EN

İcra başçısının həbsdə olan kənd üzrə nümayəndəsi yenidən məhkəmə qarşısına çıxarılır

Məcburi əməkdə təqsirləndirilən Nəsib Nəsibov və Sənubər Cəfərovanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Nəsib Nəsibov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, Sənubər Cəfərovanın ərinin bacısı oğlu R.Cəfərovu məcburi əməyə cəlb edib. Valideynlərini uşaq yaşlarından itirmiş, yüngül dərəcəli əqli gerilik xəstəliyi olan zərərçəkmiş R.Cəfərov qardaş və bacıları ilə birlikdə dayısının himayəsində böyüyüb. Ferması olan Nəsib isə 2016-cı ildən 2021-ci ilə qədər R.Cəfərovu Sənubərə ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar edib. Belə ki, qadın onu 2016-cı ilin sonlarında Nəsibin yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil verib. R.Cəfərov vəzifəli şəxsin fermasında əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən çalışıb. R.Cəfərovun şikayətindən sonra isə hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protesti və apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməyib. Dövlət ittihamçısının isə kassasiya protesti qismən, Nəsib Nəsibova aid hissədə təmin olunub. Belə ki, onunla bağlı çıxarılan hökm və qərar kassasiya protestinə münasibətdə ləğv edilib, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarına görə, apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən Nəsib Nəsibova münasibətdə dəyişdirilib. O, Cinayət Məcəlləsinin (CM) 144-2.2.5 və 144-2.2.6-cı maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasına dair CM-in 70-ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric olunub. Nəsib Nəsibov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbsə alınıb.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 09:22   
Chosen
14
50
pravda.az

10Sources