Bloomberg: Pxenyan geniş ərazilərdə elektrik şəbəkələrini sıradan çıxara biləcək silahları test edib...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yaydığı məlumata əsasən, Şimali Koreya beynəlxalq diqqətin əsasən İran ətrafındakı hadisələrə yönəldiyi bir vaxtda ən son hərbi texnologiyalarının sınağını həyata keçirib. Bildirilir ki, Pxenyan elektromaqnit silahı və karbon lifindən hazırlanmış xüsusi bomba növünü test etdiyini açıqlayıb.
Məlumata görə, bu silahların əsas məqsədi geniş ərazilərdə elektrik təchizatı sistemlərini sıradan çıxarmaq, nəticədə böyük miqyaslı “blekaut” — yəni elektrik enerjisinin tam kəsilməsi vəziyyəti yaratmaqdır. Elektromaqnit silahları ənənəvi partlayıcı maddələrdən fərqli olaraq, yüksək güclü elektromaqnit impulsları vasitəsilə enerji şəbəkələrini və elektron sistemləri zədələyir.
Şimali Koreya lideri Kim Çen In bu silahların “strateji xarakter daşıyan xüsusi aktivlər” olduğunu vurğulayaraq, onların müxtəlif hərbi vasitələrlə kombinə edilərək fərqli sahələrdə istifadə olunacağını bildirib. Onun sözlərinə görə, bu texnologiyalar ölkənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırır.
Ekspertlər hesab edir ki, bu cür silahların inkişafı regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər və müasir müharibə konsepsiyalarında enerji infrastrukturlarının hədəfə alınması tendensiyasını gücləndirir. Bu isə həm hərbi, həm də mülki sistemlər üçün əlavə risklər yaradır.
Poliqon.info