EN

Yaxın Şərqdə gərginlik fonunda neftin bahalaşması Azərbaycana necə təsir göstərəcək? - TƏHLİL

Son həftələrdə qlobal enerji bazarları yenidən geosiyasətin sərt küləkləri ilə üz-üzə qalıb. Yaxın Şərqdə gərginliyin kəskinləşməsi, ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi, eləcə də dünya neft tədarükünün strateji arteriyası sayılan Hörmüz boğazı ətrafında risklərin artması bazarlarda narahatlığı pik həddə çatdırıb. Bunun fonunda neft qiymətləri siyasi qərarların və hərbi risklərin diktə etdiyi yeni bir mərhələyə qədəm qoyub.

Məhz bu səbəbdən bazar iştirakçıları üçün əsas suallardan biri dəyişməz qalır: Hörmüz boğazında hər hansı məhdudiyyət və ya bağlanma ehtimalı nə qədər realdır? Çünki dəniz yolu ilə daşınan qlobal xam neftin təxminən beşdə biri məhz bu marşrutdan keçir və burada baş verə biləcək istənilən fasilə ani təklif şoku yaradaraq qiymətləri sürətlə yuxarı çəkə bilər. Son hadisələr də bunu bir daha təsdiqlədi - ABŞ-İran qarşıdurması fonunda "Brent" markalı neftin qiyməti kəskin sıçrayış nümayiş etdirdi.

Yaxın Şərqdəki gərginlik Azərbaycan üçün də kənarda qalan proses deyil. Əksinə, bu dalğalanmalar birbaşa ölkənin əsas ixrac məhsulu olan "Azeri Light" neftinin qiymətində özünü göstərir. ABŞ və İran arasında münaqişənin aktiv fazaya keçdiyi fevralın 28-dən sonra Azərbaycan neftinin qiyməti 72,75 dollardan 141,68 dollara qədər yüksələrək rekord səviyyələrə yaxınlaşıb. Lakin atəşkəs razılaşmasının əldə olunması ilə bazarlarda nisbi sakitləşmə müşahidə olunub və qiymətlər tədricən geriləməyə başlayıb. Bu isə bir daha göstərir ki, neft bazarı iqtisadi proseslərlə yanaşı, həm də siyasi impulslarla idarə olunan həssas bir sistemdir.

 

Real qazanc, yoxsa illüziya?

İlk baxışda belə görünə bilər ki, neft qiymətlərinin yüksəlməsi Azərbaycan üçün avtomatik olaraq daha çox gəlir deməkdir. Xüsusilə də nəzərə alsaq ki, 2026-cı il dövlət büdcəsində neftin bir bareli ehtiyatlı şəkildə 65 ABŞ dolları səviyyəsində götürülüb. Bu fonda bazar qiymətlərinin kəskin şəkildə yüksəlməsi ictimai müzakirələrdə "əlavə gəlir dalğası" gözləntilərini artırır.

Lakin məsələ bu qədər sadə deyil. Daha geniş iqtisadi prizmadan baxdıqda aydın olur ki, qısamüddətli qiymət sıçrayışları ilə dövlət büdcəsinin real gəlirləri arasında birbaşa və dərhal əlaqə formalaşmır. Bunun əsas səbəbi isə büdcə planlaşdırmasının mahiyyətində gizlidir.

Azərbaycanın dövlət maliyyə siyasəti neft qiymətlərinin yüksək volatilliyini nəzərə alaraq ehtiyatlı yanaşma üzərində qurulub. Büdcədə götürülən baza qiyməti mümkün riskləri sığortalamaq məqsədi daşıyır. Çünki enerji bazarlarında qısamüddətli bahalaşmaların davamlı olub-olmayacağı əvvəlcədən dəqiq proqnozlaşdırıla bilmir və bu cür dalğalanmalar üzərində uzunmüddətli fiskal siyasət qurmaq risklidir.

image_1775750582792.jpg

Əslində, 2025-ci ilin sonu və 2026-cı ilin əvvəllərində bazarın ümumi trayektoriyası tam fərqli idi. Qeyri-OPEC+ ölkələrində hasilatın artması, OPEC+ çərçivəsində məhdudiyyətlərin tədricən yumşaldılması və qlobal tələbin zəifləməsi fonunda gündəlik təxminən 2 milyon barel həcmində təklif artıqlığı gözlənilirdi. Beynəlxalq təşkilatların proqnozları da məhz bu reallığa əsaslanaraq neftin qiymətini 60 dollar və daha aşağı səviyyədə qiymətləndirirdi.

