dostluq və etimad səviyyəsini yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahələrdə onların dayanıqlı və ardıcıl xarakterini vurğulayıblar. Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət, bərabərhüquqluluq və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslandığını qeyd eediblər.

F.Hüseynəliyev görüşdə həmçinin Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Qazaxıstan tərəfinə göstərdikləri həmrəylik və dəstəyə görə minnətdarlığını bildirib. Agentliyin direktoru Qazaxıstan vətəndaşlarının, eləcə də müxtəlif qurumlarının xilasetmə əməliyyatının həyata keçirilməsində və bu faciəvi hadisənin obyektiv, şəffaf şəkildə araşdırılmasının təmin edilməsindəki göstərdikləri köməyi diqqətə çatdırıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti redaksiyada yaradılmış şərait və agentliyin fəaliyyəti ilə tanış olub.

Chosen
20
far.az

1Sources