EN

Azər Allahverənov: Müxtəlif KİV lərdə gündəmə gətirilən “soydaş haqqında” qanun layihəsinə müsbət yanaşmanın sərgiləndiyini görürük

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xaricdə yaşayan soydaşlarımız hüquqi boşluq və dəstək çatışmazlığı ilə üzləşir. Bu, onların gündəlik həyatında ciddi problemlər yaradır. Məsələn, Gürcüstandakı azərbaycanlı soydaşlarımız iki dövlət arasında “yetim” qalmış vəziyyətdədir. Orada gürcü kimi hüquqları yoxdur, Azərbaycanda isə azərbaycanlı kimi tanınmırlar, hətta adlarının fərqli yazılması belə onların sənədləşmə prosesini çətinləşdirir. “Soydaş haqqında” qanunun olmaması hüquqi, sosial və mədəni müdafiənin təmin edilməsini əngəlləyir. Belə bir qanun qəbul edilsə, soydaşlarımızın problemləri həll olunacaq və onlara hüquqi, sosial və mədəni dəstək təmin ediləcək.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “soydaş haqqında” qanun layihəsi müxtəlif dövrlərdə bu və ya digər səviyyələrdə geniş müzakirə olunurdu: “Hətta zamanında bu qanun layihəsi ilə bağlı mən də öz təşkilatımızın xətti ilə bəzi təkliflərimi vermişdim və bildiyim qədər müxtəlif qurumlarda, ictimai təşkilatlarda bu qanun ətrafında müzakirələr aparılıb”.

“İstənilən halda, bu da başa düşüləndir ki, bu gün soydaşlarımızla bağlı mövcud ayrıca bir qanunun qəbul olunması fikri geniş əhali tərəfindən, xüsusilə də bizə qonşu olan dövlətlərdə yaşayan soydaşlarımızın maraqlarına cavab verən və eyni zamanda, hər zaman onlar tərəfindən xüsusilə təqdir olunan bir yanaşmadır. Amma hələlik bu qanun layihəsi səviyyəsindədir. Bu qanun layihəsinə dair təşəbbüslə hər hansı bir çıxış olarsa və bu qanun layihəsi ən azından mənim təmsil olunduğum komitələrə təqdim olunarsa, bunlarla bağlı təbii ki, mən öz fikrimi bildirəcəyəm”-deyə deputat vurğulayıb.

Azər Allahverənov bildirib ki, Azərbaycanda ayrı-ayrı dövlət qurumları, bilavasitə xaricdə yaşayan soydaşlarımızla bağlı bir sıra fəaliyyətlər həyata keçirir və bu fəaliyyətlər də, şübhəsiz ki, normativ bazaya söykənir: “Bir sıra qanunlar var ki, o qanunlarda ayrı-ayrı elementlər (başlıca olaraq Azərbaycan Respublikasının Konstitusiyası, Miqrasiya Məcəlləsində ayrıca bir maddə var) mövcuddur. Bu qanunlar xarici ölkələrdə yaşayan bizim vətəndaşların yerli cəmiyyətə inteqrasiyası və tədbirlərin həyata keçirilməsi ilə bağlı müddəaları özündə ehtiva edir. Yəni bu kimi yanaşmalar var. Bu mövzu zaman-zaman kütləvi informasiya vasitələrində işıqlandırılır və əsasən də bu məsələyə müsbət yanaşmanın sərgiləndiyini görürük”.

Deputat ümid edir ki, məsələ üzrə qanun layihəsinin irəli sürülməsi təşəbbüsü baş verəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
bizimyol.info

1Sources