Nəticə etibarilə həm dövlət büdcəsi, həm də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə planlaması bu daha mühafizəkar ssenariyə uyğun şəkildə formalaşdırılıb. Bu isə o deməkdir ki, bugünkü qiymət sıçrayışları iqtisadi sistem üçün müəyyən əlavə imkanlar yaratsa da, onların uzunmüddətli fiskal effektə çevrilməsi üçün davamlılıq əsas şərt olaraq qalır.

Beləliklə, hazırkı bahalaşmanı ani gəlir artımından daha çox, yüksək risklərlə müşayiət olunan müvəqqəti fürsət kimi qiymətləndirmək daha doğru yanaşma olardı.

Dəyişkən bazarın siqnalları

Enerji bazarları öz təbiəti etibarilə sabitlikdən çox dəyişkənlik üzərində qurulub. Qiymətlər iqtisadi göstəricilərlə yanaşı, geosiyasi proseslər, qlobal iqtisadi artım tempi, tələb və təklif balansı, texnoloji transformasiyalar və hətta bazar gözləntiləri ilə formalaşır. Bu səbəbdən qısamüddətli qiymət sıçrayışlarını uzunmüddətli və sabit gəlir mənbəyi kimi qəbul etmək iqtisadi baxımdan əsaslı yanaşma sayılmır.

image_1775750602070.jpg

Bunu beynəlxalq maliyyə institutlarının proqnozlarında da aydın görmək mümkündür. 2026-cı ilin yanvarında "S&P Global" beynəlxalq reytinq agentliyi "Brent" markalı neft üçün illik orta qiyməti 58 dollar səviyyəsində qiymətləndirirdi. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) bu göstəricini 56 dollar, "Goldman Sachs" 56 dollar, "ING Group" 57 dollar, "Citigroup" 62 dollar, "Bank of America" isə 60 dollar səviyyəsində proqnozlaşdırmışdı.

Lakin Yaxın Şərqdə hərbi eskalasiyanın başlaması ilə bu qiymətləndirmələr sürətlə yenidən nəzərdən keçirildi və müvafiq olaraq 87, 79, 85, 68, 83 və 77 dollar/barel səviyyəsinə yüksəldi. Bu dinamika bir daha təsdiqləyir ki, neft bazarı proqnozlardan çox, reallıqda baş verən hadisələrin təsiri altında formalaşır.

Qiymət dinamikası

Kotirovka

Fevral orta qiymət

Mart orta qiymət

Artım %

Brent (Dated)

$71,15

$103,89

46,02

Azeri Lt CIF

$71,08

$107,56

51,32

BTC FOB Ceyhan

$68,51

$102,89

50,18

Bu kontekstdə "Azeri Light" markalı neftin orta satış qiymətinin fevral ayı ilə müqayisədə martda 51,32 % artması diqqətçəkici olsa da, bu artımın dövlət maliyyəsinə təsiri məhduddur. Çünki 2026-cı ilin dövlət büdcəsi əvvəlki ilin proqnozları əsasında formalaşdırılıb və cari qiymət sıçrayışları hələlik büdcə gəlirlərində əhəmiyyətli genişlənmə yaratmır.

İlkin hesablamalara görə, 2026-cı ilin ilk rübündə neft gəlirlərinin artımı təxminən 20 % və ya 360 milyon manat səviyyəsində qiymətləndirilir ki, bu da ümumi fiskal mənzərəni kəskin dəyişdirən göstərici deyil.

Hasilat, xərclər və uzunmüddətli strategiya

Enerji sektorunda gəlirləri yalnız qiymətlər müəyyən etmir. Hasilat həcmləri, mövcud müqavilə öhdəlikləri, ixrac marşrutları, texniki və əməliyyat xərcləri, eləcə də iri investisiya proqramları yekun maliyyə nəticələrinə birbaşa təsir göstərir.

Əldə olunan gəlirlərin mühüm hissəsi hasilatın sabit saxlanılmasına, yeni yataqların işlənməsinə, infrastrukturun modernləşdirilməsinə və gələcək dövrlər üçün resurs bazasının genişləndirilməsinə yönəldilir. Bu isə enerji gəlirlərinin qısamüddətli istehlak deyil, uzunmüddətli dayanıqlılıq prinsipi əsasında idarə olunduğunu göstərir.

Bu çərçivədə əlavə gəlirlərin əhəmiyyətli hissəsi Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun əsas missiyası karbohidrogen gəlirlərinin səmərəli və məsuliyyətli idarə olunmasını təmin etməkdir. Bu mexanizm bir neçə strateji məqsədə xidmət edir.

İlk növbədə, bu yanaşma makroiqtisadi sabitliyin qorunmasına imkan yaradır. Enerji bazarlarında qiymətlərin dalğalanması qaçılmazdır və ehtiyatların formalaşdırılması gələcəkdə mümkün enişlər zamanı dövlət xərclərinin sabit qalmasını təmin edir. Digər tərəfdən, neft və qaz ehtiyatlarının məhdudluğu fonunda gəlirlərin bir hissəsinin qorunması nəsillərarası ədalətli bölgü prinsipini təmin edir.

Eyni zamanda ARDNF-in vəsaitləri strateji istiqamətlərə - infrastruktur layihələrinə, nəqliyyat dəhlizlərinə, enerji təhlükəsizliyinə, təhsilə, sosial proqramlara və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilir. Bu isə resurs gəlirlərinin iqtisadi inkişafın daha geniş spektrinə transformasiyasını təmin edir.

Qlobal bahalaşma fonunda daxili sabitlik

Dünya bazarlarında neftin bahalaşması, adətən, yanacaq məhsullarının qiymətlərində də artımla müşayiət olunur. Bir çox ölkələrdə benzin və dizel qiymətləri bazar mexanizmləri ilə müəyyənləşdiyi üçün neft bahalaşdıqca daxili qiymətlər də yüksəlir. ABŞ və Avropa ölkələrində son aylarda müşahidə olunan kəskin artım bunu bir daha sübut edir.

EIA-nın məlumatına əsasən, ABŞ-da benzinin orta qiyməti yanvarda 2,936 dollar olduğu halda, fevralda 3,039 dollara, martda isə 3,771 dollar/qalona yüksəlib. Bu, cəmi iki ay ərzində təxminən 28 %-lik artım deməkdir və nəticə etibarilə nəqliyyat xərclərindən başlayaraq istehsal və ümumi yaşayış xərclərinə qədər geniş təsir yaradır.

Azərbaycanda isə fərqli model tətbiq olunur. Dövlətin tənzimləyici mexanizmləri sayəsində əsas yanacaq növlərinin qiymətləri sabit saxlanılır. Bu yanaşma əhalinin sosial rifahının qorunmasına, sahibkarların xərclərinin artmasının qarşısının alınmasına və inflyasiya təzyiqlərinin məhdudlaşdırılmasına xidmət edir.

Eyni prinsip təbii qaz bazarında da özünü göstərir. Qlobal bazarlarda qaz qiymətləri artsa da, ölkə daxilində tariflərin sabit saxlanılması enerji xərclərinin kəskin artmasının qarşısını alır və sosial balansı qoruyur.

Mövcud faktiki qiymətləri nəzərə alaraq hesablamalar göstərir ki, "Brent" markalı neftin aprel ayı üçün orta qiyməti 90 dollar, ilin qalan dövrü üçün isə 70 dollar götürüldükdə, 2026-cı il üzrə orta illik qiymət təxminən 73,8 dollar/barel təşkil edə bilər. Bu isə büdcədə nəzərdə tutulmuş baza ssenaridən yüksək olsa da, əhəmiyyətli əlavə gəlir effekti yaratmaq üçün kifayət qədər davamlı deyil.

Üstəlik, hazırkı geosiyasi mühit yüksək qeyri-müəyyənliklə xarakterizə olunur. Qiymətlər necə sürətlə yüksəlirsə, eyni sürətlə də enə bilər. Belə şəraitdə əsas prioritet qısamüddətli qazanc deyil, makroiqtisadi sabitliyin qorunmasıdır.

Beləliklə, Azərbaycanın yanaşması aydındır: enerji bazarlarında dalğalanmalar fonunda riskləri minimuma endirmək, sosial rifahı qorumaq və uzunmüddətli inkişafı təmin etmək. Yanacaq və qaz qiymətlərinin sabit saxlanılması isə bu siyasətin ən görünən və vətəndaşlara birbaşa təsir edən elementlərindən biri kimi çıxış edir.

Chosen
21
2
musavat.com

3Sources